Ermənistan hökumətinin çətin günləri başlanır

  • 25 dek 2018, 09:47

Moskva görüşündə Qarabağ müzakirələrinin olacağı istisna deyil; politoloq: "Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir”

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu həftə Rusiyaya səfər edəcək. Xəbər verildiyi kimi, bu barədə Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi illik mətbuat konfransında deyib.

Rusiya liderinin cavabında diqqət çəkən bir sıra məqamlar Ermənistanda da geniş müzakirələrə səbəb oldu. Putin bir tərəfdən ikitərəfli əlaqələrdə uçub-dağılan heç nəyin olmadığını desə də, müzakirə olunmalı məsələlərin olduğunu vurğulayıb. Üstəlik, Ermənistanın sabiq rəhbərlərinin zamanındakı əlaqələrə istinad etməklə, faktiki olaraq, Paşinyan üçün "yol xəritəsi”ni nişan verib. Həm Robert Köçəryan, həm də Serj Sərkisyan birmənalı olaraq Rusiyaya itaət edən prezidentlər olublar. İndi Ermənistana rəhbərlik edən N.Paşinyanın və onun komandasının Qərbə inteqrasiya xətti tutması şübhəsiz ki, Putini razı sala bilməz. Deməli, 27 dekabrda reallaşmalı olan Rusiya səfəri N.Paşinyan üçün heç də asan keçməyəcək.

Ermənistanın hökumət başçısı Rusiya prezidentinin bir sıra suallarına açıq cavab verməli, həmçinin öhdəliklər götürməli olacaq. Təsadüfi deyil ki, Rusiya XİN başçısı bir müddət əvvəl Rusiya ilə Ermənistan arasında xarici hərbçilərin Ermənistana girişini məhdudlaşdırılmasını nəzərdə tutan sazişin hazırlandığını anons etmişdi. Xüsusilə də ABŞ-ın yüksək çinlisi Con Boltonun İrəvanda səsləndirdiyi bəyanatlardan sonra Kreml Ermənistanın "əl-ayağını” bir yerə yığmaqdan ötrü hərəkətə keçib. KTMT baş katibliyinin faktiki olaraq Ermənistandan alınması, Ermənistanın mövcud hökumətinə qarşı açıq hörmətsizlik, Paşinyanın seçkidəki qələbəsinin bir quru təbrikə belə layiq görülməməsi kimi faktlar işğalçı ölkədə geniş dartışılmaqdadır.

Qarşıdakı səfərin ağırlığı həm də onunla əlaqədardır ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti ilə təbii qazın qiymətini müzakirə edəcək. Hansı ki, bu müzakirələr dekabrın 6-sı Sankt Peterburq şəhərində baş tutmalı idi. "Rusiya prezidenti ilə qaz qiymətləri də daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. Hazırda heç nə deyə bilmərəm, hələlik razılaşmalar yoxdur” - Paşinyan Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasından öncə demişdi.

Ermənistana satılan Rusiya qazının hər min kubmetri üçün qiymətin 2019-cu ilin 1 yanvarından etibarən 150 dollardan 215 dollara satılması gözlənilir ki, bu da İrəvan üçün fəlakətli perspektiv vəd edir. Lakin hələ son qərar verilməyib və Paşinyanın özünü bu səfərdə necə aparacağından çox şey asılıdır. Son müzakirələrdə erməni baş nazirin Putindən uzaq məsafədə əyləşdirilməsi, ondan öncəki Rusiya səfərində administrasiya əməkdaşları tərəfindən ona qarşı sayğısızlıq göstərilməsi bu dəfə də hansısa sürprizlərin ola biləcəyindən xəbər verir. Bundan öncə Paşinyanla S.Lavrov arasındakı söz savaşını, həmçinin Ermənistan hökumətinin  təmsilçilərinin Putinin köməkçilərinə sərt reaksiyalarını xatırlamaq da lazım gəlir. Rusiya xarici işlər naziri açıqlamalarının birində demişdi ki, Ermənistanın yeni liderinin ölkəsində vəziyyətin inkişafı perspektivlərini necə qiymətləndirməsi Rusiya üçün çox vacibdir. İstənilən halda söhbət İrəvanın seçmək istədiyi yolla bağlıdır. İrəvan üzünü Qərbə tutursa, Rusiya da bu ölkəyə qazı dünya qiymətinə hesablayacaq.

Ancaq Ermənistanda hələ də ümidlər var ki, Rusiya özünün uzunillik forpostuna yenə güzəştə gedəcək. Erməni mediası yazır ki, əvvəllər tariflərin artırılması ilə əlaqədar erməni liderlər Moskvaya səfər edir, müəyyən razılaşmalar əldə olunurdu və bu dəfə də analoji vəziyyət yarana bilər.

"Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, ekspert Tevan Poqosyan iki ölkə arasındakı münasibətləri şərh edərkən bir sıra maraqlı detallara toxunub. Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı bir sıra sahələrdə boşluqlar var ki, onlar açıq şəkildə müzakirə olunmalıdır. "Paşinyan və Putin oturub açıq müzakirələr apardığı kimi, digər sektorların nümayəndələri də danışıqlar aparmalıdır” - o bildirib.

Politoloq Suren Sarqsyan da onunla razılaşaraq deyib ki, yüksək səviyyədə danışıqlar yaxşı keçir, ancaq aşağılarda problemlər mövcuddur. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinə təhdid yoxdur, amma ikinci eşelonda hakimiyyətlərin problemləri var. Ancaq Sarqsyan unudub ki, Rusiyanın birinci şəxsi Paşinyanı təbrik etməyib və KTMT ölkələrindən Qırğızıstanı çıxmaq şərtilə, digər ölkələr də hələlik İrəvana təbrik yollamayıb. Deməli, məsələ "aşağılar”lıq deyil. Ekspert qazın qiymətinə toxunarkən deyib ki, əvvəllər qaz tariflərinin dəyişdirilməsi qış mövsümündən sonra baş verirdi. "Yadımdadır, əvvəllər erməni liderlər Moskvaya gedirdilər və qaz tariflərinin artırılmasının 2-3 aylıq təxirə salınması barədə razılaşma əldə olunurdu. İstisna etmirəm ki, bu dəfə də eyni ssenari təkrarlanacaq” - politoloq deyib. Ancaq onu da o, etiraf edib ki, qaz amili Rusiyanın xarici siyasətində vacib alətdir. İstənilən halda sərt qış öncəsi qazın qiymətinin artırılması xəbərdarlığı erməniləri ciddi təşvişə salıb. Odur ki, nəzərlər Rusiyaya zillənib.

Türkiyə ilə əməkdaşlıq etmək niyyəti puç olan Paşinyan hökuməti Rusiyadan gördüyü soyuq münasibətlərin fonunda qonşu İranla əlaqələrini inkişaf etdirmək istəyir. N.Paşinyan deyib ki, İranla iqtisadi və siyasi əlaqələrin genişləndirilməsində maraqlıdır. Ancaq bir müddət öncə Paşinyan özü etiraf etmişdi ki, İran ətrafında yaşanan hadisələrlə əlaqədar bu ölkə ilə sərhədin bağlanacağı da istisna deyil. İndi İran investisiyasının Ermənistana yatırılmasında maraqlı olduğunu vurğulamaqla Paşinyan Qərbə də mesaj verir və onları Ermənistanı xilas etmək üçün hərəkətə keçməyə çağırır. Ancaq ortada Rusiya amili var. Bütün təhlillər onu göstərir ki, Ermənistan çıxılmaza dirənib və erməni ekspertlərin özlərinin etiraf etdiyi kimi, bu ölkə özünü təcrid edib. Təcriddən çıxmağın tək yolu var: Azərbaycan ərazilərinin işğalına son vermək! Xüsusilə də Rusiyanın əlini Ermənistanın üzərindən çəkməsi maraqlı və Azərbaycan üçün əlverişli situasiya yarada bilər..

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında ki, Rusiyanın Paşinyanı sıxışdırmasından çox da ümidli nəticələr çıxarmadığını vurğuladı: "Kreml Paşinyandan narazı ola bilər, ancaq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllinə müsbət yanaşacağını da proqnozlaşdırmıram. Qazın qiymətlərinin qaldırılması  Serj Sərkisyanın dövründə də baş verib. Ancaq bu, heç nəyi dəyişməyib”.

Bununla yanaşı, E.Şahinoğlu Qarabağ klanı ilə Ermənistan hakimiyyəti arasında yaşananlara diqqət çəkdi. Qeyd etdi ki, Ermənistan hakimiyyətində Qarabağ klanının yerinə Nikol Paşinyanın möhkəmlənməsi bizim üçün məqbuldur:"Azərbaycan prezidenti İlham Əliyev son çıxışında qeyd etdi ki, Ermənistanda Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılmasında Azərbaycanın da rolu var. Çünki İlham Əliyev hər çıxışında Qarabağ klanını kriminal hakimiyyət adlandırırdı və Ermənistan cəmiyyəti də sonda bu fikri qəbul etdi. Ona görə də İlham Əliyev ümid edir ki, yaxın müddətdə Qarabağ münaqişəsinin həllində irəliləyiş mümkündür. Nikol Paşinyan Azərbaycan torpaqlarının işğalında iştirak etməyib. Yəni rəsmi Bakı haradasa Nikol Paşinyanla danışıqlardan müsbət nəticəyə müəyyən qədər ümidlidir. Mümkündür ki, 2019-cu ildə iki ölkənin lideri bir neçə dəfə görüşsün. Ancaq bu görüşlərdən nəticə çıxması üçün Nikol Paşinyanın mövqeyi dəyişməlidir. Nikol Paşinyan ”Qarabağ separatçıları da danışıqlarda iştirak etsin" tələbindən imtina etməlidir. Paşinyanın Qarabağla bağlı mövqeyi eks-prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın mövqeyindən fərqlənməyə də bilər. Yəni Paşinyanın mübarizə apardığı Köçəryanın və Sərkisyanın Qarabağ siyasətini davam etdirməsi mümkündür. Bu halda Bakı ilə İrəvan arasındakı danışıqların nəticəsi olmayacaq. Deməli, rəsmi Bakı da mövqeyini sərtləşdirəcək".

Politoloqun sözlərinə görə, hələ ki Paşinyan Azərbaycanla sülhə ümid verən heç bir açıqlama verməyib. Tam əksinə, Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir: "Paşinyan gələn il Qarabağ münaqişəsinin həllində heç bir addım atmayacaqsa, rəsmi Bakı üçün Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir fərqi olmayacaq. Əsas odur ki, Ermənistan hakimiyyətindəki şəxs işğal altındakı torpaqları azad etməyə hazır olsun”. 

E.Şahinoğlu onu da qeyd etdi ki, son bir neçə aydır cəbhə bölgəsində sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib: "Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi. Rəsmi Bakı istəyirdi ki, Ermənistanda parlament seçkisində Paşinyana problem yaratmasın. Paşinyan bundan istifadə edərək Qarabağ klanını həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırdı. Paşinyan qısa müddətdə hökuməti formalaşdıracaq. Bundan sonra rəsmi Bakı 2019-cu ilin birinci yarısında Paşinyanın Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyəcək. Belə bir addım atılmasa, bölgədə vəziyyət gərginləşəcək, Azərbaycan ordusu fəallaşacaq”.

Heç şübhəsiz, Putin-Paşinyan görüşündə Dağlıq Qarabağdan da danışılacaq. Rusiya rəhbərliyinin Ermənistanın mövcud hakimiyyətindən eşitmək istədiyi məsələlər var və yəqin ki, bununla bağlı konkretlik tələb olunacaq. Əks təqdirdə, Paşinyanın danışıqların formatının dəyişdirilməsi kimi cəhdləri davam edəcək. Dağlıq Qarabağda status-kvonun qalması nəinki bölgə üçün, hətta artıq dünya üçün təhdid sayılır. Necə ki, Amerika nəşri III Dünya müharibəsinin hətta Dağlıq Qarabağdan da başlaya biləcəyi barədə xəbərdarlıq edib. N.Paşinyanın davranışları savaşı tətikləyə və Azərbaycanın "ildırımsürətli hücum”a keçib ərazilərini qaytarması ilə nəticələnə bilər ki, Rusiya bunu qətiyyən istəmir. Hər halda, N.Paşinyana seçkiləri rahat keçirməyə şans yaradan Düşənbə anlaşması Putinin təşəbbüsü ilə əldə olunmuşdu. Azərbaycan konstruktiv mövqe gözləyir və səbri tükənməz deyil, bunu Rusiyada da yaxşı bilirlər. Belarus prezidenti Aleksandra Lukaşenko bu günlərdə xatırlatmışdı ki, vaxtilə S.Sərkisyana 5 rayonu azad etməyi təklif etsələr də, bundan imtina etmişdi. Bu mesaj əslində Paşinyana ünvanlanıb. Yəni Sərkisyanın taleyini yaşamaq istəmirsənsə...

Elşad Paşasoy,
"Yeni Müsavat"

Oxşar xəbərlər