Ermənistanda
rəsmi orqanların dediyi kimi 3,6 milyon yox, 2,3 milyon əhali yaşayır. Ermənistanın
vəziyyətinin gündən-günə pisləşməsi isə 3 varlı xuliqan və mafiya üzvlərinə sərf
edir. Bu acınacaqlı vəziyyətə baxmayaraq, bəziləri Turkiyənin inkar
etdiyi "soyqırım" kəlməsindən yapışır. Ermənistan isə böyük təhlükə
içərisindədir.
Milli.Az xəbər verir ki, bütün bunları Fransada
yaşayan erməni əsilli, tanınmış müğənni Şarl Aznavur Ermənistandakı
sosial-iqtisadi vəziyyətlə bağlı "Nouvelles d`Armenie" qəzetinə
verdiyi musahibəsində bildirib.
Ş.Aznavur qeyd edib ki, Ermənistanda kimin prezident
seçiləcəyi onu qətiyyən maraqlandırmır, o, yalnız ölkəsinin rahat nəfəs alması
üçün açıq sərhədlər arzulayır:
"Mən daim türklər haqqında yaxşı danışıram, Türkiyədə yaşayan elə bir erməni
əsilli insan yoxdur ki, türkləri sevməsin".
Onun sözlərinə görə, insanların kütləvi şəkildə Ermənistanı tərk etməsinə səbəb
hakimiyyətin onlar üçün heç bir iş görməməsidir: "Mafiozlar haqqında elə
hadisələr bilirəm ki, deyiləsi deyil. Fermerlər öz torpaqlarında acından ölürlər,
mafiya üzvləri, cinayətkarlar onlara yaşamağa imkan vermir".
Xatırladaq ki, Şarl Aznavur təzadlı şəxsiyyətdir. O,
erməniləri bundan əvvəl də məyus edən fikirlər səsləndirib. Məsələn, hələ
2012-ci ildə o demişdi ki, qondarma erməni soyqırımı məsələsini birdəfəlik
olaraq qapatmaq gərəkdir: "İndi mənim deyəcəyim fikri çoxları yaxşı
qarşılamayacaq. Mən bir daha soyqırımı sözünü eşitmək istəmirəm. Çünki bu söz
bizi geriyə aparır. Biz türklərlə münasibətləri yaxşılaşdırmalıyıq. Biz onlara
qapıları açmalı və oradan onlara keçməyə imkan verməliyik".
Qeyd edək ki, Fransada Gürcüstandan olan erməni ailəsində
doğulmuş Şarl Aznavur müğənni olmaqla yanaşı erməni təəssübkeşliyi də ad
çıxarıb. Ş.Aznavura 2008-ci ildə Ermənistan vətəndaşlığı verilib, 2009-cu ildən
bəri isə o, Ermənistanın İsveçrədəki və UNESCO-dakı səfiridir.
İlkin İzzət
Milli.Az