İrəvandan Bakıya qarşı yeni təxribat - Video yayıldı

  • 24 apr 2018, 07:59

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun cəbhəyə zirehli texnika və canlı qüvvə yığmasını "sübut edən” video təqdim edib.

Demokratik.Az xəbər verir ki, harada və nə zaman çəkildiyi bəlli olmayan videoda yalnız bir neçə "Kamaz” markalı hərbi yük maşınının hərəkəti müşahidə edilir. Sərkisyanın istefası ərəfəsində hazırlanan və yayılan məlumat isə İrəvandakı siyasi proseslər səbəbindən media qurumlarının diqqətini daha gec çəkib.

Qeyd edək ki, İrəvanda mitinqlərin kütləviləşməyə başladığı zamandan keçmiş baş nazir Serj Sərkisyan və ona bağlı olan media qurumları Azərbaycan "kart”ından istifadə etməyə cəhd göstərdi. Guya Ermənistanda vəziyyət gərginləşəcəyi halda Azərbaycan Ordusunun hücum edəcəyi ilə manipulyasiya etməyə cəhd göstərən Sərkisyan və mediası uğursuzluğa düçar oldu.

Azərbaycan Müdafiə Nazirliyi iki dəfə ardıcıl bəyanat yaymaqla bu məlumatları əsassız adlandırdı və cəbhədə hər hansı dəyişiklik olmadığını bildirdi. Erməni tərəfi isə təxribata cəhd etdi, hətta 18 aprel tarixində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası aldı. Buna baxmayaraq, Azərbaycan Ordusu cavab zərbəsi endirməklə, cinayətkar Sərkisyan rejiminin təbliğatına bəhanə üçün şans vermədi.

Bu gün Azərbaycan Müdafiə Nazirliyi bir daha cəbhə bölgəsində heç bir hərbi texnika cəmləşməsinin həyata keçirilmədiyini açıqlamaqla bərabər, Ermənistanın məhz bu ərəfədə təxribat törətmə ehtimalının istisna olunmadığını, buna görə də atəşkəs rejiminə ciddi əməl etməklə, düşmənin istənilən təxribatının qarşısını almaq üçün cəbhə ərazisini tam nəzarətdə saxladığını elan etdi.

Qeyd edək ki, Sərkisyan bu gün - hakimiyyəti yenidən zəbt etməsinə qarşı başlayan kütləvi aksiyaların 11-ci günündə - istefa verməyə məcbur olub.

Hazırda Ermənistanda hökumət də tam tərkibdə istefa verib. /axar.az/

Demokratik.Az

Oxşar xəbərlər