Kremllə Qafqaz elitasının savaşı: Dağıstanda nə baş verir?

  • 07 fev 2018, 08:14

Dağıstanda hakimiyyətin formalaşmasında yerli etnik klanlar hər zaman xüsusi rol oynayıb. Hətta sovet hökuməti belə Dağıstanda vəzifə təyinatı apararkən bu etnik amili nəzərə alıb.

Bunu politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Dağıstanda hazırda da kifayət qədər geniş dayaq və biznesləri olan çox nüfuzlu ailələr var:

"Ona görə də Dağıstanda hakimiyyətin formalaşmasında bu amili hər zaman nəzərə almaq lazım idi. Çünki bu, ölkədə sabitliyi qorumağa imkan verirdi. Məsələ ondadır ki, Moskvadan təyin olunan vəzifəli şəxs belə vəziyyətdə çox şey edə bilmir. Çünki bütün əsas rıçaqlar yerli klanların əlində olurdu və hakimiyyəti demək olar ki, onlar idarə edirdilər. Moskvadakı nümayəndə isə bu vəziyyətlə hesablaşmağa məcbur olurdu. Ötən il Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev ölkədə vəziyyəti yenidən formalaşdırmağa çalışır. O, reformalar həyata keçirmək istəsə də, çox şeyə nail ola bilməyib. Çünki yerli klanlar ona imkan vermir”.

Politoloq bildirib ki, məhz buna görə də Vasilyev yerli klanların başçılarını aradan götürməyə çalışır:

"Çünki yeni hakimiyyət formatı ona öz proqramlarını həyata keçirməyə imkan verəcək. Proqramlar və məqsədlər isə böyükdür. Vasilyev Dağıstanda yeni biznes layihələri həyata keçirməyi planlaşdırır. Əslində, bu da başa düşüləndir. Rusiya, Azərbaycan və İranı birləşdirəcək Şimal-Cənub dəhlizi həm də Dağıstanın ərazisindən keçəcək. Dağıstanda belə fikirlər dolaşır ki, bu marşurutdan istifadə etmək üçün yeni formatlar, iqtisadi və siyasi vəziyyət formalaşmalıdır. Bu layihələri həyata keçirmək, o cümlədən Moskvanın nüfuzunu Dağıstanda möhkəmləndirmək üçün də islahatlar aparılır. Bunun nəticələrindən danışmaq hələ tezdir. Çünki bu xəmir hələ çox su aparacaq”.

Ekspert qeyd edib ki, Dağıstanda vəzifəli şəxslərə qarşı həyata keçirilən həbs əməliyyatı bu ölkədəki sistemi dağıda bilməyəcək:

"İş orasındadır ki, Dağıstan illərlə formalaşmış bir sistem əsasında idarə olunur. Əlbəttə ki, sistem hazırkı həbslərə müqavimət göstərəcək, sadəcə indi şok vəziyyətindədirlər. Qarşıda bu müqavimətin hansı formada həyata keçiriləcəyini hadisələrin inkişafı göstərəcək”.

Qeyd edək ki, Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq təhsil naziri Şahabbas Şahov və digər vəzifəli şəxslər saxlanılıb. Onlara qarşı büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi açılıb. Yanvarın 21-də isə Mahaçqala meri Musa Musayev səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 80 milyon rubl ziyan vurulması ittihamı ilə həbs edilib. /axar.az/

Oxşar xəbərlər