Tramp və Putin bugün Hamburqda görüşür

  • 07 iyul 2017, 10:11

Tramp Putinlə görüş ərəfəsi Rusiyaya qarşı sərt danışdı

Bu gün dünyanın gözlədiyi tarixi görüş reallaşır. Rusiya prezidenti Vladimir Putin Hamburqda keçiriləcək "G-20" sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək. Diqqətlər sammitdən daha çox iki dövlət başçısının görüşünə yönəlib.


Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, liderlər arasında ilk şəxsi danışıqlar ayaqüstü deyil, ayrıca söhbət kimi keçiriləcək.


Bu arada Rusiya Xarici İşlər Nazirliyi də görüşün formatı və mövzusu ilə bağlı məlumat yayıb. Rusiya XİN rəhbəri Sergey Lavrov formatın Amerika tərəfinin istəyinə uyğun olacağını bildirib: "Amerika tərəfi necə təklif etsə, o formatda görüşəcəyik. Mövzusuna gəlincə, liderlər Ukrayna və Suriya böhranlarını müzakirə edəcəklər”.


"ABŞ Mərkəzi Avropada sülh və təhlükəsizliyin qorunub-saxlanmasında sadiqdir və Rusiyanın hərəkətləri və pozucu hərəkətlərinə qarşı birgə iş aparır”. Bunu ABŞ prezidenti Donald Tramp iyulun 6-da Varşavaya səfəri zamanı deyib.


Ekspertlər sammit çərçivəsində olsa da, görüşün dünya üçün mühüm əhəmiyyətinin olacağını deyirlər. Xüsusilə əsas mövzuların Ukrayna və Suriya olması görüşün əhəmiyyətini olduqca artırır. Çünki son illərdə dünyanın iki əsas güc sahibini məhz qarşı-qarşıya bu iki məsələ gətirib və tərəflərin heç biri tutduğu mövqedən bir addım da geri çəkilməyib. Trampın ABŞ rəhbərliyinə gəlişində Kremlin rolunun yüksək olması, eləcə də onun prezident seçilməsindən sonra ölkəsinin Rusiyaya qarşı münasibətinin dəyişəcəyi ilə bağlı deyilənlərin reallaşmamasından sonraya bu görüşün təsadüf etməsi ona marağı birə-on qat artırır.


Politoloq Elxan Şahinoğlu görüşdən heç bir nəticə gözləmir: "Açığı, bu görüşdən elə də böyük gözləntim yoxdur. Doğrudur, Rusiya prezidenti Qərbin ciddi sanksiyaları ilə üz-üzədir. Putin çox istərdir ki, amerikalı həmkarı ilə dostlaşsın. Amerikada seçki kampaniyasında Rusiya rəhbərliyi açıq şəkildə Trampı dəstəklədi, Hillari Klintonun prezident seçilməsini istəmədi. Hələ də ABŞ-da Trampın seçilməsində Kremlinin əlinin olması ilə bağlı fikirlər səslənir. Putin ümid edirdi ki, Trampla dostlaşa bilər, ABŞ rəhbərliyi Ukrayna və Krım məsələsini də unudacaq, Donbasda separatçılara verilən dəstək də unudulacaq. Tramp da seçki təbliğatında bu məsələlərdən danışmırdı. Amma o, prezident seçiləndən keçən bu müddət ərzində məlum oldu ki, istəsə belə, Putinlə dostlaşa bilməz. Ölkə daxilində də ona qarşı çox güclü bir müxalifət var. Tramp Putinlə görüşündə belə münasibətləri yaxşılaşdırmaq gücündə deyil. Fərqindədir ki, bunu etsə ölkəsinin daxilində ciddi müqavimətlə qarşılaşacaq. Əslində bunların günahkarı Putindir. Əgər üç il öncə Ukraynanı Putin parçalamasaydı, bu gün Trampla ortaq dil tapmaq çox asan olacaqdı. Amerikada da Kremlə qarşı güclü bir müxalifət formalaşmazdı. Məsələn, Rusiya 2008-ci ildə Gürcüstanı da parçalamışdı, amma Kreml bağışlanmışdı. Putin elə zənn edirdi ki, Krımı işğal edəcək, amma reaksiyalar zəif olacaq. Lakin Krım məsələsi qırmızı cizgilərin aşılması idi. Putin son illərdə elə addımlar atıb ki, Trampın onunla barışması mümkünsüz görünür. Ukrayna məsələsində hər hansı bir razılaşmanın olması imkansızdır. Ola bilsin ki, Suriya məsələsində müəyyən ortaq nöqtələri tapmağa çalışsınlar. Çünki Ukraynadan fərqli olaraq Suriyada hədəf ortaqdır, yəni terrorçulara qarşı mübarizə. Putin bu görüşdə Trampı inandırmağa çalışacaq ki, İran, Türkiyə kimi ölkələr bizimlə əməkdaşlıq edirlər, gəlin sizinlə də beynəlxalq terrorçulara qarşı birgə mübarizə aparaq. Amma bunun da baş tutacağına inanmıram. Amerika öz yolu ilə gedir. Yalnız onu razılaşdıra bilərlər ki, hücum fəaliyyətlərimizi razılaşdıraq, yəni bir-birimizlə toqquşmamaq üçün. Yəni bir tərəf hücum edəndə digər tərəfin xəbəri olsun. Amma bunun da baş tutacağı real görünmür. Çünki Pentaqondakı generallar Rusiyanı başlıca düşmən, yaxud rəqib adlandırırlar. Həmin generalların asanlıqla rus generallarla əməkdaşlıq edəcəklərinə inanmaq çətindir”.


Politoloq iki ölkə rəhbəri arasındakı bu görüşün ilk olmasının da onun əhəmiyyətini azaltdığını düşünür: "Bu ilk əl sıxışması olacaq. Prezidentlər azı 5-6 dəfə görüşməlidirlər ki, hər hansı bir məsələdə ortaq nəticəyə gələ bilsinlər. Ona görə ilk görüşdən nələrsə gözləmək düzgün deyil. Ortada çox ciddi problemlər ola-ola bu iki güc sahibinin asanlıqla bir araya gəlməsini düşünmək gülünc olardı. Putinin reytinqi ölkə daxilində kifayət qədər yüksəkdir. Baxmayaraq ki, Rusiyada həyat tərzi aşağıdır, getdikcə də vəziyyət ağırlaşır. Putinin hazırda daxildəki vəziyyətlə bağlı xarici dəstəyə heç bir ehtiyacı yoxdur. Düşünürük ki, çox asanlıqla yenidən prezident seçiləcək. Amma orada bir məsələ var, İran ətrafında gedən prosesləri xatırladaq. Bu ölkə Rusiyanın yaxın müttəfiqlərindən biri sayılır. Amma Tramp bu ölkəni ən başlıca düşmənlərdən biri adlandırıb, İrana qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyindən danışıb. Bu da Rusiyanın xoşuna gələ bilməz. İran məsələsi belə Rusiya və Amerikanı üz-üzə qoyub. Açığı, düşünmürəm ki, ilk görüşdə hər iki ölkə başçısı İran məsələsindən danışsın. Amma Ukrayna və Suriya problemlərindən danışmaları mütləqdir. Amerika Rusiyanın bölgədəki maraqlarını nəzərə almır. Putin ağıllı olsaydı, Krımı işğal edərkən bunun nəticələri barədə düşünərdi. Sivil dünyanın ondan üz döndərəcəyini, sanksiyalarla üzləşəcəyini yaxşı bilməli idi. Hətta qonşu ölkələrin, Qazaxıstan, Belarus kimi müttəfiqlərinin ondan üz döndərəcəyini anlamalı idi. Çünki bu dövlətlər yaxşı bilir ki, qardaş ölkə kimi baxdığı Ukraynanın başına bu oyunu açan şəxs səhəri gün onların da başına bunları gətirə bilər. Qonşu ölkələri ondan belə narazıdırsa, okeanın o tərəfi necə razı olsun ki”.


Oxşar xəbərlər