Hələb Türkiyənin nəzarətinə verilir - iddia...

  • 21 iyul 2018, 10:55

Xarabalığa çevrilmiş bölgələrin təmir ediləcəyi və qaçqınların bura yerləşdiriləcəyi planına Əsəd imkan verməməyə çalışacaq

Suriyanın Hələb, Hama və İdlib vilayətləri yaxın zamanlarda Türkiyənin nəzarətinə veriləcək. Türkiyə bu bölgələrin yenidən təmir və bərpasını həyata keçirəcək, Türkiyədəki və Avropadakı qaçqınlar buraya dönəcək.

Belə bir sensasion iddia ilə Türkiyənin "Yeni Şafak” qəzeti çıxış edib. Suriya Müxalif İnqilabçı Qüvvələr Koalisiyasının üzvü Fuad Alikoya istinadən yaydığı xəbərdə qeyd olunur ki, Yaxın Şərqin ən böyük sənaye şəhəri olan Hələb Türkiyənin nəzarətinə verildikdən sonra təmir və bərpa ediləcək, bundan sonra isə Türkiyədə, eləcə də Avropada yaşayan 3 milyondan artıq qaçqın geri qayıdaraq bu şəhər və ətrafında məskunlaşacaq.

F.Aliko deyib ki, hazırda bu yöndə Rusiya və Türkiyə arasında danışıqlar davam edir, ciddi məsafə qət edilib. Müxalifət təmsilçisi deyib ki, Avropadan və Türkiyədən qaçqınların geri qayıtması hökumət və şiə partizanları ilə danışıqlardan sonra başlayacaq. Hələbin şiələr yaşayan Fua və Kefarya qəsəbələri boşaldıqdan sonra (sözügedən qəsəbələr dünən tamamən boşaldılıb, anlaşma əsasında 3 ildən çoxdur mühasirədə qalan qəsəbələrin mülki əhalisi və silahlı döyüşçülər Hələbə köçürülüb - K.R.) Hələb, Hama və İdlibdən ibarət "sünni koridoru” qətiləşəcək. F.Aliko onu da deyib ki, bu plana əsasən Suriya faktiki olaraq 3 hissəyə bölünəcək. 2018-ci ilin ikinci yarısından etibarən Suriyanın şərqində ABŞ-PKK ittifaqı, orta ərazilərdə Türkiyə-ASO, cənub və qərb bölgəsində isə Rusiya-Suriya (rəsmi hökumət - K.R.) nüfuz bölgələri formalaşacaq.

Sitat: "Laziqiyyə, Tartus, Hums, Dəməşq, Deyr əz-Zor Suriya-Rusiya-İran ittifaqının nəzarəti altında olacaq. Fəratın şərqində Hasake, Raqqa, Deyr əz-Zor çöl ərazisi ABŞ-PKK ittifaqına veriləcək. Orta bölgədə isə sünni əhalinin çoxluqda yaşadığı Hama, İdlib və Hələb bölgələri Türkiyənin nəzarətində olacaq. Bu istiqamətdə dövlətlər arasında danışıqlar davam edir. Hazırda Hələb əl-İys, Raşidin, əl-Bab, Xan Asal istiqamətindən Türkiyə ordusu və ASO-nun mühasirəsi altındadır. Qarşıdakı dövrdə hərbi əməliyyatlardan daha çox diplomatiya və siyasət sahəsində addımlar atılacaq. Türkiyənin də daxil olduğu proses çoxşaxəli, regional və beynəlxalq oyunçuların daxil olduğu çərçivədə davam edir”.

Suriyalı müxalifətçi etiraf edib ki, hazırda İdlibdə Cund əl-Aqsa, Təhrir əş-Şam kimi "nəzarətdə olmayan” qruplar var. Eyni zamanda bölgədə şiə silahlıları, həmçinin kürd ərazilərindəki PKK varlığı Türkiyə üçün problemdir, ancaq buna baxmayaraq o ümid edir ki, Hələbin Türkiyəyə verilməsi ilə yeni proses başlaya bilər.

Qeyd edək ki, "Yeni Şafak” adətən bu cür "sensasiyalı” məqalələrlə gündəmə gəlir. Xüsusən də Orta Şərq və Türkiyənin regional siyasəti ilə bağlı qəzetin fantastik iddiaları özündə əks etdirən yazıları zaman-zaman dərc olunub. Yuxarıda qeyd olunan iddianın isə məntiqi baxımdan, eləcə də hazırda Suriyadakı güc bölgüsü baxımından əsası yoxdur. Yəni indi bu iddianı şərtləndirəcək hərbi-siyasi vəziyyət yoxdur.

İlk növbədə ona görə ki, qeyd olunan plan Suriyanın faktiki olaraq məzhəb və etnik planda bölünməsini nəzərdə tutur. Yəni faktiki olaraq ölkə 3 yerə ayrılacaq: Ələvi (Nusayri) və şiələrin əlində olan cənub-qərb, sünnilərin nəzarətindəki şimal və kürdlərin nəzarətindəki şimal-qərb. Aydın məsələdir ki, bu cür siyasi bölgü 3-4 il əvvəl gündəmə gəlsə də, nə region dövlətləri, nə də dünya ölkələri bu bölgü ilə razılaşmadı. Çünki bu cür etnik və məzhəbi təməlli bölgü bütün Yaxın Şərqdə domino effekti verər, etnik və dini-məzhəbi münaqişələri alovlandıra bilərdi.

Digər tərəfdən, Suriyanın indi bu şəkildə bölünməsi nə Əsədin və onun hökumətinin, nə də Rusiya və İranın maraqlarına cavab vermir. Hətta Amerikanın və Avropanın bu cür bölgüyə, yəni ölkənin əsas yarısının Türkiyənin kontroluna keçməsinə razılıq verəcəyi inandırıcı deyil. Rusiya və İran isə Əsədin nəzarətində olan bölgələri müxaliflərə təhvil verməsinə razılıq verə bilməz. Çünki birincisi, bu bölgələr, o cümlədən xüsusən də Hələb Əsəd və müttəfiqləri üçün baha başa gəlib. 2015-2016-cı illərdə Hələb uğrunda ağır döyüşlər olub, demək olar ki, hər məhəllə uğrunda savaş baş verib. Suriya ordusu və müttəfiqlər Hələbdə ağır itkilər veriblər.

Digər tərəfdən, Hələb Yaxın Şərqin sənaye, əsas da tekstil mərkəzi hesab olunur. Müharibədən əvvəl Hələb və ətrafında 4 milyondan çox insan yaşayıb. 320-dən artıq zavod və fabrikin mövcud olduğu Hələbin məhsulları Rusiya da daxil olmaqla, regionun bir çox ölkələrinə satılıb. Üstəlik, strateji baxımdan Hələb Yaxın Şərqin əsas magistral yolların üzərində yerləşir. İordaniya, İraq, Türkiyə, Livan kimi ölkələri birləşdirən nəqliyyat xətləri bu şəhərdə kəsişir. Belə bir strateji əhəmiyyətli böyük məntəqəni Əsəd və müttəfiqlərinin təhvil verməsi inandırıcı görünmür.

Bəlkə də 4 il əvvəl bu barədə danışmaq daha məntiqli görünə bilərdi, çünki həmin vaxt Hələb Əsədin əlində deyildi. Ancaq indi Bəşər Əsəd faktiki olaraq Dəra da daxil olmaqla, cənub rayonlarını aza edib və indi qarşısında İdlib və Deyr əz-Zor kimi bölgələr qalır. Belə bir vaxtda, sahədə faktiki olaraq hərbi üstünlüyü əldə etmiş Bəşər Əsədin əlindəki məntəqələri müxaliflərinə təhvil verməsi mümkün deyil.

Bu səbəbdən də qəzetin və istinad etdiyi müxalif şəxsin iddiasını doğru qəbul etmək olmaz. Ancaq bu xəbərin ortaya çıxması bir mənada İdlib əməliyyatı ilə bağlı siqnal hesab oluna bilər. İdlibin taleyi indi Rusiya-Türkiyə anlaşmasından və sahədə müxaliflərin davranışından asılı olacaq. Müxalifət daxilində toqquşmaların güclənməsi Bəşər Əsədin İdlibə yönəlməsinə səbəb ola bilər. Ancaq Rusiya və Türkiyənin Suriyanın şimalının taleyi ilə bağlı müzakirələri realdır. Çünki ruslar hər nə qədər amerikalıların bölgədən çıxmasını istəsələr də, Türkiyə ilə anlaşmağa meyllidir. Təbii ki, bu həm də mövcud siyasi şərtlərdən asılı olacaq. Ancaq indilikdə suriyalı müxalifətçinin dediyi kimi, bölgənin taleyi ilə bağlı Ankara və Moskvanın hansısa razılaşma üzərində işləməsi gözləniləndir

"Yeni Müsavat”

Oxşar xəbərlər