ABŞ-ın böyük sirri açıldı – Türkiyəyə qarşı baza

  • 18 iyul 2017, 19:00

Peyk görüntüləri nəticəsində ABŞ ordusunun Suriyadakı əsas istinad nöqtəsi sayılan Kobani şəhəri yaxınlığında böyük hərbi bazası olduğu aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə "Bild” informasiya yayıb.

Hərbi baza ABŞ-ın ciddi siyasi rezonans yarada biləcək ən böyük sirri kimi qiymətləndirilir. İŞİD-lə mübarizə aparan "İnherent Resolve” beynəlxalq missiyası "Bild”in baza barədə sorğusuna cavab olaraq detallara toxunmasa da, onun İŞİD-lə mübarizə üçün istifadə edildiyini bildirib. Maraqlı fakt isə ondan ibarətdir ki, 235 futbol meydançası böyüklüyündə olan hərbi baza nə "Quql Məps”, nə "Yandeks”, nə də "Maykrosoft Binq” kimi onlayn xəritələrdə mövcuddur.

"Quql Məps”in təqdim etdiyi peyk görüntüləri 2017-ci ilin iyul ayında belə həmin ərazini səhralıq kimi göstərdiyi halda, "Terra” serverdə artıq 2017-ci ilin may ayında tam hazır vəziyyətdə olan Amerika hərbi bazasını görmək mümkün olub.

Baza yüzlərlə əsgərin qalması üçün yaşayış yeri, 40-dan çox hərbi texnikanın yerləşə biləcəyi avtopark, nəqliyyat təyyarələrinin hazırlanması və bazanın müdafiəsi üçün lazımı infrastrukturla təmin olunub.

Britaniyalı analitik Kayl Ortonun sözlərinə görə, belə böyük ölçülü hərbi bazanın hər gün daha da təkmilləşdirilməsi onu göstərir ki, Amerika ərazidə uzun müddətə qalmaq istəyir. Ekspert Amerikanın Türkiyədən cəmi 27 kilometr məsafədə yerləşən hərbi bazasının Türkiyə ilə münasibətləri gərginləşdirə biləcəyini bildirib.

"Türkiyə Demokratik Suriya Qüvvələrini PKK kimi terrorçu olaraq qəbul edir. Əgər hərbi baza PKK və onun tərəfdaşlarının güc qazanmasına səbəb olacaqsa, onda Türkiyə bundan qəzəblənəcək və reaksiya göstərməli olacaq”, - deyə Orton əlavə edib.

Oxşar xəbərlər