Daşkəsənin Zəylik kəndini vahimə bürüyüb

  • 21 okt 2015, 21:32


 

Demokratik.Az-ın əldə etdiyi məlumata görə,Daşkəsənin Zəylik kəndini bir müddətdir ki,vahimə bürüyüb.Məlumata görə,buna səbəb son bir həftə ərzində kənd sakinlərinə məxsus iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən bir-bir oğurlanaraq kəndin meşəyə yaxın hissəsində kəsilib-soyulmasıdır.İndiyədək bir neçə malın oğurlandığını deyən sakinlərin sözlərinə görə,oğrular heyvanları kəsib soyaraq yalnız ətini aparır və bu yolla izlərini "itirirlər".

 

Zərərçəkmiş kənd sakinlərindən biri, Mirzəyev Rəşad Ələddin oğlunun Demokratik.Az-a bildirdiyinə görə,ötən həftənin ikinci günü onun da iri danası örüşdə olarkən naməlum şəraitdə itib,axtardıqda isə heyvanının dərisi və başını gecə saatlarında meşənin yaxınlığından tapıb...

Digər zərərçəkən Firuzə Əliyeva da eyni aqibətlə üzləşməli olub.Kənd məktəbində müəllim işləyən Firuzə xanımın dediyinə görə,ötən həftənin cümə günü onun da inəyi oğurlanıb.Günorta saatlarında heyvanın itdiyini ehtimal edən ailə inəyin baş-ayağını və dərisini sabahki gün meşədən tapıblar.Beləcə oxşar vəziyyət,oxşar ssenarili oğurluq...

Hazırda kənddə sakinlər arasında qorxu yaranıb.Baş vermiş oxşar və qəribə oğurluq hadisəsindən sonra uzun illərdir ki,həmin kənddə yaşayan və arxayınlıqla mal-qaralarını örüşə buraxan sakinlər ov silahı ilə silahlanaraq təsərrüfatlarını fərdi qaydada otarmağa üstünlük verir və bir-birlərinə etibar etmir.

Bildirək ki,zərərçəkmiş şəxslər fakt üzrə Daşkəsən rayon polis şöbəsinə də ərizə ilə müraciət ediblər.Demokratik.Az-a Daşkəsən RPŞ-i tərəfindən verilən açıqlamaya görə,polis kənddə araşdırmalara başlayıb,malların kəsildiyi yerlərə baxış keçirilib.Hazırda cinayətin digər təfərrüatları araşdırılır və yaxın günlərdə cinayətin açılması istiqamətində konkret nəticə olacağı ehtimal olunur...

 

Mövzu diqqətimizdədir

Demokratik.Az