İmamzadə ziyarətgahında "jurnalistlərə" nəzir kampaniyası

  • 11 noy 2014, 22:30

Dünən Aşura-nın yeddinci günü Gəncə İmamzadə ziyarətgahında möhtəşəm dini tədbir keçirilirdi.Minlərlə ziyarətçiyə yüksək səviyyədə təşkil olunmuş ehsan süfrəsi açılmışdı.Tədbirin başında isə tanınmış arator,QMİ-nin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Qarabaği dururdu.

Demokratik.Az olaraq həmin əlamətdar məclisə biz də qatıldıq və ziyarətimiz əsnasında Şeyxülislamın nümayəndəsi ilə həmsöhbət olmaq,bir sıra məlumatlar əldə etmək xüsusunda bulunduq.Bu cəhdimiz isə nəinki baş tutmadı, hətta bizi utandırdı. Hərəkətləri ilə bir qrup insanın rəzilliyinə təəssüf etdik. Çünki...

Çünki dünən İmamzadədəki ziyarətçilər arasında özlərini jurnalist sanıb həmin ünvana toplaşanlar da az deyildi.Biz də qeyri-ixtiyari bu kütlənin arasında idik.Lakin allah və ya 12 imamlara sevgidən doğan amil deyildi onları(dırnaqarası jurnalistləri) bura qədər çəkib gətirən...Bu binəvalar açarı Hacı Tahirdə olan nəzir qutularına "əl uzatmaq",yığılmış manatlıq nəzirlərdən özlərinə pay ummaq üçün bura gəlmişdilər...Onlar Hacı Tahirin hüzuruna "mədəni dilənçilik" etmək üçün gəlmişdilər.Hətta bəziləri əlifbanı tanımayan,qəzeti üzündən oxumağı bacarmayan "redaktor"titullu kəmsavadlar idi...

Beləliklə günorta saat 15-00-dək Gəncə İHB-nin rəsmilərini qonaq edən Tahir Qarabağinin tapşırığı ilə "jurlalistlər"in siyahısı tərtib olundu.Adlarını ardıcıl olaraq gülə-gülə ağ kağıza qeyd edən cavan sürücünün rəftarından anlamaq olardı ki,o bu işdən zövq alırdı.Çünki bu gün onlarla "jurnalist"onun suallarına yaltaqcasına cavab vermək zorundaydı...

Nəhayət bir saat sonra siyahıdakı media "tip"ləri 10 ədəd manatlıq olmaqla öz nəzirlərini alaraq sevinə-sevinə ziyarətgahı tərk etdilər.

Hacı Tahir Qarabağinin bu humanist əməlini bəlkə də alqışlamalıyıq.Bəlkə də düşünməliyik ki,Möhtərəm prezidentimizin bir neçə gün öncə İmamzadənin təmir-bərpası üçün ayırdığı 5 milyon vəsait nəzir qutularına yığılan ianələrin başqa məqsədlərə xərclənməsinə zəmin yaradır.Axı bildiyimizə görə ziyarətgahda toplanan nəzirlər İmamzadənin saxlanmasına,bərpasına sərf edilməlidir.Ən azından paylanan həmin pulla ziyarətə gələnlər üçün bir neçə müvəqqəti ayaqyolu inşaası həyata keçirmək olardı ki,cammaat da narazı qalmazdı...

İnanırıq ki,Qafqaz müsəlmanları İdarəsi bu kimi hallara yol verilməməsi üçün Hacı Tahir Qarabağiyə öz tövsiyyə və tapşırıqlarını əsirgəməyəcək. 

Sonda bildiririk ki,bizimlə görüşməkdən imtina edən Hacı Tahirin yuxarıda sadalanan faktlara münasibətini öyrənmək cəhdlərimiz də uğursuz alındı. 

 

OSMAN NƏRİMANOĞLU  Fotolar müəllifindir

 


"jurnalistlər"in siyahıyaalınma anı

 

DEMOKRATIK.AZ