İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?

  • 15 dek 2018, 11:04

Netanyahu iddia edib ki, İran bütün İsraili əhatə edən 400-700 km uçuş məsafəli orta mənzilli raketləri İsrail sərhədlərinə gətirməyə çalışır

İsrailin Baş naziri Benyamin Netanyahu növbəti dəfə İranı müharibə ilə hədələyib və deyib ki, İsrailin təhlükəsizliyi üçün lazım olduğu təqdirdə, İran sərhədində hərbi əməliyyat keçirə bilərlər. Bu barədə açıqlamanı baş nazir ofisində keçirdiyi mətbuat konfransında səsləndirib.

İsrailin İran sərhədləri içərisində hərəkət edə bilib-bilməyəcəyinə dair suala cavab olaraq baş nazir deyib ki, yəhudi dövlətini məhv etməyə çağıran İran rejiminə qarşı İsraili qorumaq üçün lazım olan hər şeyi edə bilərlər. Bundan başqa o, Suriyada İran qüvvələri ilə qarşıdurmada olduqlarını və zaman-zaman onları geri çəkilmək məcburiyyətində qoyurlar.

Netanyahu iddia edib ki, İran bütün İsraili əhatə edən 400-700 km uçuş məsafəli orta mənzilli raketləri İsrail sərhədlərinə gətirməyə çalışır. Eyni zamanda İsraili məhv etmək məqsədi ilə 80 minlik şiə milisini sərhədə çatdırıb.

Təbii ki, Netanyahu şiə milis dedikdə İsrailin şimal sərhədlərində yerləşən Livanda fəaliyyət göstərən Hizbullahı nəzərdə tutur. 1980-ci illərin əvvəllərində yaranan Hizbullah Balkan münaqişələri, İraq, Suriya, Yəmən, Fələstin kimi münaqişə ocaqlarında fəaliyyət göstərib. Yarandığı gündən İsraillə münaqişədə olan Hizbullah İsrail ordusu ilə bir neçə dəfə qarşı-qarşıya gəlib. Ən son 2006-cı ildə Hizbullahın iki israilli əsgəri qaçırmasına cavab olaraq Livana ordu yeridən İsrail məqsədinə nail ola bilməyib. Əksinə, Hizbullahın güclü müqaviməti ilə qarşılaşıb.

Əlbəttə, ən müasir silah və hərbi texnikaya malik İsrail ordusuna qalib gəlmək asan deyil, ancaq İran-İsrail qarşıdurması getdikcə daha da dərinləşir. Və təbii ki, İsrail üçün əsas təhlükə Netanyahunun dediyi kimi 1500 kilometr uzaqda yerləşən İran ordusu deyil, sərhədlərinin yaxınlığında yerləşən silahlı partizanlardır.

Yeri gəlmişkən, ötən həftə İsrail ordusu Livanla sərhəddə tunel əməliyyatları başladıb. Əməliyyatın məqsədi sərhəddə yerləşən və Hizbullaha məxsus tunellərin məhv edilməsidir. Çünki bu tunellər indi İsrail üçün əsas təhlükə mənbəyidir. Məsələ ondadır ki, hazırda dünyada ən yüksək inkişaf etmiş kəşfiyyat-izləmə sisteminə sahib, peyk müşahidəsi həyata keçirən İsrail ordusunun yeganə çarəsiz qaldığı sahə yeraltı tunellərdir. Çünki tunelləri yuxarıdan izləmək mümkün deyil. Məhz bu tunellər vasitəsilə Hizbullah İsrail ərazilərinə sıza bilir.

Xatırladaq ki, uzun illərdir Fələstində də müqavimət qrupları yeraltı tunellər vasitəsilə Fələstin ərazisinə silah-sursat keçirirlər. Xüsusən də blokadada olan Qəzza zolağına Rəfah rayonunda çoxlu sayda tunellər vasitəsilə silah və raketlər keçirirlər. Xüsusən də son illərdə Qəzzaya bu tunellrə vasitəsilə çoxlu sayda silah və texnika keçirilib. Ən sonuncu Qəzzadakı toquqşmada Hamas İsrail ordusu avtobusunu tank əleyhinə "Kornet” raketləri ilə vurub. 11 ildir mühasirədə olan Qəzzaya bu cür silahları tunellrə vasitəsilə keçirmək mümkün olardı. O cümlədən çoxlu sayda raketləri.

Maraqlıdır ki, İsrail ordusu xüsusi təyinatlıları ötən ay Qəzzada gizli əməliyyat keçirib və 7 nəfərlik xüsusi təyinatlı qrupunun əsas hədəfi Həmasın hərbi qanadı olan "İzəddin Qəssam” briqadasının tunellərin tikintisinə cavabdeh olan komandiri Hadi Bərəkət olub. Əməliyyat qismən uğurlu olub, Bərəkəti sağ ələ keçirmək mümkün olmayıb. Eyni zamanda Bərəkətlə birlikdə xüsusi təyinatlı dəstənin komandiri olan İsrail ordusunun zabiti də öldürülüb. Məhz bu hadisədən sonra İsrail ordusu və Həmas qarşılıqlı olar artilleriya atəşi və kiçik miqyaslı əməliyyat başladıb. Ancaq daha sonra Misirin vasitəçiliyi ilə atəşkəs elan olunub, ardınca isə müdafiə naziri Aviqdor Liberman istefa verib.

Maraqlıdır ki, məhz bundan qısa müddət sonra İsrail ordusu analoji tunel əməliyyatlarını Livanla sərhəddə başlayıb. Hökumət elan edib ki, əsas məqsəd tunellərin ifşa olunub məhv edilməsidir. Ancaq İsrailin "Maariv” qəzetinin yazdığına görə, əməliyyatın gedişində İsrail ordusu əsgərlərinə məxsus iki pulemyot oğurlanıb. Daha sonra isə sosial şəbəkələrdə İsrail ordusu hərbçilərinin gizli məkanlardan çox yaxın məsafədən çəkilmiş fotoları yayılıb. Bu isə İsrail hökumətinin tunellərlə bağlı narahatlığının haqlı olduğunu təsdiq edir. Artıq İsrail ordusu itmiş silahlarla bağlı daxili təhqiqat başladıb. Müstəqil mənbələr silahların Hizbullah döyüşçülərinin əlində ola biləcəyini yazsa da, hələlik heç bir tərəf bunu təsdiq etməyib.

İndi isə İsrailin hökumət başçısı növbəti dəfə əsas təhdid olaraq İranı göstərir. Çünki hər kəsə aydındır ki, Fələstindəki Həmas, "İslami Cihad” və ya Hizbullah, eləcə də Suriyadakı silahlı qrupları İran silahlandırır. Hal-hazırda faktiki olaraq İsrail üçün təhlükə yaradan məhz bu qruplardır. Hətta Suriyada savaşın gedişində hökumətə qarşı savaşan islamçı qruplara belə İsrail zaman-zaman dəstək verib və bunu gizlətməyib. Hazırda nə Misir, nə Fələstinin leqal hakimiyyəti olan Fəth Hərəkatı, nə də digər ərəb hakimiyyətləri İsraillə açıq qarşıdurma vəziyyətində deyil. Bu səbəbdən də Netanyahu sərhədlərindəki silahlı qrupları deyil, onların dəstəkçisi İranı hədəf olaraq göstərir. Yeri gəlmişkən, bu ilin martında Almaniyanın Münhen şəhərində keçirilən ənənəvi təhlükəsizlik konfransında da Netanyahu İran hökumətini təkcə İsrail üçün yox, "bütün dünya üçün təhlükə” adlandırıb.

Netanyahu İranı qəsd edərək "Bizim qətiyyətimizi sınamayın”, söyləyib. Həmin vaxt Netanyahu çıxış edərkən İsrail sərhədində vurulmuş hərbi dronun bir parçasını əlində silkələyərək, həmin dronun İrana məxsus olduğunu vurğulayıb.

Əlbəttə, İsrail ABŞ olmasa təkbaşına İrana hücum etməyə hazır deyil. Çünki bu, yəhudi dövləti üçün ciddi problemlərə səbəb ola bilər. Ancaq İsraildə də bilirlər ki, İranın dəstəyi olmasa Yaxın Şərqdə İsrailə qarşı müqavimət qrupları zəifləyə bilər. Ona görə də İsrail baş naziri hədəf olaraq İranı göstərir, bu həm də Tehrana qarşı cəbhənin daha da genişlənməsinə çağırışdır...

Kənan RÖVŞƏNOĞLU - /Y.M/


Oxşar xəbərlər