Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək

  • 18 sen 2018, 20:53

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabrda Almaniyaya səfərə gedəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, son dövrdə iki ölkə arasında münasibətlərin normallaşma tempinin artması fonunda Türkiyə lideri həmin səfərə hazırlanması həftələrlə vaxt aparan 8 qovluqla gedir.

Bildirilir ki, Angela Merkellə iki dəfə görüşməsi nəzərdə tutulan Ərdoğanın kanslerlə başda FETÖ-PKK olmaqla, terror qruplaşmaları, miqrant problemi və İdlibdən gələn yeni köç dalğası, iqtisadiyyat, hərbi məsələlər, məscidlər və QHT-lər istiqamətində edilən hücumları, Almaniyada sürətlə inkişaf edən islamafobiya və noyabrda keçiriləcək Almaniya İslam Konfransı kimi məsələləri müzakirə edəcəyi gözlənilir.

FETÖ siyahısı

Almaniya-Türkiyə münasibətlərinin hər baxımdan qiymətləndiriləcəyi diplomatik təmaslarda Ərdoğan fərari FETÖ-çülərin Türkiyəyə qaytarılması ilə bağlı müraciətlərin cavabsız buraxılması, buna baxmayaraq, həmin şəxslərə mühacirət hüququ verilməsindən hiss olunan narahatlığı ifadə edəcək və FETÖ tərəfdarlarının təhvil verilməsi istəniləcək. Bu fonda Merkelə 40-a yaxın FETÖ-çünün siyahısı veriləcək.

Səfər çərçivəsində rəsmi Berlinin PKK-ya qarşı nümayiş etdirdiyi mövqe də müzakirə olunacaq. Ümumilikdə Ərdoğanın qovluğundakı 8 müzakirə mövzusu:

* Almaniyada Adil Öksüz və Zəkəriyya Özün də aralarında olduğu 40-dan artıq FETÖ rəhbəri var. Bunları Türkiyəyə qaytarın.

* PKK Almaniyada rahatlıqla dolaşmasın.

* Məscidlər, siyasi partiya büroları və Almaniyadakı türklərə aid şirkətlərə hücum edən PKK-çılar məhkəmə qarşısına çıxarılsın.

* Müsəlmanlara qarşı irqçi hücumlar dayandırılsın.

* Türkiyənin miqrant qəbul etmək potensialı dolub. İdlibə hücum ediləcəyi halda Avropa köç dalğasına hazır olsun.

* "Leopard” tanklarının modernizasiyasındakı problemlər müzakirə edilsin.

* Türkiyədəki dəmiryollarının modernizasiyası qiymətləndiriləcək (layihənin dəyəri 35 milyard avro olaraq qiymətləndirilir).

* Noyabr ayında təşkil olunacaq Almaniya İslam Konfransında yeni bir islam anlayışı ifadə olunacağı iddiası Ankaranı narahat edir.

Oxşar xəbərlər