“Ermənistan diplomatiyasına yəhudi şilləsi”

  • 27 iyun 2017, 14:45

Azərbaycanın öz hərbi qüdrətini durmadan artırması, bu məqsədlə yeni hərbi zavodlar açması, hərbi təlimləri intensivləşdirməsi, habelə Rusiya və digər ölkələrdən müasir döyüş sistemləri almaqda davam eləməsi, gözlənildiyi kimi, işğalçı Ermənistanın yuxusunu yenidən qaçırıb. Bakıya ötən həftəsonu Rusiyadan yeni partiya müasir hərbi sistemlərin daxil olması düşmən tərəfin təlaşını bir az da artırıb.

1 in.am portalının siyasi şərhçisi Sərkis Arsruninin bu xüsusda yazısı diqqət çəkir. Musavat.com mövzunun aktuallığını nəzərə alıb onu ixtisarla təqdim edir.

*****

"Ermənistanın öz strateji müttəfiqi Rusiyadan öz müttəfiqlik öhdəliklərini yerinə yetirməyi tələb etməyə gücü çatmayanda bizim başqa ölkələrə ünvanlı çağırışlarımız da siyasi motivdən məhrum olur və incik tərəfin narazılığına oxşayır. Hansı ki, nəinki diplomatik münasibətlər üçün xas deyil, həm də xarici paytaxtlarda sarkazmla qarşılanır. Məsələn, Ermənistan hakimiyyəti Rusiya rəhbərliyi qarşısında Moskvanın Azərbaycana silah tədarük eləməsi məsələsini qorxaq şəkildə qoyur və ruslardan da müxtəlif cavablar eşidir. Bu cavablar isə təxminən eyni mahiyyətli olmaqla belə xarakter daşıyır: "Yaxşı edirik satırıq” və ya "Pul osaydı...” Məsələ də ondadır ki, əgər sən tərəfdaşı düzgün seçməməsinsə və ya onun qarşısında problemləri qaldıra bilmirsənsə, o zaman müttəfiqlər çevrəsinə daxil olmayan başqa ölkələrə bağlı nəsə söyləmək mənasızdır.

Bizim jurnalistlər İsrail Knessetinin (parlament – red.) keçmiş deputatı Aleksanr Tisnkerdən İsrailin Azərbaycana silah tədarükü ilə bağlı sual veriblər və ondan belə bir cavab eşidiblər: "Sizin strateji müttəfiqiniz Rusiya fikrimcə, Azərbaycana daha çox silah verir”.

Bu cavab bəlkə də bir qədər sinikdir, ancaq – daha siyasi xarakterli bir reaksiyadır, nəinki bizim müttəfiqimiz ruslardan eyni suala eşitdiyimiz cavablar. Aleksandr Tsinker bununla əlbəttə ki, erməni diplomatiyasına şillə tutuzdurub. Ancaq başqa bir gözəgəlimli kəşf də edib. Deyib: "Vaxtilə Ermənistana bəzi İsrail silahları almaq təklif olunub. Lakin cavabında Ermənistanın keçmiş müdafiə naziri dedi ki, bu, çox bahalıdır və sərfəli deyil. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Buyurun, biz həmişə sizə açığıq. Əgər nəsə istəsəniz, bunu həmişə müzakirə eləmək olar”.

Əminliklə iddia eləmək olar ki, problem heç də İsrail silahının qiymətində deyil, Moskvanın İrəvan qarşısında yaradacağı əngəldədir: yəni silahları əsasən Rusiyadan alına bilər. Bu isə artıq Ermənistanın xarici siyasətini məhdudlaşdıran hansısa bir komponentdir. Ona görə ki, üçüncü ölkələrlə hərbi-texniki əməkdaşlıq bizim həm də Qarabağ nizamlanması prosesində diplomatik potensialımızı artırır.

Az öncə biz Azərbaycanın üzücü siyasətinə qarşı Ermənistanın duruş gətirməsinin effektli variantlarından biri kimi diplomatiyamızın passiv olduğu istiqamətlərdə diplomatik potensialdan tam istifadə etmənin zəruriliyini qeyd eləmişdik. Nümunə qismində də İsrail-erməni əlaqələrinin potensialını vurğulamışdıq. İndi belə çıxır ki, İrəvan hətta Təl-Əvivdən konkret təkliflər alanda belə, öz susqunluğunu qoruyub saxlayır. Bu susqunluqdan isə

Azərbaycan istifadə edir” , - deyə sonda erməni ekspert etiraf edir.

*****

Ancaq ermənilər özləri də yaxşı bilirlər ki, hətta Rusiya Ermənistana üçüncü ölkədən silah-sursat almağa izn versə belə, bu, sərt gerçəyi dəyişməyəcək. Çünki işğalçı ölkənin Azərbaycan kimi bazar qiymətlərinə müasir hərbi texnika və döyüş sistemləri almaq üçün yetərli maliyyə imkanları yoxdur. O üzdən Rusiyadan gileylənmək ki, o, Ermənistanı daha yaxşı silahlanmaq üçün başqa ölkələrdən silah almağa qoymur, xalis demaqogiyadan savayı bir şey deyil.

Eyni səbəbdən Azərbaycana silah satdığı üçün İrəvanın Moskvaya irad bildirməsi də yersiz yekəbaşlıqdır və heç bir önəm daşımır. Həm də o səbəbə ki, Ermənistanın bunu önləmək üçün Rusiyaya hər hansı təzyiq və təsir rıçaqına malik deyil. İrəvan nə olmayan maliyyəsi ilə, nə də xarici siyasət kursunu kəskin dəyişmək təhdidi ilə Moskvaya təsir göstərmək gücündə deyil. Sərt reallıq belədir ki, Ermənistan adlı qondarma dövlətin yeganə varlıq qarantı məhz Rusiyadır. O Ermənistan ki, könüllü şəkildə Kremlin ovcunun içindədir, Rusiyanın girovu və sadiq nökəridir və belə görünür ki, hələ uzun müddət belə qalacaq.

Nökərin ağaya irad bildirməsi isə absurddur. Bu acı taleyi ermənilərə işğal faktı yazıb. Ondan qurtulmağın yolu da çoxdan bəlli – Azərbaycana qarşı işğalçı siyasətdən qeyd-şərtsiz imtina eləmək.

Siyasət şöbəsi,

Oxşar xəbərlər