Dəniz Baykal: “Kürdüstan bu planın tərkib hissəsidir...”

  • 28 sen 2017, 14:12

Bu prosesin təməlini, keçmişini bilmək lazımdır.

Bu fikri Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, Türkiyənin məşhur siyasətçisi Dəniz Baykal Şimali İraq Kürd Muxtariyyətinin referendum keçirməsindən sonra yaranan durumu şərh edərkən deyib.

Dəniz Baykal sözünə davam edib:

"Türkiyə keçmişdə böyük güclərlə üz-üzə qaldı. Orta Şərqdə siyasi parçalanmaları reallaşdırmaq üçün beynəlxalq oyunçular İraqa bağlı güclərin 38-ci paralelin şimalına daxil olmasına mane oldu. Bununla da İraq parçalanmağa başladı. Daha sonra 1 mart hərbi müdaxiləsi ilə bağlı yaşanan mərhələ ortaya çıxdı.

İndi isə yeni bir mərhələdəyik. Bütün bunların hamısı məntiqi nəticədir. Bölgənin dinamikası, böyük güclərin planları və hesablamaları fonunda yeni siyasi şəkillənməni inkişaf etdirmək istəyirlər. Biz hər mərhələdə bunu gördük və əslində, indi baş verənlər də bu planın tərkib hissəsidir”.

Baykal deyib ki, baş verənləri qiymətləndirərkən hər hansı səhvə yol vermək olmaz:

"Əlbəttə, regionda yaşayan toplumların da gözləntiləri, arzuları var. Bunu anlamaq lazımdır. Ancaq bölgəyə aid olmayan, bölgə xalqlarının hazırlamadığı başqa bir böyük plan da var. Bu plana alət olmadan, bölgənin qayda-qanununu göz önünə alaraq, region dövlətləri ilə uyumlu və işbirliyi içində yaşamaqdan başqa çarə yoxdur. Nə hərbi güclə "asarıq, keçərik” çarədir, nə də baş verənlərə təslim olmaq və "mənə də bir şey çatar” deyib gözləmək”.

Dəniz Baykal əlavə edib ki, indi görülməsi lazım olan bəzi işlər var:

"Bu regionda yaşayan toplumların aralarında ciddi bir dialoq və anlayışlı birliyə nail olmaq lazımdır. Həmçinin bölgədə nüfuz məsələsini zorla dəyişdirməkdən vaz keçilməlidir. İşbirliyinin əsas şərti böyük güclərdən dəstək alaraq bəzi bölgələrdə nüfuz və etnik təmizləmər həyata keçirmək istəyindən kənarda durmaqdır”.


Oxşar xəbərlər