Gürcüstanın baş naziri devrilə bilər - aksiyaçılar istefa istəyir

  • 01 iyun 2018, 10:09

Gürcüstanda parlamentin binası qarşısında keçirilən aksiyada 2000 nəfərdən çox adam iştirak edir.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, hazırda aksiya iştirakçılarının tələbi dəyişib. Günorta saatlarında baş prokurorun, cinayətin ört-basdır edilməsində şübhəli bilinən prokurorların istefası tələb olunurdusa, indi aksiya iştirakçıları baş nazir Georgi Kvirikaşvilin də istefasını tələb edirlər. Hakimiyyəti korrupsiyaya uğramaqda ittiham edən kütlə Bdzina İvanişvilinin də siyasətdən getməsini tələb edir.

Etirazçıların fikrincə, prokurorluq və məhkəmələrin korrupsiyalaşmasında indiki hakimiyyət təqsirkardır. Aksiyanın səhərə qədər davam edəcəyi bildirilir.

Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Xorava küçəsində 51 nömrəli məktəbin iki şagirdi aldıqları bıçaq yaralarından dünyalarını dəyişiblər.

Məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Ölən şagirdlərin valideynləri bunda prokurorluq orqanlarını təqsirkar sayaraq aksiyaya başlayıblar. Baş prokuror ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib. Parlament isə işin yenidən araşdırılması üçün xüsusi komissiya yaradıb.

Aksiya davam edir.

Oxşar xəbərlər