Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi

  • 19 sen 2018, 20:30
Ermənistanın ikinci prezidenti, 2008-ci ilin 1 mart hadisələrinə görə cinayət məsuliyyətinə cəlb edilən, az sona isə buraxılan Robert Köçəryan siyasətə qayıtmaq niyyətində olduğunu deyib. Musavat.com-un məlumatına görə, bu barədə o, "Kommersant” qəzetinə müsahibəsində deyib. 

"Bu, partiya və ya hərəkat şəklində də ola bilər, hansısa partiyaya fəal siyasi dəstək formasında da. Yəni fərdiləşə də bilər, bilməyə də. Belə demək mümkündür ki, hələ dəqiqləşdirməmişəm. O cümlədən baş verənlər səbəbindən qərarımı hələ verməmişəm. Düşünmürəm ki, Ermənistanda nə baş verdiyini bilən var”, - deyə o qeyd edib.

Bununla belə o, Ermənistanda artıq hakimiyyət dəyişikliyinin baş verdiyini söyləyib: "Fikrimcə, Paşinyan cəmiyyətdəki narazı ovqatı hiss edərək, vaxtında ona başçılıq edə bilib – hansı ki, hakimiyyət dəyişikliyi ilə nəticələndi. Bu, təsirli idi. İnsanlarda əvvəlki iqtidarlarla bağlı bir yorğunluq var idi. Əks halda çətin ki, belə kütləvi hərəkat olaydı. Ancaq bilirsinizzmi, populizm üzərində hakimiyyətə gəlmək olar – müasir tariximizdə belə nümunələr çoxdur. Belə situasiyalarda hakimiyyətə gəlmək asan, hakimiyyətdən getmək isə olduqca qəlizdir. Sən populizm sayəsində gəlirsən, amma gedəndə gərək ləyaqətlə, real nəticələrlə gedəsən. Ötən 4 ay göstərdi ki, hələ ki, bütün istiqamətlərdə praktik olaraq, problemlərin akkumulyasiyası (toplanması – red.) gedir. Mənim siyasətə qayıdışımın səbəblərindən biri budur”.

Köçəryanın sözlərinə görə, 4 ay hakimiyyətin nə dərəcədə bacarıqlı olduğunu, hansı dəyələrə söykəndiyini və sistemli işə qadir olduğunu bilmək üçün yetərli zamandır: "Bu müddətdə mən başa düşdüm ki, yeni hakimiyyət xaotikdir, iqtisadiyyatdan baş açmır, aydın hərəkət proqramına malik deyil. Hökumətin tərkibi eklektikdir, dəqiq geosiyasi prioritetlər yoxdur. Kifayət qədər parlaq lider var, lakin onun populizmə israrlı səyi ciddi narahatlıq doğurur. Mənə bu, Uqo Çaves stilində Latın Amerika populizmini xatırladır. Əgər diqqətlə baxsaq və analogiya aparsaq, bunlar çox oxşardır”.

Eks-prezident Paşinyanı çox tez alışıb yanan meteoritə və ya kometaya bənzədib. O, həmçinin indiki hakimiyyəti Qarabağ danışıqlarını torpedalamaqda ittiham edib: "Mən uzun müddət Qarabağla bağlı danışıqlar aparmışam. İstənilən danışıq müharibədən yaxşıdır. Məsələ onda deyil ki, poza tutub populist şüarlar söyləyəsən – hansı şüarları ki, həyəcanlı kütlə populist ruhda qəbul edəcək. Söhbət incə diplomatik və peşəkar işdən gedir. Bu, o mövzulardan deyil ki, mitinq müzakirələrinin predmeti olsun. Bu məsələdə istənilən ehtiyatsızlıq təmas xəttində atışmaların intensivliyində əks-səda verərək, səngərdə olanların həyatına təhlükə yaradacaq. Bundan sadəcə, imtina eləmək lazımdır. Xüsusən də o adamlar ki, orduda xidmət etməyiblər (Paşinyanı nəzərdə tutur – red.), ömürləri boyu ön cəbhədə olmayıblar, hərbi xidmətdən yayınıblar”.

Ermənistanın ikinci prezidenti Rusiya prezidenti Vladimir Putinin onu ad günü münasibətilə təbrik eləməsinə də münasibət bildirib. Köçəryan bunu ciddi dəstək adlandırıb. "Bu zəng – ciddi dəstək jestidir, ancaq mən belə münasibətləri heç vaxt gözə soxmamışam”, - deyə o, iddia edib.
"Yeni Müsavat”
Oxşar xəbərlər