Ərdoğanın “minimal hesablı” 3 xalı – şərh

  • 17 apr 2017, 08:02

Qardaş Türkiyə referendum sınağından da çıxa bildi. Xalq tarixi seçimini elədi: elektoratın yarıdan çoxu (52%) konstitusiya dəyişikliklərini dəstəklədi. Bununla da ölkə gündəmini neçə vaxtdır məşğul edən, Türkiyəni izafi gərginlikdə saxlayan, hətta onu içəridən silkələyən bir məsələ, dartışma mövzusu gündəmdən çıxdı, aktuallığını itirdi.

Düzdür, seçicilərin böyük bir qismi - yarıdan bir qədər azı yeni sistemə "yox” deyib. Lakin nəticə artıq dəyişməycək. Çünki demokratiya çoxluğun iradəsi deməkdir. Çoxluq isə mütləq olmasa da, çoxluqdur və əgər o, Türkiyənin prezidentlik üsul-idarəyə keçidini bəyənibsə, bu qərara hamı – istər ölkə daxilindəki böyük azlıq olsun, istərsə də onun xaricindəki "inkar”çılar, hörmətlə yanaşmalıdır.

Bununa belə, seçicilərin böyük bir hissəsinin konstitusiya dəyişikliklərinə neqativ reaksiyası bir növ AKP iqtidarına münasibəti, Türkiyə cəmiyyətindəki ovqatı da ortaya qoydu. Hakim partiya bundan sonra öz daxili siyasətində belə bir nəticəni ciddiyə almaya bilməz. Söhbət nəticədən istifadə edən məkrli dairələrin ölkəni qarışdırmaq planlarından gedir.

Fəqət, istənilən halda, qələbə - qələbədir, istər minimal üstünlüklə olsun, istərsə də böyük. Futbol termini ilə desək, minimal üstünlüklə olan qələbəyə də 3 xal yazılır, böyük top fərqi ilə əldə edilən qələbəyə də. Bu mənada minimal hesabla qələbə qazanan Ərdoğan xalqdan 3 xal ala bildi. Bu, sözsüz ki, yenə qələbədi və tarixdə də belə qalacaq.

Qalır, indi bu etimadı, "3 xalı” doğrultmaq. Xalqın 52 faizinin yanılmadığını, 48 faizinin isə yanıldığını sübut eləmək. Prezidentli idarəçiliyin Türkiyə üçün gercəkdən də ən optimal yol olduğunu, xalqın çoxluğunun doğru qərar verdiyini sübut etmək, yeni idarəçilik sisteminin hətta bu idarəçiliyin əleyhinə olanların da xeyrinə olduğunu əməldə isbatlamaq. Ən əsası, nəticədən istifadə edib cəmiyyətdə parçalanma, təfriqə, ölkədə isə xaos yaratmağa çalışan yeri və xarici məkrli qüvvələri sərt şəkildə yerində oturtmaq, onların planlarını faş eləmək.  

Əlbəttə ki, nə parlamentli üsul-idarə, nə də prezidentli idarəçilik ayrı-ayrılıqda bütün dərdlərin dərmanı sayılmaz. Bir ölkədə azad məhkəmələr yoxdursa, parlament və ya prezident xalqın iradəsini ifadə etmirsə, yəni seçkili orqanlar legitim deyilsə, seçkilərə hiylə qatılırsa, o ölkədə hansı idarəçilik formasının olmasının qara qəpiklik önəmi olmaz. Bu qənaətin xeyrinə neçə-neçə nümunə gətirmək olar...

MHP başqanı Dövlət Baxçəlı 16 marta referendumunu dönüş nöqtəsi adlandırıb. Bu – gerçəkdən də belədir. Məsələ ondadır ki, 16 aprelə kimi iki böyük cəbhəyə bölünən toplumun bundan sonra da qarşı duran səngərlərdə yer alması yolverilməzdir. Zira, 16 mart referendumunda yalnız qalib var, məğlub yoxdur!

Hər necə olmasa, iqtidarlar gəldi-gedərdi. Bəlkə heç 2019-da təzə konstitusiya dəyişikliyindən sonra seçiləcək ilk prezident Ərdoğan olmayacaq, bu dəyişikliklərin əleyhinə səs vermiş Kılıcdaroğlu və ya Kılıcdaroğlu tərəfdarı olan birisi prezident seçiləcək?

Ən önəmlisi də budur ki, "evet” və "hayır” bölgüsü yalnız 16 aprelı kimi idi. 16 apreldən sonra qütbləşmə bitdi, ondan sonra meydanda yalnıca "türkiyəçilər” olmalıdır. Ayrı sözlə, seçki emosiyaları bəlli bir müddətdən sonra sönməli, Türk düşmənlərinin əlinə tutarqalar verilməməlidir.                  

Bu yerdə Avropa Birliyinin Türkiyəyə münasibətdə ənənəvi cığallığını da qeyd etməyə dəyər. Belə ki, Avropa Parlamentinin Türkiyə üzrə xüsusi nümayəndəsi Kati Piri referendumdan dərhal sonra əlüstü bəyan edib ki, bəs, konstitusiya dəyişikliyinin qəbul ediləcəyi təqdirdə (yəni Türkiyə prezidentli idarəçiliyə keçəcəyi təqdirdə - Z.S.) Avropa Birliyinin qapıları Türkiyənin üzünə bağlanacaq.

Guya bu qapılar 54 ildi iqtidarda kimin olmasından asılı olmayaraq, qardaş ölkənin üzünə müxtəlif bəhanələrlə bağlı deyilmiş. Bu da olsun növbəti bəhanə. Bir də ki, necə olur, prezidentli Fransa AB-nin üzvü ola bilir, prezidentli Türkiyə yox?

Ən absurdu da elə budur.  

 

Zahid SƏFƏROĞLU

Oxşar xəbərlər