Soçidə Ərdoğanla Putinin kritik görüşü yaxınlaşır

  • 10 noy 2017, 18:18
Ərdoğanla Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklərmi? 

Türkiyə ilə Rusiya arasında münasibətlərin tarixində görünməmiş yüksəliş yaşanır. İkitərəfli münasibətlər yüksək templə inkişaf mərhələsinə daxil olmaqdadır. Tərəflər arasında qarşılıqlı səfərlər, ikitərəfli sazişlərin sayı-hesabı yoxdur. Hərbi, siyasi və iqtisadi sahədə çoxmilyardlıq anlaşmalar imzalanır. Tərəflər sanki bütün məsələlərdə anlaşmış təəssüratı yaradıblar. Mətbuatın  yazdığına görə, iki ölkənin prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında növbəti görüş keçiriləcək. Görüş noyabrın 13-də Soçidə baş tutacaq. Kremlinin sözçüsü Dmitri Peskov bir neçə gün əvvəl bəyanat yayaraq iki ölkə liderlərinin yeni görüşü üçün hazırlıqlar görüldüyünü söyləmişdi. Qeyd edək ki, iki liderin ən son sentyabrın 28-də paytaxt Ankarada görüşü olmuşdu. Bu dəfə Türkiyə və Rusiya prezidentlərinin görüşü önəmli bir dövrə - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, ardınca da Azərbaycan-Rusiya-İran dövlət başçılarının Tehranda keçirilən zirvə toplantısından sonraya təsadüf edir. 

Yeri gəlmişkən, budəfəki görüşlə bağlı ölkəmizin də gözləntiləri var. Belə ki, bəzi nəşrlər prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı barədə xəbərlər yayıblar. Düzdür, ötən ilin payız aylarında Rusiya və Türkiyə xarici işlər nazirlərinin ikitərəfli görüşündə Türkiyənin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirakına dair açıq müzakirələr getmişdi. Ankara Moskvanın təklifini maraqla qarşılasa da, bu müddət ərzində heç bir real hərəkət baş verməyib. Lakin görüş ərəfəsində Türkiyə prezidenti bildirib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması istiqamətində ədalətli mübarizəsini davam edəcək. Onun sözlərinə görə, Rusiya prezidenti ilə növbəti görüşündə bu məsələni gündəmə gətirəcək: "Mən məsələ ilə əlaqədar Putinlə danışacağam. Onun Qarabağ münaqişəsinə münasibəti çox əhəmiyyətlidir. Əgər həqiqətən də bu məsələ ilə bağlı qərarlaşsa, onu çox asanlıqla həll etmək olar”, - deyə Türkiyə prezidenti əminliklə bəyan edib.

Onun bu bəyanatı dərhal da siyasi dairələrdə geniş müzakirələrə yol açıb. Politoloq və jurnalistlər dərhal qarşıdakı görüşlə bağlı ən müxtəlif versiya və ehtimallar səsləndirməyə başlayıblar. İşğal altında olan ərazilərin geri qaytarılması üçün ən müxtəlif fikirlər səslənib. Hətta Azərbaycanın Rusiyanın himayəsi altında olan qurumlara üzvlüyü əvəzində, torpaqların bir qisminin azad olunacağı barədə fikirlər səslənib. Lakin Siyasi Elmlər Beynəlxalq Assosiasiyasının prezidenti Turan İlterin Rusiyanın danışıqlarda hər hansı bir şərt irəli sürəcəyinə şübhəsinin olduğunu deyib. Onun sözlərinə görə, Ərdoğan və Putin Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və digər rusiyayönümlü qurumlara inteqrasiyası barədə müzakirə aparmayacaqlar: "Azərbaycan müstəqil dövlətdir və inanmıram ki, prezidentlər danışıqlarda hansısa bir pərdəarxası məsələləri müzakirə etsinlər. Türkiyə prezidenti sadəcə, ola bilsin, Putinin nüfuzundan istifadə edib münaqişənin həlli ilə bağlı yardımçı olmağı xahiş etsin. Rusiyanın belə bir təcrübəsi var. Bunu biz Suriya münaqişəsində gördük. Türkiyə və İranla yaxınlıq bizə bunu deməyə əsas verir”. 

Türk politoloq Hüseyn Baqdci Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı istənilən təşəbbüsü alqışlayır. O, münaqişənin ATƏT-in Minsk qrupu ilə deyil, birbaşa Rusiyanın iştirakı ilə həllini də mümkün sayır. "Azərbaycan və Türkiyə Rusiyaya münaqişənin həlli ilə bağlı pozitiv nəzər salırlar. Bakı Türkiyənin bu formata cəlb olunmasını istəyərdi. Ola bilsin, Ərdoğan Putinə münaqişənin həlli ilə bağlı birgə format yaradılmasını təklif etsin. Türkiyə əvvəllər hesab edirdi ki, Ermənistanın səyləri ilə münaqişəni həll etmək olar. Lakin sonra əmin oldu ki, bunu etmək mümkün deyil. Erməni tərəfi açıq şəkildə bəyan edir ki, münaqişənin həllində güzəştə getməyəcək. Bu səbəbdən də yeni format gərəkdir”, - deyə ekspert bildirib.

Politoloqlar hesab edir ki, hər iki ölkənin regionda kifayət qədər maraqları var. Türkiyə Rusiyada öz mövqeyini ortaya qoyacaq ki, bu, Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Bir qrup isə hesab edir ki, Soçi danışıqlarında əsasən Suriya və "Türk axını”, eləcə də C-400-lərlə bağlı məsələ gündəmdə olacaq. İstənilən halda, hesab edilir ki, hər iki ölkənin regionda kifayət qədər maraqları var. Bəziləri isə hesab edir ki, danışıqlarda ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinə toxunulmayacaq. 
Oxşar xəbərlər