Türkiyədə sıxışdırılan mühacir ərəblər Azərbaycana təhlükədirmi...

  • 08 mart 2017, 10:35

İlham İsmayıl: "Təhlükə yalnız radikal, terrorçu təşkilatlarda təmsil olunan ərəblərdən gələ bilər”

Son iki ildə ölkəmizdə ərəb turistlərin sayı artıb. Yalnız Azərbaycanda deyil, Türkiyədə də kifayət qədər ərəb var. Ancaq buradakı ərəblər, ölkəmizdəki ərəblərdən fərqlidir; onlar qaçqın, mühacir olaraq Türkiyəyə üz tutublar. Bir sıra ekspertlər radikal qruplaşmalara və terror hadisələrinə görə ərəblərin orada sıxışdırıldığını, döyüldüyünü, işdən qovulduğunu iddia edirlər. Bu isə bir məsələni gündəmə gətirir ki, Türkiyədə sıxıntı yaşayan bu mühacir ərəblər gizli yollarla Azərbaycana gələ bilər. Düzdür, Azərbaycan praktikasında hansısa ərəbin mühacir kimi ölkəmizə gəlməsi halı müşahidə edilməyib. Ancaq bəzi ekspertlər ərəblərin gizli yollarla, məsələn, Gürcüstan yolu ilə Azərbaycana gələ biləcəyindən ehtiyat edir.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, təhlükə yalnız radikal, terrorçu təşkilatlarda təmsil olunan ərəblərdən gələ bilər: "Mən ərəblərin Türkiyədə kütləvi şəkildə sıxışdırıldığına inanmıram. Ola bilər ki, ayrı-ayrı fərdlərlə hansısa bir konfliktlər, mübahisələr yaransın. Çünki faktiki olaraq Suriyadan keçən ərəblərin sayı bir milyondan çoxdur və artıq nə qədərinə Türkiyə vətəndaşlığı verilib. Əgər Türkiyə vətəndaşlığı alan ərəb bura gələcəksə, o insanların viza məsələsində elə də ciddi bir problemlər olmayacaq. Bilirsiniz ki, son vaxtlar kifayət qədər ərəb millətindən olan, xüsusilə Dubaydan və başqa ölkələrdən gələn ərəblər ölkəmizdə xeyli gözə çarpırlar. Ancaq bu ərəblər mühacir statusu ilə ölkəmizə gələ, sığınacaq istəyə bilməzlər. Biz onları deportasiya edərik. Əgər belə bir hal aşkarlansa, onları deportasiya etmək düzgün qərardır. Qanunsuz yollarla kimsə Azərbaycana keçmək istəsə belə burada qanunsuz fəaliyyətlə məşğul ola bilməz. Ona lazımdır ki, sərbəst otursun və sərbəst fəaliyyətlə məşğul olsun.

Azərbaycanda isə başqa yad ölkənin vətəndaşlarının gəlib mühacir statusu alması demək olar ki, bizim praktikada yoxdur və gözlənilmir. Əgər kimsə bu cür gələrsə, onlar hansı ölkədən gəliblərsə, o ölkəyə qaytarılacaqlar. Ona görə də biz onlardan təhlükə gözləmirik. Qeyd etdiyim kimi, təhlükə yalnız radikal, terrorçu təşkilatlarda təmsil olunan ərəblərdən gələ bilər. İŞİD son günlər məğlubiyyətə uğradıqca kənara çəkilir. Kənara çəkilənlər içərisində bizim öz millətimizə qoşulub gələn ərəb ola bilər. Onlar başqa ad altında, yəni gəlib buranı gəzib qayıdacaqları iddası ilə gələ bilərlər. Bunlara diqqət yetirmək lazımdır.

Çünki bir neçə il bundan əvvəl çox qəribə olsa da, Sumqayıtda ərəblərin peyda olması və radikal dindarları ətrafına cəlb etməsi, sonra isə bizim vətəndaşlarımızın Suriyaya göndərilməsi faktı aşkarlanmışdı. Bu, radikal təmayüllü ərəblərin əsasını qoyduğu fəaliyyətin nəticəsi olub. Məsələni ona yönəltmək lazımdır. Hər halda bu gün ərəb dünyasındakı qaçqın düşən ərəb Azərbaycana gəlməz. Amma radikal terrorçu perspektiv terror törətmək üçün gələ bilər. Ona görə diqqətli olmaq lazımdır. Bizim xüsusi xidmət orqanı, Dövlət Təhlükəsizlik Xidməti var. Onlar istənilən terrorçunun Azərbaycana girməsinin qarşısını almaq istiqamətində fəaliyyət göstərirlər. Terrorçu ərəbin də kütləvi şəkildə ölkəmizə gəlməsi gözlənilmir. Çünki İŞİD-in rəhbəri deyib ki, biz geri çəkilsək də, Suriya və İraq ərazisində gizlənib gözləmə mövqeyində dayanmalı, sonradan yenidən birləşməliyik. Azərbaycan hələ ki onların hədəfi deyil”.


Oxşar xəbərlər