Türk ruhunun böyük və inadkar daşıyıcısı – Ərdoğan

  • 07 apr 2018, 10:23

Türkiyə Cümhuriyyətinin artan gücü və onun liderinin şəxsiyyəti dünyanı yönəldən gücləri çox rahatsız edir

Son illərdə dünya mətbuatının səhifələrində yer alan dövlət başçıları arasında Rusiya prezidenti Vladımır Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi yer tutur. Hətta Çin və ABŞ kimi super güclərin başçılarına da onlar qədər yer ayrılmır. Qərb dünyasının özü üçün ən böyük təhlükə mənbəyi hesab etdiyi Rusiya prezidentinə ayrılan diqqət təbiidir, amma Mustafa Kamal  Atatürk dönəmindən bəri dünya mediası Türkiyə liderinə bu qədər diqqət ayırmayıb. Onlar Rəcəb Tayyib Ərdoğanı daha çox qara rənglərdə təsvir etsələr də, onu "sultan”, "diktator” adlandırsalar da, Osmanlı imperiyasını dirçəltmək istəyində bulunmaqda suçlasalar da, bir şeyi qətiyyətlə demək olar: Türkiyə Cümhuriyyətinin artan gücü və onun liderinin şəxsiyyəti dünyanı yönəldən gücləri çox rahatsız edir.

Uinston Çörçill ingilislər üçün, Şarl de Qoll fransızlar üçün, Avraham Linkoln amerikalılar üçün kimdirsə, R.T Ərdoğan da türklər üçün elədir, hələ bəlkə bir az da artıqdır...

Batının Ərdoğan kimi liderdən yana əndişəsi 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi baş verəndə xüsusilə qabarıq göründü. Qiyamçılar öz cəhdlərinə başlar-başlamaz, bu çevriliş tamaşasının rejissorlarının xidmətində olan media quruluşları prezident R.T.Ərdoğanın naməlum istiqamətdə getdiyini və ya artıq taleyinin həll olunduğunu böyük məmnunluqla bildirirdilər. Yəqin ki, bu qiyamı ssenariləşdirənlər Türkiyədə dəfələrlə olduğu kimi, onların xidmətində olan hərbiçilərin hakimiyyəti rahatca ələ keçirəcəyini düşünürdülər. Qərb mediasının münasibətindən açıq-aydın hiss olunurdu ki, Türkiyənin NATO üzrə müttəfiqləri hərbiçilərin bu aksiyasından heç də xəbərsiz deyillər. "Mister ikslər” edam cəzası olmayan bir məmləkətin başçısının ölüm fərmanına imza atmışdılar. Hətta çevriliş cəhdinin ilk saatlarında, adətən sarayın  istəklərini dilə gətirən məşhur rus siyasətçisi, dəlibaş Vladimir Jirinovski artıq işin bitdiyini, Rəcəb Tayyib Ərdoğanın və keçmiş baş nazir Əhməd Davudoğlunuun edam olunacağını söyləyirdi. V.Jirinovskinin dediklərinə rəğmən, ilk olaraq Rusiya prezidenti Vladimir Putin Türkiyə iqtidarına öz dəstəyini bildirdi.

Azərbaycan prezidenti İlham Əliyev isə Türkiyə iqtidarına dəstəyini nəinki şifahi çıxışlarında və Ərdoğanla telefon danışıqlarında ifadə etdi, həm də qardaş ölkəyə gedərək, R.T.Ərdoğana şəxsi dəstəyini nümayiş etdirdi. Və bununla da "bir millət, iki dövlət”in ayrılmaz olduğunu Türkiyənin düşmənlərinə göstərdi. Türkiyə Cümhuriyyətini gözü götürməyənlərin istədiyi isə alınmadı, fələk adlı mələk onların saydığını saymadı. Bu ssenarini yazanlar, sadəcə, bir şeyi nəzərə almamışdılar - Türkiyə artıq əvvəlki Türkiyə deyil. Böyük Fatehlərin torunları olan bu xalq, bu ordu daha səlibçilərin vassalı olmaq istəmir. Xalqın seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqına, tarixin ən böyük qəhrəmanlarının genini daşıyan türk xalqına müraciət edərək, zalımlara boyun əyməməyə, küçələrə çıxıb sui-qəsdçilərə dirəniş göstərməyə çağırdı. Minarələrdən ucalan azan sədaları altında "Allahu-Əkbər” deyərək küçələrə axışan milyonlarla insan yalın əllə tankların, topların, silahlı əsgərlərin üzərinə axın etdi və  çağdaş Türkiyə tarixinə yeni bir qəhrəmanlıq dastanı yazdı.

Ordudakı milli qüvvələr də prezidentə sadiq qalaraq Türkiyə dövlətinin yanında yer aldılar. Həmin gün "İslamın son ordusu” adlandırılan türk xalqı səlibçilərin muzdlularını diz çökdürdü: yüz il öncə Sakaryada onların ağalarının babalarını çökdürdüyü kimi. O gecə məlum oldu ki, artıq Türkiyə əvvəlki kimi ABŞ və Avropa Birliyinin sınaq meydanı olmaq istəmir, artıq bu ölkədə şərəfli babalarının əsrlər boyu yaşatdığı əzəməti damarlarında daşıyan yeni bir nəsil ortaya çıxıb və onlar XXI əsrin başlarında yeni Çanaqqala Zəfəri inşa etmək üçün israrlıdırlar. Onlar illər uzunu belə bir zəfərin memarını gözləmişlər və Cənabi Allah bu xalqı qələbədən-qələbəyə aparmaq üçün ona bəsirətli bir lider bəxş etmişdir. Əgər yüz il öncə, Osmanlı əzəmətinin çökdüyü bir zamanda belə  bir xilaskar Qazi Mustafa Kamal Atatürk oldusa, həmin əzəmətin baş qaldırdığı yeni zamanda xilaskar funksiyanı, ən yüksək kürsülərdən "Dünya beşdən böyükdür” deyərək II dünya müharibəsinin qalibləri olan beş hegemon gücə meydan oxuyan Yeni Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürdü. Buna heç iqtisadi cəhətdən çox gəlişmiş Almaniya və Yaponiya kimi dövlətlər də cəsarət etməmişdilər. Bəs onda on illər boyu Avropanın öz kandarında görmək istədiyi Türkiyənin başçısının bu cəsarəti haradan qaynaqlanır? Bunu görmək üçün onun həyat yoluna nəzər salmaq yəqin ki, faydalı olar.

Ötən əsrin 90-cı illərinin əvvəllərində İstanbul Avropanın ən çirkli və zibilli şəhərlərindən biri kimi tanınırdı. Bu nəhəng meqapolisin küçələrini sözün əsl mənasında zibil basmışdı. Şəhər bələdiyyəsi əhalinin "çöp təpələri” adlandırdığı zibilliklərin öhdəsindən heç cürə gələ bilmirdi. Yeddi təpəli şəhər minlərlə çöp təpəsinə çevrilmişdi. Şəhərin su təchizatı da bərbad gündə idi. İnsanlar saatlarla su növbəsinə dayanırdılar. Bəzən belə növbələr kilometrlərlə uzanıb gedirdi. İstanbulun qaz təchizatı zəif olduğundan hər yerdə kömür yandırırdılar, ona görə də xüsusən qış aylarında küçələrdə nəfəs almaq belə çətin idi. Bu vəziyyət 1994-cü ildən sonra, gənc siyasətçi Rəcəb Tayyib Ərdoğanın İstanbulun bələdiyyə başqanı seçilməsi ilə sürətlə dəyişməyə başladı. Yeni bələdiyyə başqanının gördüyü tədbirlər nəticəsində zibil təpələrinin küçələrdən yığışdırılıb emal edilməsi və su təchizatı qaydaya düşdü. Gecəqonduların yerində yeni çağdaş binalar, parklar tikilməyə başladı. Qaz təchizatı qaydaya qoyulduğundan, tüstü buludları şəhərin üzərindən çəkildi. 600 il böyük bir imperiyanın mərkəzi olmuş İstanbul yavaş -yavaş layiq olduğu şəkli almağa başladı.

Qısa bir surədə  böyük dəyişikliklər həyada keçirən R.T.Ərdoğan  öz əməlləri ilə istanbulluların könlünü fəth etdi. Bəlkə də bu hadisə Sultan Fateh Məhməd Xanın fəthindən sonra İstanbulun ikinci fəthi oldu. Bu fəthin ərazisi isə milyonlarla insanın könlü və sevgisiydi və bu könüllər Rifah Partiyasında fəaliyyət göstərən gənc siyasətçi Rəcəb Tayyib Ərdoğanın siyasət Olimpinə doğru getdiyi yolda dirənə biləcəyi istinad nöqtəsinə çevrildi. Əlbəttə, bu yol heç də başladığı kimi hamar olmadı. 1995-ci ildə rəhmətlik Nəcməddin Ərbakanın başçılıq etdiyi Rifah Partiyası Türkiyədə parlament seçkilərində qalib gəldi və hökumət qurmaq hüququ qazandı. Bu qələbədə İstanbulun xalq tərəfindən sevilən bələdiyyə başqanı da az rol oynamadı. Koalision hökumətə başçılıq edən Nəcməddin Ərbakan "Avropada sonuncu dövlət olmaqdansa, İslam dünyasında birinci dövlət olalım” deyərək hegemon güclərin qoyduğu qaydaları pozdu və  28 fevral 1997-ci ildə ordu mənsubları, Türkiyəni sevməyənlərin arzusunu yerinə yetirdilər  (onları dərin dövlət adlandırmaq elə də uğurlu fikir deyil, çünki hadisələr göstərdi ki, Türkiyə dövlətinin daha dərin dayaqları  var), onu hakimiyyətdən düşürdülər və az bir zamandan sonra partiyanı qapatdılar.

Lozanna müqaviləsini Türkiyəyə qəbul etdirənlər ona 780 min kvadrat kilometr ərazi ayırmış və keçmiş Osmanlı torpaqları tərəfə baxmamaq şərtini qoymuşdular. R.T.Ərdoğan da İstanbulun bələdiyyə başqanlığından getməli oldu, ona məhkəmə hökmü ilə 10 aylıq həbs cəzası da verildi. Fəqət bu gediş çox əzəmətli alındı. Balkon çıxışı yapan bələdiyyə başqanının görüşünə on minlərlə insan gəldi. Bu, könüllər fatehinin triumfu idi. Bəlkə də o, öz qarşısına mövcud siyasi sistemi dəyişmək və Türkiyəyə itirilmiş əzəmətini qaytarmaq hədəfini məhz həmin zamanda qoydu. Sonrakı hadisələr göstərdi ki, R.T.Ərdoğan qarşısına qoyduğu hədəflərə çatmağı çox yaxşı bacarır. Bir siyasətçi kimi, yaxın və uzaq hədəflər müəyyənləşdirib ona doğru getmək bacarığı  onun ən böyük üstünlüklərindən biridir.

Bu gün xarizmatik fiqurların az olduğu dünya siyasi liderləri arasında belələrini barmaqla saymaq olar. Onun bu istedadı baş nazir və prezident olduğu dönəmlərdə özünü qabarıq şəkildə göstərməyə başladı. Fəqət bütün bunlar sonralar olacaq, hələlik isə o, generallar tərəfindən qapadılmış Rifah Partiyasında fəaliyyət göstərirdi, çıxışlar edirdi, çıxışlarında şeirlərdən sitatlar gətirirdi. Çıxışlarından birində, daha dəqiqi, 1997-ci ildə Siirtdə etdiyi bir çıxışda "türkçülüyün atası” Ziya Göy Alpdan gətirdiyi sitata görə onu həbsxanaya salmışdılar.  "Minarələr süngü, qübbələr miğfər, camilər qışlamız, möminlər əsgər”. Onu mühakimə edənlərin məntiqi qəribə idi: həm özlərini Atatürk yolunun qoruyucuları elan edirdilər, həm də Atatürkün özünə mənəvi ata saydığı Z.Göy Alpın şeirlərindən sitat gətirməyə görə insanı zindana atırdılar. Şübhəsiz ki, məsələ tək şeirdə deyildi, onları qorxudan daha çox Ərdoğanın xarizması və xalq arasındakı populyarlığı, belə bir şəxsiyyətin İslam təmayüllü siyasətçilərin sırasında olması idi.

Bir çox üstün keyfiyyətlərə malik bu insanın populyarlığının bir səbəbi də siyasi nitqə poetik əhval-ruhiyyə gətirməsi, verdiyi vədləri doğru-dürüst yerinə yetirməsi idi. Bu populyarlıq 2001-ci ildə onun tərəfindən Ədalət və Qalxınma Partiyasının (AK Parti) yaradılması və 2002-ci ildə həmin partiyanın parlament seçkilərini təkbaşına udması ılə nəticələndi. Bu, Türkiyə cəmiyyətində fenomenal hadısə idi və İstanbulda könülləri fəth edən Ərdoğan məmləkət miqyasında da könüllər fatehinə çevrildi.  Fəqət qalib partiyanın rəhbərinin parlamentə düşməsinə əngəl törədildi. Ölkənin baş naziri partiyanın qurucularından olan Abdulla Gül seçildi, amma Ərdoğanın əngəli aşıb hədəfə çatmaq bacarığı burada da özünü göstərdi. O, qanunsuz yasağı aşıb millət vəkili, daha sonra baş nazir oldu və Türkiyədə parlament sistemi ilə ordu sistemi arasında açıq rəqabət başladı. Daha doğrusu, bu sistem 1946-cı ildə ABŞ tərəfindən Türkiyəni asan idarə etmək üçün qəbul etdirilmiş bir sistem idi. Bu zamana qədər belə rəqabətdə həmişə ordu qalib çıxmışdı. Orduya və Qərbə "buynuz göstərən” siyasətçilər qanlı və qansız hərbi çevrilişlər yolu ilə iqtidardan alınmış, həbs olunmuş və ya edam edilmişdi.

ABŞ-ın ssenarisini cızdığı 1960-cı il çevrilişində Atatürk hökumətində baş nazir olmuş prezident Cəlal Bayar həbs edilmiş, baş nazir Adnan Menderes edam olunmuşdu. Onların əsas günahı Qərbin vassalına çevrilmiş Türkiyəni dirçəltmək cəhdləri idi. Bundan sonra Türkiyə sənayesi, o cümlədən hərbi sənaye tam olaraq Qərbdən asılı vəziyyətə salındı. 1964-cü ildə Kiprdə türklərə qarşı soyqırım törədiləndə Qərbdən asılı vəziyyətə düşmüş Türkiyəni embarqo ilə hədələdilər, ABŞ prezidenti baş nazir İsmət İnönüyə təhdid dolu məktub yazdı və 10 il sərasər Atatürk Türkiyəsi Kiprdə türklərin soyqırımını seyr etməyə məcbur oldu. Yalnız 1974-cü ildə Türkiyə Kiprə qoşun çıxararaq oradakı türkləri məhv olma təhlükəsindən xilas etdi. Türkiyənin "böyük qardaşı” və strateji müttəfiqi ABŞ ona qarşı silah embarqosu tətbiq etdi. 1970 və 1980-ci illərdə də yeni çevrilişlər gercəkləşdi, yəni hər 10 ilə bir çevriliş. Prezident kürsüsünü öz əllərində saxlayan hərbiçilər çevrilişlərarası dövrlərdə hakimiyyətə ciddi hədəfləri olmayan, dünya şəhərlərinin incisi olan yeddi təpəli İstanbulu zibil təpələrinə çevirən oyuncaq partiyalar gətirdilər, türk millətinin cəng ehtirası seçki oyunlarında xərcləndi.

Kürd kartını ortaya atanlar Türkiyənin parçalanacağına ümid edirdilər. Amma unudurdular ki, Atatürklər, Osman Qazilər yetirən xalqın parlaq liderlər doğurmağa gücü və tükənməz ruhu var. Çünki 17 imperatorluq qurmuş bir xalq ona edilən həqarətlərlə barışa bilməzdi. "Daş bitik”lərdə deyildiyi kimi, "xalqın arzularından xilaskar doğuldu”...

R.T.Ərdoğan baş nazir olduğu dövrlərdə göstərdi ki,  nə qədər romantik qəlbə sahib olsa da, dövlət  məsələlərində o qədər praqmatik və güzəştsizdir.  Arxasında xalqın gücünü hiss edən bu rəhbər öncə ordu rəhbərlərini dövlətə tabe etməyi bacardı. İkinci mərhələdə dövlət qarşısında hədəf qoydu -2023!  Yəni Türkiyə Cümhuriyyətinin 100 illiyində bu məmləkət iqtisadi cəhətdən dünyanın ən gəlişmiş 10 dövlətindən biri olmalıdır.

R.T.Ərdoğanın rəhbərlik etdiyi AK Partiyanın 16 illik hakimiyyəti dövründə Türkiyə çox dəyişdi. İqtisadi qalxınmaya xüsusi önəm verən AK Partiya hakimiyyətinin apardığı islahatlar nəticəsində iqtisadiyyatda böyük uğurlara nail olundu. Ölkə Beynəlxalq Valyuta Fondunun 26 milyard dollar borcunu ödədi, valyuta ehtiyatları 27 mlrd. dollardan 120 mlrd. dollara qədər yüksəldi. İxracat 170 mlrd. dollar həddinə gəldi. Artıq 2011-ci ildə Türkiyə iqtisadi artıma görə bütün "böyük iyirmilik” ölkələrini qabaqladı və 2018-ci ildə bu uğur təkrarlandı. Ölkədə böyük layihələr gerçəkləşdi, dəmir və quru yolları çəkildi, onlarla tunellər, hava limanları inşa olundu. Avropa ilə Asiyanı birləşdirən iki körpü salındı, dənizin altından avtomobil və dəmir yolları çəkildi. Türkiyənin 60 illik həsrətinə son qoyuldu, ölkədə ilk Atom Elektrik Stansiyası inşa edilməyə başladı. Rusiya və Azərbaycan ilə birgə gercəkləşdirilən böyük enerji layihələri (Bakı-Tiflis-Ceyhan, TANAP, "Türk axını” və s.) Türkiyəni Avropanın enerji mənbəyinə çevirdi. Bütün bunlar hamısı böyük gəlişimin alt yapısıdır.

İqtisadi gəlişmələrlə bərabər, ölkənin təhlükəsizlik məsələsində də böyük uğurlar əldə olundu. İllərlə NATO-lu "qardaşlarının” əlinə baxan Türkiyə öz hərbi sənayesini yaratdı, tanklar, təyyarələr, helikopterlər, insansız hava uçaqları və s. istehsal etməyə başladı. Artıq Türkiyəni silah embarqosu ilə hədələmək zamanı keçdi.

Bütün bu uğurlar iqtisadi böhran yaşayan Qərbi qıcıqlandırmaya bilməzdi. Çünki iqtisadi güc xalqın firavanlığı, birliyi deməkdir. Bir zamanlar Avropaya gedən "almançılara” həsəd aparanların indi onlara yazığı gəlir. Çünki bəzən vətənlərinə dönməyə belə para tapmırlar. 

Ölkə prezident üsul-idarəsinə keçdikdən sonra prezident seçilən Rəcəb Tayyib Ərdoğan dövlət və ordu strukturlarına soxulmuş paralel dövlət - FETÖ tərəfindən şərlənərək həbsə atılmış vətənpərvər ordu mənsubları həbsdən azad edildilər və dövlət başçısının ətrafında birləşdilər. FETÖ çevriliş cəhdi zamanı həmin vətənpərvər qüvvələr imperialıst nökərlərinin darmadağın olunmasında mühüm rol oynadılar. Həmin hadisələr zamanı Millətçi Hərəkat Partiyasının göstərdiyi prinsipial mövqe sonda AK Partiya ilə birlikdə Cumhur İttifaqının yaradılmasına gətirib çıxardı. Bütün bunlar ölkədə daxili sabitliyin yaranmasına səbəb oldu və 40 ildən artıq bir zamanda  Türkiyə Cümhuriyyətinə böyük baş ağrısı olan terrora qarşı həm ölkə daxilində, həm də xaricdə  amansız mücadilə başladıldı. Xalqının və dövlətinin gücünü, dəstəyini hiss edən R.T.Ərdoğan, dünyanın harasında olur-olsun, sonuncu terrorist qalana qədər mübarizəni davam etdirmək təlimatı verdi.

Biz artıq onun qoyduğu hədəflərə çatmaq bacarığını görmüşük və terror ilanının başının tezliklə əziləcəyi şübhəsizdir. "Firat Qalxanı” və "Zeytun budağı”   əməliyyatları göstərdi ki, Türkiyə artıq hamının hesablaşmaq zorunda olduğu gücdür, artıq ona yuxarıdan baxmaq zamanı keçdi. Rəcəb Tayyib Ərdoğan Türkiyə cəmiyyətinə yenidən ulu babalarımızın, Qaraxanlıların, Səlcuqların, Osmanlıların əzəmətini dadızdırdı, illərlə əzilən İslam ümmətinə sahib durdu və tək Türkiyənin yox, bütün Türk-İslam dünyasının liderinə çevrildi. Onun Rusiya, Çin, İran kimi dövlətlərlə qurduğu ağıllı ilişkilər Avrasiya məkanında yeni güc mərkəzi oluşdurmaqdadır.

Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə başqalarının iradəsini həyata keçirən dövlətdən, başqalarına öz iradəsini qəbul etdirən bir dövlətə çevrilməkdədir. Bu dövlətin lideri var, bu dövlətin hədəfi var, bu dövlətin kitabı var.

Haydı, Türkiyəm!!!

Elxan Zal QARAXANLI,
Elçin HÜSEYNBƏYLİ

Oxşar xəbərlər