Uyğur türkləri ilə bağlı şok iddialar

  • 07 yan 2019, 23:28

Elxan Şahinoğlu: "Uyğurları aşağılamaq yolverilməzdir”; Əhəd Məmmədli: "Uyğur türklərinə atılan ittihamlar cəfəngiyatdır”

Çin rejiminin uyğur türkləri ilə bağlı tez-tez atdığı sərt addımlar, onlara qarşı zorakılıq hallarına yol verməsi, zindanlara doldurması müsəlman dünyasında etiraz doğurur. Çin hökumətinin bu etnik millətə qarşı qəddar mövqeyi ilə bağlı müxtəlif fikirlər səslənir.

Uyğur türklərinin güclənməməsi üçün bu cür sərt tədbirlərin görüldüyü barədə deyilənlər çoxluq təşkil edir. Amma bununla belə uyğurların bir qisminin Çində soyğunçuluq, zorakılıq hallarına yol verdikləri və bundan hökumətin istifadə edib belə cəza tədbirləri gördükləri iddia olunur. Bu ölkəyə ticarətlə məşğul olmaq üçün gedənlərin soyğunçuluğa daha çox uyğurlar tərəfindən məruz qaldıqları qeyd olunur.

Bu fikirləri tənqid edənlər də az deyil. Onlar hesab edirlər ki, belə iddiaları irəli sürənlərin məqsədi iz azdırmaqdır. Çinə gedib-gələnlərin bu rejimin təsiri altına düşdüklərini düşünənlər də var.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, hər millətin yaxşısı da var, pisi də:"Məsələn qaraçılar haqqında deyirlər ki, oğurluqla məşğul olurlar, dilənçidirlər və s. Bu yanaşmanın özü də yanlışdır. Qaraçılar bütün dünyaya səpələniblər, əlbəttə, gördüklərimizin bir hissəsi küçələrdə dilənçiliklə məşğuldur. Ancaq bunu əlimizdə rəhbər tutaraq qaraçıları millət olaraq aşağılamaq doğru deyil. Qanunlara hörmət edib halal pul qazanan qaraçılar yoxdurmu? Əlbəttə ki, var. Eyni sözlər Çində yaşayan uyğurlara da aiddir. Mümkündür ki, Çində oğurluq halları daha çox uyğurların yaşadığı ərazidə qeydə alınır. Ancaq Çində yaşayan uyğurların sayı milyonlarladır və onların əksəriyyəti heç də oğurluq və zorakılıqla məşğul olmur. Bəlkə də Çindəki hansısa siyasi mərkəzlər qəsdən uyğurları aşağılayan xəbərləri yayırlar ki, onların dünyanın gözündən salsınlar, haqları uğrunda mübarizələrini arxa plana atsınlar. Uyğurlar bu qədər pis işlərlə məşğul olsaydılar Çində bizneslə məşğul olan azərbaycanlıların əksəriyyəti məhz uyğurların yaşadığı Urumçi və digər şəhərlərdə alverlə məşğul olmazdılar.

Əksinə, Çində varlanan azərbaycanlılar uyğurlara minnətdar olmalıdırlar. Azərbaycanlı ticarətçilər içərisində də heç də hamı təmiz alver etmir. Məsələn, dəfələrlə eşitmişəm ki, hansısa azərbaycanlı Çində yaşayan uyğuru inandırıb ondan böyük miqdarda mal alıb və satıb, ancaq daha sonra pulu verməyərək "aradan çıxıb”. Hətta belə biznesmenləri gəlib Bakıda axtaran çinlilər də olub. Yəni eyni sözlər bizim millətə də aiddir. Təmiz ticarət aparan azərbaycanlılarla yanaşı çinli və uyğun şərikini aldatmağa çalışan işbazlarımız da var və buna aid misallar kifayət qədərdir. Çində kimlərinsə uydurduğu "uyğurlar yol kəsəndir, oğrudur” şayiəsinə inanmamalıyıq. Uyğurlar bizim qardaşlarımızdır, bir hissəsi avtoritar ölkədə haqlarının artırılması uğrunda mübarizə aparırlar. Bu isə Pekinin xoşuna gəlmir. Çindəki rejim uyğurları küçədən tutub həbs düşərgələrinə yerləşdirir. Bunu bütün dünya bilir. Uyğurların getdikləri məscidlər nəzarət altındadır. Uyğurların yaşadıqları ərazilər zorla çinləşdirilir. Pekin isə diqqəti yayındırmaq üçün uyğurlar haqqında olmazın şayiələrini yayır, onların hamısını islamçı radikal kimi qələmə verir. Bəli, uyğurlar içərisində radikallar var, terrorçu qruplar şəklində Suriyada savaşanlar da az deyil. Ancaq bunlar uyğurların heç yüzdə birini təşkil etmir. Bu yüzdə biri əlində rəhbər tutub uyğurları aşağılamaq yolverilməzdir”.

Politoloq Əhəd Məmmədli bildirdi ki, uyğur türkləri Çində aparteid rejimi yaşayırlar: "Təəssüf ki, nə türk cümhuriyyətləri, nə islam, nə də beynəlxalq dünya lazımi səviyyədə buna səs çıxarmırlar. Cənubi Afrika Respublikasında ağdərilərin rejiminin qaradərililərə etdiyi pisliklərin Çin kommunist rejimi qat-qat betərini uyğur türklərinə edir. Dünya isə buna səssizdir. Təsəvvür edin ki, hər türk-müsəlman ailəsinə bir Çin kişisi yerləşdirilir,  adını da mehriban qonşuluq siyasəti qoyurlar. Bununla Çin kommunistləri uyğur-türklərin şərəfinə, ləyaqətinə əl qoyurlar. Bütün bunlar XXI əsrdə baş verir. Bunu heç almanlar yəhudilərə etmirdilər. Çin maoçu-ateist rejimi müsəlmanlara qarşı ideoloji müharibə elan edib. Çinləşdirmə siyasəti gedir. Türk-müsəlmanlar çinləşdirilir. Onların dini, milli kimliyi, mənəviyyatı əllərindən alınır. Türklər üçün konslagerlər düzəldilib, adını da tərbiyəvi düşərgələr qoyublar. Heç kəs də Çinə heç nə deyə bilmir. Çünki Çin güclüdür, dünyanın ikinci dövlətidir, nüvə derjavasıdır. Bir də müsəlmanların məhv olması beynəlxalq aləmin vecinə deyil. Yəhudilər, xristianlar, bütpərəstlər, ateistlər və hər kəs müsəlmanı əzir. Uyğur türklərinə atılan ittihamlar isə cəfəngiyatdır. Müsəlman kimisə öldürəndə terrorçu, qeyri-müsəlman isə kimisə öldürəndə "psixiki problemli” olur. Osmanlı dağıldıqdan sonra müasir dünyada müsəlmanın ABŞ, Çini kimi güclü arxası yoxdur ki, onu qorusun. Bu, bir daha onu göstərir, müsəlmanlar yenidən vahid xilafət çətiri altına qayıtmalıdırlar ki, özlərini dünyanın hər yerində birlikdə qoruya bilsinlər. Çinlilərə gəldikdə isə unutmasınlar ki, vaxtı ilə yaponlar onların başına nə oyunlar açırdılar. Çin divarını da türklərdən qorunmaq üçün tikiblər. Həmişə dövran belə gedən deyil.

Yenidən müsəlmanlar özlərini qorumağa qadir olacaq. Bax, onda çinlilərin bu vəhşilikləri onlara xatırladılacaq. Quldurun, oğrunun milləti olmur. Dünyanın ən böyük quldur çetelərindən biri "Triada" adlanan Çin mafiyasıdır. Lap tutalım ki, bu iddialar haradasa doğrudur, ona görə bir xalqı dininə, milli fərqliliyinə görə konsentrasiyon düşərgələrinə salarlarmı ? Belə şey harada görünüb. Uyğur türklərinin içərisində xoşagəlməz əməllər törədənlər varsa da, onları pis yola çəkən səbəbləri araşdırmaq lazımdır. Səbəblər isə Çin hakimiyyətinin dini, milli zəmində ayrı-seçkiliyidir. Sintzyan-Uyğur Muxtar Respublikası sosial-iqtisadi baxımdan Çinin ən geridə qalan regionlarındandır. Pekin o regiona lazımi sərmayələr yatırsaydı, vəziyyət bu səviyyəyə çatmazdı. Təbii ki, bu həm də Çin hökumətinin təbliğatıdır. Hər yerdə məzlum müsəlmanlardan mənfi obraz düzəldirlər. Uyğur türkləri "quldur”, çeçenlər "qatil”, Anadolu türkləri "genosid törədənlər”, Azərbaycan türkləri "barbar” və s adlandırılır. Bütün bu təbliğatlar İslam düşmənləri tərəfindən edilir. Müsəlmanlar qətiyyən bu cür təbliğata inanmamalı, bu cür təbliğatların əksini aparmalıdırlar. Dünyaya həqiqəti çatdırmağı bacarmalıyıq. Uyğur türkləri məsələsində yeganə suçlu tərəf qəddar, ateist-kommunist Çin rejimidir”.

Oxşar xəbərlər