Amerikanın fantastik hərbi büdcəsi - 700 milyard

  • 14 dek 2017, 08:36

2018-ci ildə ABŞ ordusunun sayı 20 min nəfər daha da artacaq, xərclər isə 692 milyard dollar təşkil edəcək

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi büdcəsini təsdiqləyib. Ağ Evdə keçirilən imzalanma mərasimində vitse-prezident, müdafiə naziri, baş qərargah rəisi və Konqresin Silahlı Xidmətlər Komitəsinin sədri iştirak edib.  Qeyd edək ki, ABŞ hərbi büdcəsi Konqresdə keçirilən səsvermədə 356 lehinə, 70 əleyhinə olmaqla qəbul olunub.

 

ABŞ-ın 2018-ci il hərbi büdcəsi 626,4 milyard əsas hissə və 65,7 milyard dollarlıq ehtimal olunan xarici əməliyyatlar fondu olmaqla, ümumilikdə 692,1 milyard dollar olacaq. 2018-ci il büdcə qanununa əsasən, ABŞ hərbi qulluqçularının maaşları 2,4 faiz artırılacaq. Eyni zamanda ABŞ ordusu personalının sayı isə 20 min nəfər artırılacaq. Büdcədə raketdən müdafiə sistemlərinin ehtiyaclarına 4,4, nüvə silahı fəaliyyətlərinə isə 10,37 milyard dollar vəsait ayrılıb. Bundan başqa, Əfqanıstan əməliyyatlarına, həmçinin təyyarə, gəmi və digər texnika alımına ayrılan vəsaitlərdə də artım gözlənilir.

 

Qeyd edək ki, bu, ötənilki hərbi büdcənin əsas hissəsindən 74 milyard dollar çoxdur. O cümlədən, məlum olub ki, 2018-ci il hərbi büdcəsi 2011-ci ildə qəbul olunan Büdcə Nəzarət Qanununda göstərilən maksimum həddən 77 milyard dollar çoxdur. Bu səbəbdən də hazırkı hərbi büdcənin tətbiqinə icazə verilməsi üçün Konqresin hər iki palatasında təqdislənməsi lazımdır.

Ancaq Konqresin gələnilki büdcəyə etiraz edəcəyi inandırıcı deyil. Çünki birincisi, Amerika hazırda xüsusən də xarici əməliyyatların miqyasını genişləndirib, eləcə də Əfqanıstan kimi "köhnə” əməliyyat bölgələrində hərbi gücü artırmağı planlaşdırır. Bu isə əlavə xərcləri qaçılmaz edir. Digər tərəfdən, Rusiya ilə hərbi sahədə gərginlik, Şimali Koreya, İran kimi ölkələrlə hərbi qarşıdurma riski silahlanmanı daha da artırmağı tələb edir. Bu isə əlavə xərc deməkdir. Bu mənada görünən odur ki, fantastik hərbi büdcə qəbul olunacaq.

Bundan başqa, qanun layihəsində gələn il əlavə olaraq 20 min hərbçinin işə alınacağı qeyd olunur ki, bu da yenə də daxildə hərbi hazırlıqdan daha çox xaricdəki hərbi əməliyyatlara hesablanıb. 700 milyard dollara yaxın hərbi büdcə yerdə qalan dünya ölkələrinin hərbi büdcələrinə bərabərdir, az qala. Məsələn, hazırda ABŞ-la silah yarışında olan və hərbi gücünün pik nöqtəsində olan Rusiyanın 2018-ci ildəki hərbi büdcəsi 2 trilyon 771 milyard rubl, yaxud da 50 milyard dollardan bir qədər az (kurs dəyişikliyinə əsəsən - K.R.) olacaq. ABŞ hərbi büdcəsi ilə müqayisədə dəfələrlə az.

Doğrudur, burada əməkhaqlarının həcmi, eləcə də daşınma və digər təchizat xərclərinin baha olması faktorunu da əsas almaq olar. Ancaq istənilən halda ABŞ-ın hərbi büdcəsi bir dünya ölkəsinin sərhədləri daxilində müdafiə xərcləri təqdimatına uyğun deyil, əksinə, dünyanın super-dövlətinin hərbi xərcləridir. Hərbi büdcənin həddən artıq "şişməsi”, eləcə də əlavə 20 min hərbçinin əlavə olaraq xidmətə cəlb olunması aydındır ki, ABŞ-ı hansısa xarici müdaxilədən qorumaq üçün deyil. Ehtimal ki, Yaxın Şərqdə yeni əməliyyat qüvvələri yaradılacaq və ya köhnələr daha da gücləndiriləcək. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi məlumatına əsasən, hazırda Əfqanıstanda 15300, İraqda 8900, Suriyada isə 1720 ABŞ hərbçisi var. Bu qüvvələr faktiki olaraq hərbi əməliyyatlara qatılan qüvvələrdir. Gələn il bu qüvvələrin sayı daha da artacaq və yəqin ki, yeni əməliyyat bölgələri də əlavə olunacaq. Bir sözlə, 2018-ci ildə daha da hərbiləşəcək.

Kənan RÖVŞƏNOĞLU

Oxşar xəbərlər