Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia

  • 16 okt 2018, 08:49

Jurnalistin hazırda Səudiyyə ilə düşmən münasibətlərində olan Qətərin əmiri ilə görüşdüyü bildirilir

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna girən və bundan sonra yoxa çıxan Camal Qaşıqçının öldürüldüyü artıq təsdiqini tapıb. Amma onun meyiti hələ də tapılmayıb. Ötən həftəsonu Türkiyə və ABŞ mediasında Qaşıqçının konsulluqda Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik qrup tərəfindən həbs olunduğu, işgəncə ilə ifadəsinin alındığı və daha sonra öldürülməsi barədə xəbərlər dərc olunub.

Türkiyə rəsmilərinə istinadən verilən xəbərlərdə Qaşıqçının öldürüldükdən sonra parçalara ayrılaraq konsulluqdan çıxarıldığı iddiası ortaya atılıb. Daha sonra Qaşıqçının qolundakı Apple saatının işgəncə və qətl hadisəsini qeydə aldığı, bu səs yazısının Qaşıqçının öldürüldüyünü təsdiq etdiyi barədə xəbərlər yayılıb.

Bu arada Vaşinqtonda amerikalı keşiş Bransonu qəbul edən ABŞ prezidenti Donald Tramp itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı ilə görüşəcəyini bildirib. O, həmçinin etiraf edib ki, Səudiyyə Ərəbistanından olan jurnalistin axtarışlarının müsbət nəticələnəcəyinə ümid bəsləmir.

"Bloomberq” agentliyi isə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Camal Qaşıqçının konsulluqda itkin düşməsi ilə bağlı təhqiqat başladılması barədə əmr verdiyi haqda xəbər yayıb. Agentliyə danışan adını açıqlamayan dövlət məmuru istintaqın Türkiyə tərəfindən verilən məlumat əsasında başladıldığını bildirib.

Hazırda bilindiyi kimi, Türkiyədə istintaq orqanları jurnalist Camal Qaşıqçının tapılması üçün genişmiqyaslı istintaq tədbirləri həyata keçirir. ABŞ-dan gəlmiş müfəttişlərin, Səudiyyə Ərəbistanından gəlmiş istintaqçıların da qatıldığı heyət Qaşıqçı işini araşdırır. Ancaq hələlik bir nəticə yoxdur. Hətta ABŞ prezidenti də Qaşıqçının sağ olmasına az ümid etdiyini bildirib.

Media isə Qaşıqçı müəmmasının səbəblərini müzakirə edir. Əsas müəmma isə nüfuzlu qələm adamının hansı səbəbdən itkin düşə biləcəyidir. Camal Qaşıqçı bilindiyi kimi, uzun illər saraya yaxın biri olub, ölkənin nüfuzlu media orqanlarında çalışıb və ya onlara rəhbərlik edib. 2005-ci ildən sonra isə krallığın Britaniya və ABŞ-dakı səfirinin - Türki bin Faysalın müşaviri olub. Bundan başqa, mətbuat Qaşıqçının Əfqanıstan müharibəsi zamanı SSRİ-yə qarşı vuruşan əfqan mücahidlər və xaricdən gələn silahlılarla fotolarını yayıb. Bəzi iddialara görə, Qaşıqçı eyni zamanda həm də krallığın kəşfiyyatı ilə bağlantılı olub. Onun müşaviri olduğu Türki bin Faysal 1980-90-cı illərdə Səudiyyə Krallığının kəşfiyyatına rəhbərlik edib.

Türkiyəli nüfuzlu Yaxın Şərq analitiki Fəhim Taştekin isə BBC-də qələmə aldığı yazısında Qaşıqçının daha çox krallıq daxilindəki siyasi qüvvələr arasındakı mübarizənin qurbanı ola biləcəyini iddia edir. Jurnalist Qaşıqçının ərəb dünyasının ən böyük dini-siyasi hərəkatı olan "İxvan”ın (Müsəlman Qardaşlar) üzvü olduğu və bu səbəbdən də 2015-ci ildə hazırkı hakimiyyət formalaşdıqdan sonra onun Səudiyyə sarayında arzuolunmaz şəxs olduğunu düşünür. Buna əlavə olaraq Qaşıqçının hazırda Səudiyyə ilə düşmən münasibətlərində olan Qətərlə yaxın əlaqələrinin olduğu, hətta bu yaxınlarda Qətər əmiri ilə görüşdüyü bildirilir. Bununla onun bildiyi sirləri ABŞ və Qətərə ötürməsi və nəticədə vəliəhd-şahzadə üçün problem yarada biləcəyi ehtimal olunur.

Xatırladaq ki, türk əsilli Səudiyyə Ərəbistanı vətəndaşı Camal Qaşıqçı ölkəsinin məşhur qələm adamlarından hesab olunur. Hakim ailəyə yaxın olan jurnalist uzun illər nüfuzlu Ərəbistan medialarında çalışıb və ya onlara rəhbərlik edib. Ancaq Qaşıqçının "Müsəlman Qardaşlar” Hərəkatına yaxın olması, zaman-zaman demokratiya çağırışları, eləcə də hazırda hakimiyyətin sevmədiyi siyasilərlə yaxın olması onun üzünə qapıları bağlayıb. Ötən il isə Qaşıqçı Ərəbistanı tərk edib. Bu dövrdə o, "Vaşinqton Post” qəzetində yazıb, ABŞ və Türkiyədə yaşayıb. Ancaq yoxa çıxmamışdan bir neçə gün əvvəl BBC-yə verdiyi müsahibəsində Qaşıqçı ölkəsinə qayıda bilməyəcəyini, orada onu təhlükə  gözlədiyini etiraf edib.

Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat

Oxşar xəbərlər