Türkiyə mətbuatı İstanbul terrorçusunun "şəklini" təkzib edib

  • 02 yan 2017, 10:02
Türkiyə mətbuatı İstanbulda gecə klubuna silahlı hücum etməkdə şübhəli bilinən şəxsin fotoları ilə bağlı yayılan məlumatları yenidən təkzib edib.

"Report" xəbər verir ki, belə bir üzrxahlıqla "Milliyyet" çıxış edib.

"Milliyyet" bir neçə saat əvvəl yayımladığı fotoların redaksiyaya etibarlı mənbədən daxil olduğunu, lakin yanlışlığa yol verildiyini, ölkənin hüquq-mühafizə orqanlarının axtarığı terrorçunun həmin şəxs olmadığını etiraf edib.

Media orqanı bununla bağlı oxuculardan üzr istəyərək bildirib ki, İstanbulun hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş şəxs başqasıdır. Bununla yanaşı, bir sıra KİV orqanları polisin əlində olan son fotolar da yayımlayıblar.

Qeyd edək ki, bundan əvvəl pasport qeydiyyatından keçən şəxsin fotoları yayımlanmışdı. Onun xarici ölkə vətəndaşı və İŞİD üzvü olduğu bildirilirdi.

Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy rayonundakı gecə klublarından birinə silahlı hücum olub. Terror aktı nəticəsində 39 nəfər ölüb, onların 16-sı xarici ölkə vətəndaşıdır.
Yerli vaxtla 01.15-də edilən silahlı hücum nəticəsində 69 nəfər yaralanıb.
Oxşar xəbərlər