Oğlu Qəzzafinin milyardlarını Avropa banklarından “sümürür”

  • 10 mart 2018, 10:34

Seyfəlislam Qəzzafinin Liviyada seçkilərə qatılacağı haqda xəbərlərin fonunda diktatorun pullarının banklardan "yoxa çıxması” arasında əlaqə var

Liviya diktatoru Müammar Qəzzafinin Belçika banklarından birində BMT-nin qərarı ilə dondurulmuş hesablarından 11 milyard avroya yaxın vəsait sirli şəkildə yoxa çıxıb. Virtualaz.org Belçikanın "Le Vif” nəşrinə istinadən yazır ki, 2013-2017-ci illər ərzində Belçikanın "Euroclear Bank” adlı bankından Qəzzafiyə məxsus 16.1 milyard avro vəsaitin 10 milyard dolları yoxa çıxıb.

Yazıda qeyd olunur ki, 2013-cü il noyabrın 29-da "Libyan İnvestment Authority” və "Libyan Foreign İnvestment Company” adlı şirkətlərə aid 4 bank hesablarında 16.1 milyard avro olub. Bu şirkətlər Qəzzafi ailəsi ilə bağlı olub. 2017-ci ilin payızında Belçika hökuməti çirkli pulların beynəlxalq dövriyyəsinə qarşı mübarizə çərçivəsində həmin vəsaitlərə həbs qoymaq istəyəndə məlum olub ki, hesablarda cəmi 5 milyard avrodan bir az çox pul qalır.

Картинки по запросу Belçika hökuməti Qəzzafinin bank hesablarının dondurulması ilə bağlı

Aydın olur ki, Belçika hökuməti Qəzzafinin bank hesablarının dondurulması ilə bağlı qərarı ləğv etməyib. Amma 10 milyard avrodan çox vəsait bankdan naməlum istiqamətlərə ötürülüb və deməli Belçika hakimiyyəti BMT qətnaməsinin tələblərini pozaraq dondurulmuş hesablar üzərində kifayət qədər nəzarət tətbiq etməyib. Belçikanın Maliyyə Nazirliyi bildirir ki, məsələ ilə bağlı təhqiqat aparılır. Amma pulların kim tərəfindən çıxarıldığı və hansı istiqamətdə ötürüldüyünə dair heç bir versiya yoxdur.

Xatırladaq ki, 2011-ci ildə Liviyanı bürümüş üsyanlar zamanı BMT Təhlükəsizlik Şurası Qəzzafi ailəsinin və hakim rejimin digər ünsürlərinin bank hesablarının dondurulmasını da nəzərdə tutan qətnamə çıxarıb. Qəzzafi devriləndən sonra məlum olmuşdu ki, onun və ailə üzvlərinin xarici banklarda 100 milyard dollara yaxın vəsaiti var. Bu vəsaitin çox cüzi hissəsi Liviyanın yeni hakimiyyəti tərəfindən geri alınıb. Qəzzafinin dondurulan pullarının Liviyaya geri qaytarılması bu ölkədə sabitlik yaranana qədər mümkün hesab edilmir.

Liviyada 1969-2011-ci illərdə məhdudiyyətsiz hakimiyyətə malik olan Qəzzafi böyük sərvət toplayıb. 2011-ci ilə qədər Liviyanın gündəlik neft hasilatı 2,5 milyon barel olub. 6,5 milyon əhalisi olan Liviya üçün fantastik neft-qaz gəlirləri deməkdir. Bu səbəbdən də Liviya ilə yanaşı Avstraliyadan Britaniyaya qədər dünyanın müxtəlif ölkələrində Qəzzafilərin daşınan və daşınmaz əmlakları, şirkətləri, payları olub. Bəzi iddialar görə, Qəzzafi ailəsi 700 milyardlıq sərvətə sahib olub. Eyni zamanda devrildiyi zaman ölkə xaricində Qəzzafi ailəsinin 240 milyard dollar sərvətinin bir qisminin bank hesabları, bir qisminin isə daşınmaz əmlak şəklində varlığının olduğu ehtimal olunurdu.

Konkret olaraq Belçika banklarındakı Qəzzafi pullarına gəlincə, yuxarıda da qeyd olunduğu kimi, bu pulların Liviya dövlətinə verilməsi az ehtimaldır. Çünki hazırda Liviyada faktiki olaraq iki hökumət fəaliyyət göstərir. Üstəlik, vətəndaş müharibəsi davam edir və ölkənin gələcək taleyi də bəlli deyil. Belə bir qeyri-müəyyən vəziyyətdə Belçika hakimiyyətinin və ya banklarının Liviyanın hökumətinə Qəzzafinin pullarını verməsi real deyil. Digər tərəfdən, böyük həcmdə neft satan və ərəb sponsorları tərəfindən dəstəklənən Liviya hökumətlərinin ciddi maddi sıxıntıları da yoxdur. Yerdə qalır bir variant.

Ehtimal ki, bu pulları Qəzzafi ailəsinin üzvləri "çəkiblər”. Bəlli olduğu kimi müharibədən sağ çıxan ailə üzvləri Afrika ölkələrində gizlənirlər. Ancaq Qəzzafinin siyasi varisi olan oğlu Seyfəlislam Qəzzafi ötən il 5 illik məhbus həyatından sonra azadlığa buraxılıb və faktiki olaraq Liviyanın növbəti dövlət başçısı olmağa əsas iddiaçılardan biri hesab olunur. Seyfəlislam Müəmmar Qəzzafinin 8 övladından biridir. Ancaq digər övladları ilə müqayisədə Seyfəlislam atasına daha yaxın və onun gələcək varisi, diktatorun parlaq övladı hesab olunurdu. Bu səbəbdən də Liviyada başlayan etirazlara qarşı əsas mübarizə aparan da Seyfülislam idi.

Seyfəlislam Qəzzafi 1972-ci ildə Liviyada anadan olub. Avstriya və İngiltərədə təhsil alıb, dünyanın ən nüfuzlu ali təhsil ocağı hesab olunan Londonda İqtisadiyyat və Siyasi Elmlər Məktəbini bitirib, memar-mühəndis ixtisası üzrə fəlsəfə doktorudur.

Eyni zamanda Liviyada yeni islahatçı lider, Qərblə yaxınlaşmanın əsas memarı olaraq tanınan Seyfəlislamın atasından sonra Liviyaya rəhbərlik edəcəyi gözlənilirdi. Ancaq 2011-ci ilin gəlməsi ilə hər şey dəyişdi. Bütün dünya Liviyaya qarşı olanda, NATO havadan və gəmilərdən Liviyanı bombalayanda ortada görünən Seyfülislam idi və Qərbə meydan oxuyurdu. Liviyada üsyançılara və NATO qüvvələrinə qarşı müqavimətə məhz Seyfəlislam rəhbərlik edirdi.

Seyfəlislam 2011-ci ilin noyabrında maşınla Niger sərhədinə tərəf gedərkən Zintan şəhərinin könüllülər briqadasının əlinə keçmişdi. Ələ keçdikdən sonra Qəzzafinin oğlu işgəncəyə məruz qalmış, Liviyada üsyan başlayanda üsyançıları hədələdiyi məşhur fotosuna cavab olaraq vaxtı ilə üsyançıları hədələdiyi sağ əlinin şəhadət barmağı kəsilmişdi.

Картинки по запросу qəzzafi oğlu

Ötən il aprelin 12-də Liviya məhkəməsi Seyfəlislam azadlığa buraxılıb. Və dərhal sonra onun Liviyanın yeni prezidenti olacağı ilə bağlı fikirlər mediaya yol tapıb. Ötən il Ramazan ayında isə Tripoli şəhərində Seyfəlislam Liviyanın aşirət liderləri ilə iftar yeməyində görüşüb. Oğul Qəzzafi bu il keçiriləcək prezident seçkilərində iştirak etmək barədə qərar qəbul edib.

Bu ilin yanvarında isə Seyfəlislam Qəzzafinin Liviyada prezident seçkilərində iştirak edəcəyi ilə bağlı xəbər yayılıb. Bu məlumatı Qəzzafilər ailəsinin mətbuat katibi Basim Haşimi Sul Misirin ingilisdilli "Egypt Today” jurnalına verib. Beləliklə, varis Qəzzafinin yenidən Liviyanın başına gəlməsi və ölkəni birləşdirməsi ssenari işə düşür. Təbii ki, seçkilərə gedən oğul Qəzzafiyə pul lazımdır, özü də böyük pul. Bu pulu isə o, ən rahat yol budur ki, ailəsinə məxsus hesablardan çıxara bilər. Hələlik Belçikadakı pulları kimin götürməsi haqda dəqiq məlumat verilmir. Eyni zamanda dünyanın digər nöqtələrində banklarda gizli hesablardakı pulların çəkilib çəkilmədiyi haqda da bilgi yoxdur. Əlimizdə olan bilgi Qəzzafi ailəsinin seçkilərə qatılmaq istəyi və hərəkətə keçmələridir. Açıq qalan suallara isə zaman cavab verəcək.

Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat”

Oxşar xəbərlər