ABŞ-dan Türkiyəyə qarşı müəmmalı qadağa

  • 02 iyul 2018, 11:12

Nəzakət Məmmədova: "Xəbərdarlıq Ankaraya qarşı artan basqıların növbəti nümunəsidir”

ABŞ Dövlət Departamenti növbəti dəfə öz vətəndaşlarına Türkiyəyə səfər etməməyi tövsiyə edib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

Qeyd edək ki, ABŞ vətəndaşlarına xəbərdarlıq bundan əvvəl də, yanvarın 10-da edilmişdi. Lakin budəfəki xəbərdarlıqda yeni səbəblər yer alıb:"Terror və qanunsuz saxlanılmalar təhlükəsi olduğundan Türkiyəyə səfər etməməyi tövsiyə edirik”. Departament ABŞ vətəndaşlarına xüsusən Türkiyə-Suriya sərhədinə və ölkənin 15 cənub-şərq əyalətlərinə səfər etməməyi məsləhət görüb. Tövsiyəyə baxmayaraq Türkiyəyə səfər edənlər əcnəbilərin daha çox olduğu yerlərdən, aksiyalar keçirilən ərazilərdən uzaq olmağa, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu otellərə üstünlük verməyə çağırılıb.

Türkiyədəki növbədənkənar prezident və parlament seçkilərindən sonra belə bir çağırışın edilməsi maraq doğurur. Təhlükəsizlik üzrə ekspert Nəzakət Məmmədova bildirdi ki, Departamentin bu xəbərdarlığı seçkilərdən sonra Türkiyəyə qarşı aparılan kampaniyanın növbəti təzahürüdür: "Seçki ərəfəsində və seçkilərdən dərhal sonra Türkiyəyə qarşı artıq gördüyümüz kimi təzyiqlər daha da güclənib. Bir neçə gün əvvəl ABŞ Türkiyənin Rusiyadan S-400 alacağı təqdirdə ona qarşı sanksiyalar tətbiq edə biləcəyini açıqlamışdı. Ardından isə bu xəbərdarlıq Türkiyəyə qarşı artan davamlı basqıların daha bir nümunəsidir. ABŞ Ərdoğanın qələbəsindən narahatdır və bunu qəbul etmədiyini bu cür bəyanatlarla sübut edir. Ərdoğanın yenidən seçilməsi, üstəlik, bu dəfə daha da güclənmiş və bütün səlahiyyətləri əlində cəmləşdirmiş halda hakimiyyətdə qalması Qərbi narahat edir. Bu, ABŞ və Yaxın Şərqdəki müttəfiqlərinin, eləcə də bəzi Avropa ölkələrinin ”Daha Böyük Orta Şərq" şərti adı verilən, əslində isə "Soyuq müharibə”dən sonra Yeni Dünya nizamı qurmaq planlarının məhv olması deməkdir. Ərdoğanın hakimiyyətdə qalması Orta Şərqin olduqca əhəmiyyətli ölkəsi olan Türkiyənin bu plana mane olaraq müqavimət göstərməsinə səbəb olacaq. ABŞ, İngiltərə, Fransa 100 il əvvəl də yeni dünya düzənini məhz Osmanlını parçalayaraq həyata keçirmişdi. Sayks-Piko, Sevr müqavilələri ilə buna nail olmağa çalışmışdı. Bu gün də Türkiyəni parçalayaraq növbəti yüzillikdə Yeni dünya nizamı formalaşdırmaq istəyirlər. Ərdoğan isə region ölkələri arasında, elə dünyada da buna mane olan ən böyük liderlərdən biridir. Təbii ki, Putinin də bu işdə haqqı tanınmalıdır. ABŞ bu cür xəbərdarlıqları bir qayda olaraq o zaman edir ki, o ölkə Birləşmiş Ştatların mənafeyinə deyil, öz milli maraqlarına uyğun olan addımlar atsın. Bu zaman o ölkənin beynəlxalq nüfuzunu müəyyən qədər azaltmaq, guya dövlətin əcnəbilərin təhlükəsizliklərini lazımı dərəcədə təmin etmək iqtidarında olmadığını sübut etmək üçün, turist qəbul edərək büdcəsini artırmaq və s. qarşısını almaq üçün bu cür bəyanatlar verilir. Lakin ən əsas məqsəd siyasi təzyiq vasitəsidir".

N.Məmmədova onu da vurğuladı ki, Azərbaycanın özü də dəfələrlə ABŞ Dövlət Departamentinin bu cür xəbərdarlıqlarına məruz qalıb: "Ölkəmiz ABŞ mənafeyinə zidd beynəlxalq enerji, kommunikasiya layihələri həyata keçirən dövrlərdə yüksək riskli ölkələr sırasına aid edilib. Halbuki vətəndaş iğtişaşlarının baş verdiyi, dövlət çevrilişlərinin, dövlət orqanlarına silahlı basqınların olduğu qonşu Gürcüstan və Ermənistan daha az riskli ölkələr sırasına aid edilib. Azərbaycan nəinki Cənubi Qafqazda, postsovet məkanında, hətta dünyada ən sabit, əmin-amanlığın hökm sürdüyü ölkələrdən biridir. Ölkəmizin də, hazırda Türkiyənin olduğu kimi bu cür xəbərdarlıqla üzləşməsi siyasi məqsəd daşıyır. Bu xəbərdarlığın heç bir əsası yoxdur. Türkiyədə hazırda fövqəladə vəziyyət rejimi hökm sürür, əməliyyat şəraiti hüquq-mühafizə orqanlarının tam nəzarəti altındadır. Ölkədə baş tutan seçkilər tam demokratik, əmin-amanlıq şəraitində keçib, müxalifət seçkilərin nəticəsini tanıyıb, narazılıq, iğtişaş olmayıb. Belə olan halda bu xəbərdarlığın mənası nədir? Bir məqamı da unutmayaq ki, bəzən ABŞ belə xəbərdarlıqlar etdikdən sonra elə olub ki, Türkiyədə terror aktları baş verib. Burada iki ehtimal var ya ABŞ kəşfiyyatı terror barədə məlumatlı olub, lakin bu barədə Türkiyə tərəfini xəbərdar etməyib - baxmayaraq ki, iki ölkə arasında həm ikitərəfli əməkdaşlıq, həm də NATO çərçivəsində terrorçuluğa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsi barədə razılaşmalar var. Terror təhdidi varsa, ölkələr mütləq bir birini xəbərdar etməlidir. Necə ki, Türkiyə Avropa ölkələrini terror barədə xəbərdar etdi və doğurdan da Fransa və Belçikada terror aktları törədildi, yaxud ABŞ Rusiyanı Sankt-Peterburqda planlaşdırılan terakt barədə əvvəlcədən xəbərdar etdi. Sual olunur ki, ABŞ Dövlət Departamenti nəyə əsasən Türkiyədə terror xəbərdarlığı edib? Əgər əlində tutarlı faktlar varsa, bu məlumatı Türkiyəyə ötürübmü? Doğrudur, PKK seçkilərdən öncə, Türkiyə ordusu Kandildə hərbi əməliyyatlar başlayan dövrdə Türkiyəni terrorla hədələyib. Türkiyə hər an terrora məruz qala biləcək ölkədir. Lakin artıq uzun müddətdir ki, ölkədə terror baş vermir. Doğrudur, ABŞ səfirliyi bundan əvvəl də dəfələrlə öz vətəndaşlarına Türkiyəyə getməmək xəbərdarlığı edib, eyni zamanda ola bilsin ki, Türkiyədəki səfirliyinə və konsulluğuna məxfi direktiv göndərərək Türkiyədəki Amerika şirkətlərinə, habelə oradakı vətəndaşlarına zərurət olmadığı hallarda xüsusən bayram günlərində insanların sıx toplaşdığı yerlərdən, əyləncə məkanlarından uzaq durmağı tövsiyə edib. Adətən belə hallarda hökumət binaları, ictimai binalar, hərbi obyektlər, xarici səfirliklər, xarici şirkətlər, banklar, ibadət və turizm yerləri daha çox hədəf obyekti ola bilər. ABŞ səfirliyinə Vaşinqtondan göndərilən, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi qrifli direktivlərində yəqin ki, bunlar hamısı detallı şəkildə göstərilir. ABŞ elə bir dövlətdir ki, onun istənilən bəyanatı məqsədindən asılı olmayaraq gözardı edilə bilməz. Bu baxımdan yəqin ki, heç şübhəsiz Türkiyə də bunu diqqətə alacaqdır. Üstəlik də hər tərəfdən atəş çənbərində olduğu bir dövrdə ABŞ xəbərdar etdi-etmədi, Türkiyə daima terrora qarşı aldığı tədbirləri ən yüksək səviyyəyə çıxaracaqdır. Türkiyədə əvvəlki illərdə adətən turizm mövsümündə teraktlar çox olub deyə ABŞ bununla əsaslandıra bilər. Lakin son dövrlərdə teraktların sayı azalıb. Ona görə də bu xəbərdarlıq daha çox seçki ilə əlaqəli görünür”.

"Yeni Müsavat”

Oxşar xəbərlər