Qərb plan hazırlayıb: Rusiya dağılacaq, amma...

  • 02 apr 2018, 11:25

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Moskva Qərblə başlanan silahlanma yarışını uda bilər.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin "Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.

"Amerikadan xəbər verirlər ki, Tramp həqiqətən Putinlə razılaşmaq istəyir. Hazırda o, Putini qorxudur ki, ABŞ üçün daha sərfəli razılaşma əldə etsin. Köməkçiləri Trampı bir il ərzində güclə yola gətiriblər ki, Ukraynaya hansısa silah tədarük etsin. Tədarükdən sonra ona izah ediblər ki, o, əvvəlcə Putini güclü şəkildə qorxutmalı, sonra isə onunla danışmalıdır. Ona görə ki, Trampın özü şəxsən Putinlə dostluğa köklənib. ABŞ-ın Rusiyaya qarşı hazırkı qəddarlığı daha çox taktikadır. Trampın ətrafının başqa əhval-ruhiyyədə olması da doğrudur.

Putin rəsmən deyir ki, biz ağıllıyıq və silahlanma yarışına qoşulmayacağıq. Lakin bu hələ heç nə demək deyil. Bəli, hətta Rusiya hökumətindəki bəzi insanlar da deyirlər ki, SSRİ bu cür – iqtisadi cəhətdən daha inkişaf etmiş Qərblə mübarizədə məhv olub. Lakin güclü "müharibə partiyası” var ki, silahlanmanın vacib olduğunu, Rusiyanın ətrafının düşmənlərlə əhatə olunduğunu, onların istənilən vaxt hücuma hazır olduğunu deyirlər. Onların fikrincə, Amerikanın aqressiyasının qarşısını yeni öldürücü silahlanma vasitələrinin köməyi ilə almaqdan başqa çıxış yolu yoxdur.

SSRİ süqut etdi. Bəlkə Rusiya da süqut edəcək, amma bu, sabah baş verməyəcək. Rusiya futbol üzrə dünya çempionatına və ondan sonrakı zamana qədər mütləq yaşayacaq. Hələlik, Rusiyanı təcili maliyyə və iqtisadi çöküş gözləmir. Hələlik biz birja mallarını – nefti, qazı, metalı sata bilirik. Bu şeylərin hər zaman dəyəri var və onları hər zaman satmaq olar. Demək ki, iqtisadiyyatın kifayət qədər güclü bazası mövcuddur. Bunu həm də maliyyə sisteminə aid etmək olar. Rusiya iqtisadiyyatı çökmür, digər tərəfdən həm də artmır. Bu durğunluqdur. Durğunluq dövründə isə yaşamaq olar.

Bir sıra hərbi layihələr qeyri-müəyyən zamana qədər təxirə salınıb, praktiki olaraq ləğv edilib. Təbii ki, hər şeyə pul kifayət etmir. Rusiyanın müdafiəyə nə qədər xərclədiyi də diskussiyaya çıxarılacaq məsələdir. Ona görə ki, hərbi büdcə, təhlükəsizlik büdcəsi kimi, məxfiləşdirilib. Lakin biz Maliyyə naziri Anton Siluanovun çıxışlarından müəyyən şeylər götürə bilərik. Keçən ilin noyabrında o deyirdi ki, Rusiya müdafiə və təlükəsizliyi üçün büdcəsinin üçdə birini xərcləyir. Əgər bunun ümumdaxili məhsula nisbətini hesablasaq, o zaman onun ÜDM-nin 5-6%-ni təşkil etdiyini görə bilərik. Bu isə çoxdur. İsrail və Ukrayna da ÜDM-sinin təxminən bu qədər hissəsini orduya ayırır. Amerika bizə nisbətdə daha az vəsait ayırır, Avropada bu göstərici isə 2%-dən daha azdır.

Yəni bu böyük rəqəmlərdir. İndi adlandıracağımız "sülh partiyası”nın sıralarına daxil olan Anton Siluanov, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Rusiya prezidentinin köməkçisi Andrey Belousov, keçmiş maliyyə naziri Aleksey Kudrin Putinin qarşısında hərbi xərclərin azaldılması ideyasının lobbiçiliyini edirlər. Onlar daha çox sosial ehtiyaclara, tibbə, təhsilə, insan kapitalına pul ayırmağı, Qərblə mübahisəni dayandırmağı təklif edirlər. Onlar bu mübahisəyə görə, Rusiyanın investisiya və texnologiyalardan məhrum olacağını deyirlər. İqtisadiyyatsız isə Rusiyanın yaşaması qeyri-mümkündür.

Putin həm "müharibə partiyası”nı, həm də "sülh partiyası”nı dinləyir. Onların hər ikisi kifayət qədər parçalanmış Rusiya hökuməti, administrasiyası və elitasında təmsil olunurlar. Putin bunlar arasında balans tapır və deyir ki, bəli, biz hər şeyi insana xərcləməliyik və eyni zamanda təkrarlayır ki, biz gərək yaxşı müdafiə olunaq. Hələlik hansısa kompromislər tapılır, amma onlar heç kimi qane etmir. Situasiya kifayət qədər çətindir, amma Rusiyanın parçalanması üçün hələ çox şey baş verməlidir.

Təzəlikcə Vilnüsdəki təhlükəsizlik konfransından qayıtmışam. Onun iştirakçıları, o cümlədən Qərb generalları Rusiya ilə qarşıdurmanın iki nəsil, daha dəqiq desək isə 50 il davam edəcəyini düşünürlər. İclasın keçirildiyi zalda litvalı kursantlar da əyləşmişdilər. Burada həmçinin Avropadakı ABŞ qoşunlarının keçmiş komandanı Ben Hoces də iştirak edirdi və deyirdi ki, bu kursantlar general olaraq təqaüdə gedəcəklər, amma Rusiya ilə qarşıdurma davam edəcək. Eyni şey radikal islamçılarla mübarizəyə də aiddir.

Onlar uzunmüddətli soyuq müharibəyə fokuslanıblar. Ukrayna Avropa üçün Qərbi Berlin kimi ön cəbhə rolunu oynayır. Bunu hətta Vyetnam və ya Əfqanıstandan daha pis adlandıra bilərik. Mübarizə aparan qrupların döyüş meydanı bu cürdür”, – deyə məqalədə bildirilib.

Oxşar xəbərlər