Kreml çeçen və inquşları barışdırır

  • 08 dek 2018, 10:38

İki respublika arasında sərhəd-keçid məntəqələrinin ləğv olunması, torpaq münasişəsini aradan qaldıracaqmı?

Çeçenlər və inquşlar barışırlar. Ancaq hələlik hökumət səviyyəsində. Məlum olduğu kimi, sentyabrında Çeçenistan və İnquşetiya respublikalarının rəhbərləri regionlar arasında inzibati sərhəd haqqında sənəd imzalayıb.

Sənədə əsasən, Çeçenistanın Nadtereçni rayonu ilə İnquşetiyanın Malqobek rayonu arasında yaşayış olmayan ərazilərin mübadiləsi həyata keçiriləcək. Ancaq bu bölgü inquşları narazı salıb. Bu səbəbdən də bu il sentyabrın 25-də İnquşetiyanın Sunjen şəhərində razılaşdırılmamış mitinq keçirilib. Mitinqdə İnquşetiya əhalisi Sunjen rayonunun ərazisinin bir hissəsinin Çeçenistana verilməsinə etirazlarını bildiriblər.

Oktyabrın 4-də isə İnquş Respublikası parlamenti Çeçenistanla sərhəd sazişini təsdiq edib. Səsvermədə iştirak edən 25 millət vəkilinin 17-si sazişin lehinə, üçü əleyhinə səs verib, qalan beşi də bitərəf qalıb.

İnquşetiya parlamentinin qərarı respublikada etiraz doğurub. Parlamentin qərarından dərhal sonra İnquşetiyanın paytaxtı Maqas şəhərində yerli əhali parlament binası qarşısına toplaşaraq qərara etiraz edib. Aksiyada iştirak edənlərin sayı sonradan daha da artıb və hətta hüquq-mühafizə orqanlarının əhalini sakitləşdirmək üçün havaya atəş açdığı haqda xəbərlər yayılıb.

Lakin indi belə görünür ki, liderlər barışırlar. Belə ki, İnquşetiya və Çeçenistan hökuməti iki ölkənin bölgələri arasındakı sərhəd məntəqələrini aradan qaldırmaq razılığına gəliblər. Bu barədə İnquşetiya rəhbəri Yunus-bəy Yevkurov xəbər verib. O, ölkələr arasındakı sərhədi "tam nominal” adlandırıb. Bununla o, Çeçenistan lideri Ramzan Kadırovla birgə "Şimali Qafqazın bütün bölgələrinə nümunə göstərmək istədiklərini” bildirib.

İnquşetiya lideri deyib ki, "İnsanlar arasında ümumiyyətlə sərhəd yoxdur. Necə əlaqə yaradırdılarsa, elə də olacaq, hətta daha yaxşı”.

Çeçenistan lideri Ramzan Kadırov da regionlar arasındakı sərhəd məntəqələrini aradan götürməyə çağırıb. "Şimali Qafqaz bölgələri inzibati sərhəd keçidə məntəqələrindən xilas olmalıdır. Bütün respublikalar arasında postlar quraşdırılıb. Heç bir xeyri yoxdur. Quldurlara qarşı? Lakin onlar istənilən yolla keçə bilərlər. Ancaq bir ölkədə və dairədə olan insanlar və ya minik vasitələri sərhəd keçid məntəqələrindən keçmək üçün zaman sərf etməlidirlər”, Kadırov öz Teleqram kanalında yazıb.

Qeyd edək ki, iki respublika arasında inzibati sərhəd 1991-ci ildə Çeçen-İnquş MSSR dağılandan sonra müəyyən edilməyib. 1993-cü ildə Çeçenistanın və İnquşetiyanın keçmiş rəhbərləri Cövhər Dudayev və Ruslan Auşev arasında Sunjen rayonunun böyük hissəsinin İnquşetiyada qalmasını nəzərdə tutan müqavilə imzalanıb.

Ancaq müşahidəçilər respublika liderlərinin əldə etdiyi razılaşmanın yaranmış narazılığı ortadan qaldıracağı inandırıcı deyil. Çünki ekspertlərə görə, iki qonşu respublika arasında sərhəd mübahisələrinin tarixi çox qədimdir. İndi isə problem yenidən gün üzünə çıxıb və belə görünür ki, Moskvanın diktəsi ilə İnquşetiya tərəfi anlaşmanı təsdiqləyib.

Lakin bu, mübahisələrin bitməsi anlamına gəlmir. Hər nə qədər Yevkurov və Kadırovun nüfuzu olsa da, region əhalisinin torpaq mövzusunda həssaslığı var və həlledici məqamda liderlərin mövqeyini nəzərə almaya da bilərlər. Sentyabr və oktyabr aylarında baş verən davamlı aksiyalar göstərdi ki, ərazi münaqişəsi Şimali Qafqazın "barıt çəlləyini” hər zaman partlada bilər.

Məsələ ondadır ki, bütün imperiya ərazilərində olduğu kimi, Şimali Qafqazda da sərhədlərin müəyyənləşməsi tam olaraq həyata keçirilməyib. Üstəlik SSRİ dövründə bu iki muxtar qurum bir ərazi vahidində birləşib, yəni vahid sərhədə malik olub.

1991-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının dağılıb, iki respublika ayrılıb.  Bundan sonra isə hər iki respublikada hərbi əməliyyatlar, silahlı toqquşmalar, iki çeçen müharibəsi baş verib. Bu səbəbdən də sərhədlərin dəqiqləşdirilməsi uzun zaman alıb.

Sentyabrın 26-da imzalanan sazişə əsasən Nadtereçnıy rayonun bir hissəsi Çeçenistana, Malqobey rayonu ilə sərhəddə eyni ölçüdə olan ərazi İnquşetiyaya verilib. Ancaq inquşlar bu bölgü ilə razılaşmır. Söhbət etdiyimiz ekspert ehtimal edir ki, Kadırov və Yevkurov arasındakı məlum anlaşmanı da Moskva təşkil edib. Belə ki, Rusiya hakimiyyəti çeçenlər və inquşlar arasında alovlana biləcək münaqişənin qarşısını "yuxarıdan” almağa çalışır. Buna görə də, yumşaldıcı addımlar atır.

"Yeni Müsavat”

Oxşar xəbərlər