Türkiyə Rusiya üçün niyə çətin tərəfdaşdır?

  • 27 yan 2018, 12:57

Mariya Zaxarovanın növbəti qalmaqallı açıqlamasının pərdəarxası

"Türkiyə çətin tərəfdaşdır”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi əməliyyatla bağlı Rusiyanın dəqiq mövqeyinin olmadığı ilə bağlı sualına cavabında Rusiya XİN sözçüsü ölkəsinin mövqeyinin bəlli və dəqiq olduğunu vurğulayıb.

Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlara və Suriyadakı kürd qruplaşması PYD-nin (Demokratik İttifaq Partiyası) nümayəndələrinin Rusiyanın kürdlərə xəyanət etməsi ilə bağlı suala cavab verən M.Zaxarova Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata görə ölkəsinin məsuliyyət daşımadığını söyləyib: "Bəli, Türkiyə çətin tərəfdaşdır. Lakin Rusiya çətinliyindən asılı olmayaraq daim Türkiyə ilə kürd problemini müzakirə edir. Rusiya kürd siyasi qüvvələrinin Suriya münaqişəsinin nizamlanmasına cəlb olunması üçün əlindən gələni edir”.

Hər zaman qalmaqallı açıqlamaları ilə yadda qalan Mariya Zaxarovanın bu dəfə də Türkiyə ilə bağlı ikibaşlı fikir səsləndirməsinin səbəbi anlaşılan deyil. Çünki son dövrlərdə Türkiyə-Rusiya münasibətləri kifayət qədər normala dönmüşdü. Bəs görəsən, bu açıqlama iki ölkə arasındakı münasibətlərin yenidən soyuması, yolların yenidən kəsişməsi deməkdirmi?  Yoxsa bu da sadəcə Zaxarovanın düşünülməmiş açıqlamalarından biridir?

"Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran  politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirdi ki, Mariya Zaxarovanın niyə bu cür açıqlama verməsi anlaşılan deyil: "Rusiya bir tərəfdən Türkiyə ilə tərəfdaşlıq münasibətləri qurdu. Suriyada əməkdaşlıq etdilər, İŞİD-ə qarşı birgə əməliyyat apardılar. Elə ki, söhbət Türkiyənin təhlükəsizliyinə gəldi, görürük ki, artıq fərqli oyunlar gedir. Halbuki Afrin əməliyyatı rəsmi Moskva ilə razılaşdırılmışdı. Türkiyə prezidenti rusiyalı həmkarı Putinlə telefonla danışmışdılar. Əməliyyatdan bir-iki gün öncə də Türkiyə baş qərargah rəisi Hülusi Akar Moskvaya getmiş, həmkarı Valeri Gerasimovla bu məsələləri razılaşdırmışdı ki, problem yaranmasın. Əməkdaşlıq burada da davam edirdi. Aydın məsələdir ki, Zaxarova öz fikrini deməyib, rəhbəri Sergey Lavrovun fikrini səsləndirib. Lavrovda da əslində məcburiyyət əsasında türkiyəli həmkarı ilə təmas qurur. Lavrov təbiətcə anti-türk olan bir xarici işlər naziridir. Azərbaycana da , Türkiyəyə də münasibəti eynidir.  Ona təlimat veriləndə ki, Türkiyə ilə tərəfdaşlıq olmalıdır, məcburi şəkildə bu tərəfdaşlığı aparır. Ancaq görürük ki, zaman-zaman müəyyən mesajlar da göndərir. Çünki əvvəllər Rusiyanın silahlı kürdlərlə, PYD ilə əlaqələri də var idi. Təsadüfi deyil ki, bir il öncə  PYD-nin Moskvada təmsilçiliyi də artdı. Bu da Rusiya-Türkiyə münasibətlərinə xələl gətirmişdi”.

Politoloqun sözlərinə görə, Rusiya Türkiyənin maraqlarını guya nəzərə alır, digər tərəfdən də  diplomatları bu cür mesajlarla əməkdaşlığa xələl gətirməyə çalışır: "Çünki Türkiyə ordusu nə qədər uğurlu əməliyyat aparsa da, əgər gələcəkdə əməliyyatlar uzanarsa, Türkiyə həm Rusiya, həm də Amerika tərəfindən müəyyən şantaj  tipli mesajlarla üzləşə bilər. Həmin dövlətlər Türkiyənin problemlərini də dərinləşdirə bilərlər. Baxmayaraq ki, sözdə Amerika da, Rusiya da, İran da Afrin əməliyyatına ciddi bir etiraz etməmişdilər. Ancaq yenə də, yaxın günlərdə əməliyyat uzanarsa, mövqelərdə müəyyən dəyişiklər baş verə bilər.  Rusiyanın Türkiyəni nə üçün çətin tərəfdaş adlandırdığını anlaya bilmirəm. Türkiyə Rusiyadan qaz alır, qaz xəttini Rusiya Bolqarıstana çəkə bilmədi, bolqarlar etiraz etdi, Avropa Komissiyası qoymadı. Daha sonra Putin Türkiyəyə getdi və bunu türkiyə ilə razılaşdırdı. Rusiya Türkiyədə nüvə elektrik mərkəzi tikəcək ki, dəyəri 20 milyard dollardır. Bu mərkəzin işləməsinə də Rusiya baxacaq. Türkiyədən bu qədər qazancı varkən, üstəgəl Suriyada da əməkdaşlıq edərkən Türkiyə niyə çətin tərəfdaş adlandırılır, anlamıram. Rusiya üçün çətin tərəfdaş Amerika və Avropadır. Türkiyə isə hər istiqamətdə Rusiya ilə əməkdaşlığı davam etdirir”.

E.Şahinoğlunun fikrincə,  Rusiyada öyrəşiblər ki, kiminlə əməkdaşlıq edirlərsə, onu öz təsir dairələrində görsünlər:"Unudurlar ki, Türkiyə Ermənistan, Qazaxıstan və ya Belarusiya deyil. Türkiyənin özünün müstəqil siyasəti var və öz maraqlarını nəzərə alır, Rusiyanın maraqlarını nəzərə alası deyil ki...  Daha öncə bu iki ölkə arasında problem ondan başladı ki, Türkiyə Rusiyanın sərhədi pozan hərbi təyyarəsini vurdu: Bundan sonra Ərdoğan üzr istədi. Ona rəğmən Rusiya bunu pomidor məsələsinə qədər apardı və bunu o qədər uzatdı ki, onun üzərindən bir çox məsələlər həll olundu. Sanki bununla  Türkiyəni hələ də cəzalandırdıqlarını düşünürdülər. Ancaq Türkiyə ilə iqtisadi əməkdaşlıq Rusiyanın özünə xeyirlidir. Rusiyada ildə cəmi bir dəfə, onu da cənub bölgələrində pomidor yetişdirmək olar. Ancaq  tələbat böyükdür. Bu tələbatı da ancaq türkiyə və Azərbaycan ödəyə bilir. Bunu qadağan etməklə Rusiya öz vətəndaşlarına ziyan vurur. Bundan başqa, Rusiyada ən yaxşı tikinti işlərini türkiyə şirkətləri həyata keçirir. Hətta dövlət binalarını, ”Qazprom"un binasını belə Türkiyə şirkətləri inşa edib".

Rusiyalı diplomatların danışıq tərzini dəyərləndirən Elxan Şahinoğlu  Vladimir Putini onlardan  daha yaxşı diplomat adlandırdı: "Zaxarovanın danışığı Rusiya siyasətçilərinin daxilindən gələn bir danışıq tərzidir. Jirinovskinin və ya bəzi rusiyalı ekspertlərin danışıq tərzi də belədir. Əksəriyyəti özündənrazı, müştəbehdir. Diplomatlara gəlincə, Lavrov da Zaxarova kimi qalmaqallı açıqlamalar verir. Bizim haqqımızda da  demişdi ki, dağlıq Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Bu da çox kobud açıqlama idi. Onun mətbuat sözçüsü Zaxarova da Azərbaycan əleyhinə bir-iki dəfə mənfi fikir söyləmişdi. Putin bu iki şəxsdən  daha yaxşı diplomatdır, çünki ondan heç vaxt belə fikirlər eşitməmişik. Əksinə, bu günlərdə Putindən soruşdular ki, Rusiyanın hərbi hava bazasına hücum olub, burada Türkiyənin əli varmı. Putin dedi ki, yox,  Türkiyənin əli yoxdur, Ərdoğanın da bu məsələdə günahı yoxdur, sadəcə Türkiyənin nəzarət etdiyi bölgədən kimlərsə bizim aramızı vurmaq istəyir. Bu, diplomatik bir cavab idi ki, münasibətlər korlanmasın. Ancaq Sergey Lavrov, Mariya Zaxarova diplomata yaraşmayan açıqlamalar verirlər. Sonuncu açıqlamadan sonra türklər də düşünürlər ki, o niyə belə deyib? Arxasında hansı səbəblər var? Sanki bilərəkdən bir cümlə ilə vəziyyəti gərginləşdirirlər”.

Oxşar xəbərlər