Ermənistan yenə siyasi labirintdə - Putin Paşinyan hakimiyyətini bağışlayacaqmı?

  • 27 noy 2018, 10:08

Rusiya lideri ona asi çıxan İrəvanı bağışlayacaqmı? Paşinyan hökumətinin taleyi seçkilərdən 3 gün əvvəl həll oluna bilər; politoloq: "Ermənistanın KTMT-də baş katiblik vəzifəsini qoruması...”

Dekabrın 6-da Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin sammiti keçiriləcək. "Yeni Müsavat” bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, sammitdə KTMT-nin baş katibinin təyin olunması ilə bağlı çox mürəkkəb məsələnin müzakirəsi gözlənilir. Ermənistan hakimiyyəti Sankt-Peterburq toplantısına ümidlə yanaşır. İrəvanda hesab edirlər ki, baş nazir əvəzi Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə ayrıca görüşə bilsə, bir sıra problemlər həllini tapar. Söhbət təkcə KTMT baş katibliyinin Ermənistanda qalmasına bəslənən ümidlərdən getmir. Bu ərəfədə Kremlin İrəvana münasibətinin dəyişməsi seçkiqabağı gərginliklərlə baş-başa qalan Paşinyan üçün yaxşı heç nə vəd etmir. N.Paşinyan yenidən Ermənistan paytaxtının küçələrinə qayıtmaqla hesab edir ki, Rusiyanın da ona "stavka” etməsinə nail ola biləcək.

Amma müşahidələr göstərir ki, Rusiya ona "dönük” çıxan hökumət başçısı ilə yola davam etməkdə maraqlı deyil. Elə KTMT baş katibliyinin Belarusa həvalə olunması barədə prinsipial qərar da Moskvanın Ermənistana soyuq baxışlarının məntiqi nəticəsidir.

Ermənistan hökumətinin Rusiya ilə müzakirə etmək istədiyi digər mövzu da var. Söhbət dəmir yolundan və qazın qiymətinin endirilməsi məsələlərindən gedir. Erməni mediası da yazır ki, bu məsələlərin Ermənistanda hər kəsə aidiyyəti var. Paşinyanın bu istiqamətdə hansısa uğur əldə etməsi onun reytinqinə təsir göstərərdi. Odur ki, Paşinyanı çətin Rusiya səfəri gözləyir. Həm də Sankt-Peterburq səfəri baş nazirin taleyini həll edə bilər. Çünki bu səfərdən üç gün sonra Ermənistanda növbədənkənar parlament seçkiləri olacaq və məhz bu seçkilər onun hakimiyyətinin davamlı olub-olmayacağını konkretləşdirəcək. 

Belə bir situasiyada Azərbaycanın KTMT-yə hansısa formada üzvlüyü müzakirə olunmaqdadır. Ermənistanın öz dayaqlarından məhrum olduğu bu təşkilatda Azərbaycanın yer almasının mümkünlüyündən də danışanlar var.

"Bizim mənbələrimizin bildirdiyinə görə, hazırda Minsk və Astana Azərbaycana KTMT-də müşahidəçi statusu təklif edir, üstəlik, bu məsələni əvvəlcədən blokun digər üzvləri ilə müzakirə etmədən...”

Virtualaz.org xəbər verir ki, bu haqda "Sputnik Armenia” agentliyinin KTMT daxilində son zamanlar baş verənlər haqda məqaləsində deyilir. Bildirilir ki, Ermənistan Bakının müşahidəçi statusu almasına çətin razılıq verərdi. Qazaxıstan və Belarus isə İrəvana maksimum təzyiq göstərməyə çalışır. Üstəlik, bu iki ölkənin liderinə görə Ermənistanın KTTM baş katibi postunda nümayəndəsi ilk növbədə Rusiyaya loyal adam kimi nəzərdən keçirilir. Ona görə də onlar Ermənistan nümayəndəsinin bloka başçılıq etməsini istəmirlər. "Bununla da Qazaxıstan və Belarus təşkilatın flaqmanı olan Rusiyanın addımlarını torpedalayırlar. Onların destruktiv addımlar ilk növbədə təşkilatın lokomotivinə qarşı yönəlib. Moskvanın blokdakı aparıcı mövqeyi Moskva və Astana tərəfindən bacardıqca sual altına alınır” - Rusiyanın beynəlxalq xəbər agentliyinin Ermənistan redaksiyası bildirir. Agentlik xatırladır ki, Qazaxıstan və Belarus xeyli müddət Yuri Xaçaturovun KTMT baş katibi olmasını əngəllədilər, hər dəfə bir bəhanə tapdılar. İndi isə Xaçaturova qarşı cinayət işi maraqlar toqquşmasını yenidən alovlandırıb. "İrəvan əlbəttə ki, Xaçaturovu təqib etməklə səhvə yol verdi. Amma müttəfiqlərdən ikisi özünü bu cür aparırsa hansı hərbi-siyasi əməkdaşlıqdan söhbət gedə bilər?” - agentlik qeyd edir.

Politoloq Hikmət Hacızadə "Yeni Müsavat”a açıqlamasında Azərbaycanın bu quruma üzvlüyə hazırlaşmadığını bildirdi:"Qarabağ məsələsi həll olunmayınca və ya buna ciddi söz verilməyincə, Azərbaycan özü buna getməz”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat”a dedi ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü aktual deyil: "Onsuz da Azərbaycanın Ermənistan xaricində təşkilatın üzv dövlətləri ilə yaxşı əlaqələri var. Belarus və Qazaxıstan Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Ancaq bu, o demək deyil ki, Azərbaycan təşkilata üzvlüyə çalışmalıdır. Biz niyə bu məsələdə Ermənistanın rəyindən asılı olmalıyıq? Axı təşkilatda üzvük konsensus əsasında həll olunur. Aydındır ki, Ermənistan Azərbaycanın təşkilatda üzvlüyünün əleyhinə çıxacaq. Rusiyanın bu məsələdə İrəvana təzyiq edəcəyini düşünmürəm. Tam əksinə, biz təşkilata üzv olmadan Ermənistana saymazyana münasibət göstərmələrinə çalışmalıyıq və bu bizdə pis alınmır. İrəvan Minsk və Astananın Azərbaycanla əməkdaşlığından narahatdır”.

Bəs Ermənistan 6 dekabr sammitində istəyinə çata, ən azı baş katiblik postunu 2020-ci ilədək əlində saxlaya bilərmi? E.Şahinoğlu: "Ermənistanın KTMT-də baş katiblik vəzifəsini qoruması Rusiyanın ”hə"sindən asılıdır. Belarus və Qazaxıstan erməni generalın baş katib vəzifəsini daşımasının əleyhinədirlər. Arqument budur ki, erməni general 1 il müddətində baş katib üçün gərəkən işləri görə bilməyəcək. Yeni baş katib tam müddətdə çalışmalıdır ki, vəzifəsini öhdəsindən gəlsin. Ermənistanın baş katiblikdə vaxtının bitməsinə 1 il qalıb. Minskin və Astananın arqumenti güclüdür. Ancaq son söz yenə Moskvanındır. Kreml hələ ki təşkilat daxilində Astana və Minskin İrəvanla qovğasına qarışmır".

E.Şahinoğlu Azərbaycanın uğurlarının fonunda işğalçının durumuna da diqqət çəkdi: "Kasıb Ermənistan bunun qarşılığında pul dilənməklə məşğuldur. 1992-ci ildə yaradılan ümumerməni ”Hayastan" fondu "ənənəsinə” sadiq qalaraq bu il də Los-Ancelesdə növbəti telemarafonunu keçirdi. Dünyada yaşayan ermənilər dünənki telemarafona təxminən 11 milyon dollar göndərdilər. Ermənistanın baş naziri Nikol Paşinyan da fonda ianə köçürüb. Prezident Armen Sərkisyan isə ümumiyyətlə, yarım illik maaşından keçib. Buna baxmayaraq, yığılan pulların miqdarı getdikcə azalır. 2016-cı ildə telemarafonda 15 milyon dollar, 2017-ci ildə 12 milyon dollar, bu il isə bundan bir milyon dollar az pul yığılıb. Əlbəttə, bu, o demək deyil ki, erməni lobbisinin varlı üzvləri kasıblaşırlar. Sadəcə, erməni lobbisinin üzvləri pulların Ermənistanda və Dağlıq Qarabağda "təyinatı” üzrə xərclənmədiyindən şübhələnirlər. Nikol Paşinyan hakimiyyəti dövründə ilk dəfədir ki, telemarafona qoşulur. O istəyərdi ki, erməni lobbisi ona inansın və keçmiş illərdən fərqli olaraq daha çox ianə ayırsınlar. Ancaq hələ ki erməni lobbisinin varlı təmsilçiləri Paşinyana çox da inanmırlar. Əks halda, builki telemarafon zamanı toplanan pullar Serj Sərkisyanın prezident olduğu ildə keçirilən telemarafonda yığılan məbləğdən çox olmalı idi. Yığılan pulların əsas hissəsi, həmişəki kimi, işğal altındakı torpaqlarda layihələrin reallaşması üçün nəzərdə tutulub. Bu dəfə iki layihə maliyyələşdiriləcək. Separatçılar yığılan pulla Dağlıq Qarabağda torpaqların damcı texnologiyası ilə suvarılmasının tətbiqinə başlamaq istəyirlər. İkinci layihə də diqqəti cəlb edir. Separatçılar Dağlıq Qarabağda enerji qaynaqlarını müəyyənləşdirmək üçün qazıntı işlərinə başlayacaqlar. Dağlıq Qarabağda nə neft var, nə də qaz. Olsaydı, SSRİ illərində aşkarlanardı. Böyük ehtimalla, separatçılar işğal altındakı torpaqlarda, özəlliklə də Kəlbəcərdə faydalı qazıntılarını genişləndirmək istəyirlər. Təəssüf ki, biz separatçıların bu çalışmalarını əngəlləyə bilmirik. Kim təminat verə bilər ki, 11 milyon dollar məhz separatçıların elan etdiyi layihələrə xərclənəcək. Yığılan pulla Ermənistan vasitəsilə üçüncü ölkələrdən silah alınması da istisna deyil.

*****

Ancaq bu günlərdə Qarabağ separatçılarının başçısı Bako Saaakyanın Fransa və ABŞ səfərindən sonra Rusiyaya getməsi Azərbaycanda ciddi narahatlıq yaradıb. Artıq Azərbaycan XİN və Dağlıq Qarabağın Azərbaycanlı İcması bu səfərə etiraz bildirməklə yanaşı, Rusiyanın mövqeyinin həmsədrlik prinsiplərinə uyğun gəlmədiyini bəyan ediblər. Rəsmi Moskva isə Bakının etirazlarına hələ ki reaksiya verməyib. Ermənistan rəhbərliyini yerində oturtmağı bacaran Rusiya hakimiyyətinin Qarabağ separatçılarına qulaqburması verməkdən yayınması suallar doğurur. Hansı ki, B.Saakyanın başında durduğu qondarma rejimin qanunsuz olaraq həbsdə saxladığı azərbaycanlılardan biri məhz Rusiya vətəndaşıdır. Lakin Dilqəm Əsgərovla bağlı müraciətlərə indiyədək Kremldən tutarlı cavab gəlməyib. Yalnız bu günlərdə Rusiya XİN rəsmisi əsir və girovların dəyişdirilməsi təşəbbüsünü "alqışladığını” deməklə kifayətlənib. Talış separatçısı Fəxrəddin Aboszadəni həbs edən Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı cinayətlər işlətmiş B.Saakyanı da qandallaya bilərdi.

Nəticə ortadadır... Azərbaycanın işğal altındakı Xankəndi şəhərimizdə torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimin  "təhsil, elm və idman nazirliyi” adlanan qurumun və "Mesrop Maştots” universitetinin təşəbbüsü ilə "Postsovet məkanında de-fakto dövlətlər: vektor və inkişaf perspektivləri” adlı "beynəlxalq konfrans” keçirilib. Moderatpr.az xəbər verir ki,  separatçı rejimlərin üzdəniraq qanunsuz tədbirinə Moldova Respublikası ərazisində qondarılmış "Dnestryanı respublika” və Gürcüstanda qondarılmış "Cənubi Osetiya respublikası”nın nümayəndələri də qatılıb.  "Konfrans”da bu günlərdə  separatçı erməni rejimi ilə Tiraspolda və  Xankəndində ticarət nümayəndəliklərinin açılması ilə bağlı razılaşmada iştirak etmiş "Dnestryanı” qondarma rejiminin "baş nazir müavini” Aleksey Tsurkan da çıxış edib.

Həmsədrlər separatçılara qucaq açanda nəticə belə olmalı idi.

Oxşar xəbərlər