Güllə birinci kimin beyninə çaxılacaq?-Kreml və Trampın rus ruleti

  • 14 iyul 2017, 13:05

"Donald Tramp və Rusiya” mövzusu 7 aydır qəzet səhifələrinin və televiziyaları siyasi proqramlarının ən populyar mövzusudur.

Demək olar ki, hər həftə bununla bağlı yeni fiqurantların iştirakı ilə təzə məlumatlar ortaya çıxır.

Trampın oğlu ilə rusiyalı vəkil Nataliya Veselnitskaya arasında informasiya mübadiləsini də eyni qəbildən olan məsələ hesab etmək olar.
Qərb mətbuatı isə Donald Tramp və Rusiyanın öz aralarında rus ruletini oynadığını yazır. (Rus ruleti çar zabitlərinin barabanlı tapançaya bir güllə yerləşdirərək onu gicgahlarına dayamaqla atəş etdikləri təhlükəli mərc oyununa deyilir-red.)

"Görəsən, Rusiyanı bizə düşmən edən nədir”, - The Washington Post qəzetinin redaksiya yazısında belə bir başlıq qoyulub.

"Düşmən olmaq üçün bir-ibri ilə müharibə etməyə gərək yoxdur. Əslində nəzəri baxımdan Rusiya və ABŞ-ın mövqeləri bir çox məsələlərdə o qədər də fərqlənmir. Hər ikisi dünyanın ayrı-ayrı qitələrində yerləşən dövlətdir. Onlaırn arasında hansısa ərazi mübahisəsi mövcud deyil. (Hərçənd Arktika buzlarının əriməsi bunu dəyişə bilər -red.). İki dövlət də İslam xilafətinə və dininə nifrət edir və s.

Qəzetin fikrincə, Rusiyanı ABŞ-a düşmən edən cəhət Putinin sadiq olduğu dəyərlərlə amerikan dəyərləri arasında fərqlilikdir. Putin nüfuz sahələrini xalqların öz müqəddəratını həll etmək hüququndan, korrupsiyanı şəffaflıqdan, repressiyanı demokratiyadan üstün tutur.

"Lakin Putin dərk etdi ki, Donald Trampın siyasəti onun müdafiə etdiyi dəyərlərlə harmoniya təşkil edir. Bu səbəbdən kiçik Tramp Rusiyanın köməyindən yararlanmağın üstünlüklərini, Rusiya isə belə bir köməyi göstərməyin üstünlüklərini çox yaxşı gördü və onlar arasında bu cür yaxınlaşma baş verdi”, - məqalədə qeyd olunur.

Britaniyanın "The Times” qəzetinin redaksiya məqaləsi isə "Rus ruleti” adlanır.

Qəzet Trampın oğlunun son hərəkəti ilə Rusiya ilə bağlı qalmaqalların səngiyəcəyi ilə bağlı bütün ümidləri dəfn etdiyini yazır.

"Mümkündür ki, bu skandal ABŞ-ın Kremllə münasibətləri düzəltmək yolunda bütün cəhdlərinin üstündən xətt çəksin. Burada Rusiya da əslində özünə zərbə vurmuş sayılıb. Onun sanksiyaların azalacağı ilə bağlı arzuları puç oldu. Tramp isə o qədər zəifləyib ki, Putinin onu manipulyasiyaya düçar etmək şansı, demək olar, qalmayıb. İndi bütün Vaşinqton isteblişmenti ayaq üstündədir”,-məqalədə yazılıb.
Qəzetin fikrncə, bütün bu olanlardan sonra Rusiya militarist avantürizmindən, ərazilər qəsb etməkdən və Qərbdəki seçkilərə müdaxilə etməkdən əl çəkməyənədək sanksiyaları qorumaq zəruridir.

"The New York Post” qəzeti isə kiçik Donald Trampı "sarsaq” adlandırıb.

"Hansısa axmaq britaniyalı prodüser sənə "Hillarini ifşa edəcək” "sənəd və informasiya” ötürmək məqsədilə Rusiya hökumətinin vəkili ilə görüşdürmək üçün elektron məktub göndərir və sən buna həvəslə razılaşırsan, üstəlik, yeznən Cared Kuşneri və atanın seçki qərargahının rəhbəri Pol Manafortu da özünlə götürürsən. Vladimir Putinin hökuməti heç vaxt belə səfeh hərəkətə yol verməzdi”, - qəzet qeyd edir.
"The Wall Street Journal” ABŞ prezidentinin böyük oğlunun rusiyalı vəkillə görüşünün üzə çıxmasından sonra prokurorluq orqanlarının 2015-ci ildən bu yana rusiyalı hökumət nümayəndələri və Trampın ətrafı ilə apardıqları söhbətlərin kəşfiyyat tərəfindən dinləmə protokollarını incələdiyini yazıb.

Qəzet kəşfiyyatın dinləməyə hələ Trampın prezident kimi namizədliyini elan etməzdən qabaq başladığına diqqət çəkib. Lakin həmin dövrdə təhlükəsizlik agentlikləri aparılan danışıqların qeyri-müəyyən olması səbəbindən alınan raportlarla nə edəcəklərini bilməyiblər. Lakin həmin vaxtdan etibarən şübhələr yavaş-yavaş yer almağa başlayıb.

Qəzetin yazdığına görə, 2016-cı ilin yazında məsələyə Avropa kəşfiyyatı da qoşulub. Onlar prezident kampaniyasının Rusiya qaynaqlarından maliyyələşdirildiyi barədə amerikalı həmkarlarına xəbərdarlıq ediblər.

Beləliklə, qəzetlərin yazdığından belə bir nəticə hasil olur ki, rus ruletində barabandakı boş yerlər artıq tükənmək üzrədir və onun bir gün atəş açması artıq an məsələsidir. Hər halda Tramp haqqında impiçment sədalarının yüksəlməsi onun üçün xoş gəlişmə sayılmamalıdır.

Musavat.com


 


Oxşar xəbərlər