Azərbaycan ABŞ-la İranı barışdıra bilər - vasitəçilik...

  • 05 iyun 2018, 10:09

Politoloq: "Yaxın tariximizdə Türkiyə-Rusiya arasında yaranan gərginliyin aradan qalxması üçün Azərbaycanın vasitəçilik etməsi təcrübəsi var”

ABŞ-İran münasibətləri günbəgün kəskinləşməkdədir. İrana qarşı ABŞ tərəfindən 90-180 gün ərzində sanksiyaların bərpa olunacağı bildirilir. İlk növbədə (avqust) İranın dollarla əməliyyatlar həyata keçirməsinə, qızıl və digər qiymətli metal ticarətinə, polad, kömür, alüminium, proqram təminatı alqı-satqısına, avtomobil sənayesinə, İranın suveren borcu ilə bağlı əməliyyatlara, İran rialı ilə iri miqdarda tranzaksiyalar həyata keçirilməsinə sanksiya tətbiq ediləcək. İkinci mərhələdə (noyabr) İranın enerji sektoruna, neft şirkətlərinə, neft treyderlərinə, limanlarına, gəmiqayırma sənayesinə, İran Milli Bankına, sığorta sisteminə sanksiyalar bərpa olunacaq.

Ekspertlər bildirir ki, sanksiyalar şübhəsiz ki, İranda iqtisadi problemləri dərinləşdirəcək. Tramp hökumətinin məqsədi budur ki, ötən ilin dekabrında olduğu kimi, əhali ayağa qalxsın və mümkünsə, inqilab etsin. ABŞ-ın məqsədinin İranda rejim dəyişikliyi olduğunu ötən həftə Trampın vəkili Rudolf Juliani də təsdiqləyib.

Bir qisim ekspertlər isə hesab edir ki, gərgin münasibətlər müharibə ilə nəticələnə bilər.

Hətta Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ötən həftə bəyan etdi ki, ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxması bu ölkədə sosial partlayışa səbəb olacaq, nəticədə iranlı qaçqınlar Qafqaza axın edəcək.

Bəllidir ki, ABŞ-İran münasibətlərinin müharibə fazasına keçməsi Azərbaycan üçün də bir sıra problemlərə yol aça bilər. Bəs müharibənin olmaması üçün Azərbaycanın nə kimi köməyi, vasitəçiliyi ola bilər? Yoxsa biz bu məsələdə sözü eşidilməyəcək kiçik dövlətlərdənik?

Politoloq Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, ABŞ-İran münasibətlərinin müharibə fazasına keçməsi perspektivinin real olduğu hələ görünmür. Hazırda məsələ sanksiyalar və məhdudiyyətlər qoymaqla pressinqi gücləndirməkdən ibarətdir. ABŞ bu yolla İranda iqtisadi vəziyyəti ağırlaşdırmağa, içəridə narazı insanların sayını artırmağa və onların rejimə qarşı çıxmasına çalışır. Amma bu gün İranın daxilində olan vəziyyət imkan vermir ki, rejimi dəyişə biləcək gücdə etirazlar baş qaldırsın: "Belə halda isə kənardan  hərbi müdaxilənin olunması İranın mövqelərinin güclənməsinə gətirib çıxarda bilər. Regionda qısamüddətli isti qarşıdurmaların olması ehtimalı hər zaman var. Buna İsrailin İranla aralarında olan düşmən münasibətləri təkan verə bilər.

Amma ABŞ qoşulmayınca bu da uzunmüddətli və geniş miqyaslı müharibəyə gətirməyəcək. Bu qarşıdurmada Azərbaycanı narahat edən məqamlar olsa da,  arada qalmamaq əsas hədəfimiz olmalıdır. Sözsüz ki, sərhədlərimizdə hərbi əməliyyatların olacağı halda onun təsirləri bizə də keçə bilər. Amma böyük dövlətlərin bu şəkildə olan qarşıdurmalarında  kiçik dövlətlərin istəyi və mövqeləri onları qane etmədikcə qəbul olunmayıb. Lakin yaxın tariximizdə Türkiyə-Rusiya arasında yaranan gərginliyin aradan qalxması üçün Azərbaycanın vasitəçilik etməsi təcrübəsi var. Ola bilsin hansısa mərhələdə bizdən vasitəçilik istənilsin, amma bu o anlama gəlməməlidir ki, qarşıdurmanın dayanmasında və ya güclənməsində bizim istəyimizin müstəsna rolu olacaq. Bunlara rəğmən Donald Tramp elə bir dövlət başçısıdır ki, hamının  gözləmədiyi, hərəkətləri gözlənilmədən edir, bu gün dediyinin əksini bir müddət sonra rahatçılıqla söyləyə bilir.  Bu da həm ABŞ-ın özü üçün, həm də digərləri üçün çox risklidir. Yəni onun şəxsinin verəcəyi qərarları proqnozlaşdırmaq çətindir”.

"Yeni Müsavat”

Oxşar xəbərlər