Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq

  • 03 dek 2019, 20:10

Aviaqəzaların tədqiqatı ilə məşğul olan mütəxəssislər bilir: müasir avialaynerdə çoxsaylı "həyəcan siqnalları” qurulub. Hansı siqnallar ki, ekipajı idarəetmədə nasazlıqlar və səhvlər – "yanlış uçuş konfiqurasiyası”, həddən ziyadə aşağı sürət, hermetikliyin pozulması təhlükəsi və s. barədə xəbərdar etməlidir. Ancaq ekspertlərin etiraf elədikləri kimi, bu siqnalların işlək olması fəlakətlərin önlənməsi üçün hələ kifayət deyil, vacibdir ki, ekipaj da onları düz anlasın və ona düzgün reaksiya versin. Bu isə heç də həmişə mümkün olmur.

Gəl ki, həyəcan siqnalını eşitmək və doğru anlamaq bacarığı təkcə pilotlarda deyil, bəzən siyasətçilərdə də çatışmır. Klassik nümunə Ermənistandır. Harada ki, bu günlərdə "Qarabağ müharibəsi veteranları birliyi” ictimai təşkilatının sədri, ehtiyatda olan polkovnik Qriqor Qriqoryan silsilə hay-küylü açıqlamalar səsləndirib. Qriqoryan indiki Ermənistan hakimiyyətinin 2016-ci ildəki aprel döyüşləri ilə bağlı təhqiqat komissiyası yaratmaq cəhdlərini şərh edib – nə vaxt ki, Azərbaycan öz hərbi potensialının cəmi 10%-indən istifadə eləməklə düşmənin müdafiə xəttini yarmışdı.

 

Qriqor Qriqoryan

Paşinyan və komandası, aydın məsələdir ki, əllərindən gələni edirlər ki, aprel uğursuzluğunda əvvəlki "Qarabağ rəhbərliyi”ni ittiham eləsinlər. Sonuncunun təmsilçiləri isə dişlərini qıcıdıb mırıldayır və Paşinyanın özünün səhvlərini xatırladırlar. Öz növbəsində həmin o Qriqoryan israrla inandırmağa çalışır ki, 2016-cı ilin aprelində Ermənistan üçün guya qorxulu heç nə baş verməyib və buradaca o, sözlə hücuma keçir: "Heç kim bu haqda danışmır ki, 2018-ci ildə - artıq Paşinyanın iqtidarı dövründə biz Bayots-Dzorda – Naxçıvan cinahında minlərlə hektar ərazi itirmişik. Özü də döyüşsüz. Niyə bu barədə danışmırıq? Necə oldu ki, Areni kəndi düşmənin nişangahına düşüb? Türk (Azərbaycan – red.) qoşunları harada idi, indi haradadır?”


Daha sonra o, əsas məsələyə keçib. "İstisna deyil ki, Türkiyə Ermənistana qoşun yeritməyə cəhd edəcək. Rusiya heç də boşuna Gümrüdəki bazasını təzədən silahlandırmır. Bizdə isə axmaq adamlar tapılır və deyirlər ki, baza bizə lazım deyil. Əgər Rusiya ordusu Ermənistandan çıxsa, Türkiyə ordusu 2 saata İrəvanın mərkəzinə çatacaq”, - deyə ehtiyatda olan erməni polkovnik həssas auditoriyanı dəhşətə salıb.

 

Bu da Qriqor Qriqoryana az görünüb və əlavə edib ki, "yaxın 3-4 ay ərzində Azərbaycan tərəfi hərəkətə keçmək üçün addımlar ata bilər və döyüş əməliyyatlarının əsas cinahı da Naxçıvanla bağlı olacaq”. Ardınca panik tonda söyləyib: "Bu gün ölkəni məhv eləmək məsələsi qoyulub. Bu problem həmişə mövcud olub, sadəcə, indi daha da aktuallaşıb. Ona görə ki, indi biz deyə bilmərik ki, Rusiyanın təsir sferasında yerləşirik. Biz bilmirik, kimin təsir sferasındayıq”.

Aydındır ki, Qriqoryanın müsahibəsi hər şeydən öncə Paşinyan üzərinə daxili siyasi hücumdur – hansı müsahibədə ki, "xalq” baş nazirinə Ermənistan üçün "məntiqli fəlakət”lə bitən Qızılqaya-Günnüt əməliyyatı da, Ermənistanın əsas müttəfiqi və havadarı Rusiya ilə əlaqələrin korlanması və bir çox başqa şeylər da xatırladılır.

Amma biz diqqəti İrəvanı bürüyən daxili siyasi intriqalara cəmləməyəcəyik. Hər halda, bu, Ermənistanın daxili işidir. Hətta onunla da maraqlanmayacağıq ki, Sergey Viktoroviç Lavrov (Rusiya XİN rəhbəri – red.) Qriqor Qriqoryana "böyük diplomatik sağ ol” deyəcək, ya yox? Hərgah bu polkovnik Ermənistana Rusiyanın hərbi havadarlığı haqda məhz Lavrovun Azərbaycana səfəri başlayan gün danışıb. Mühüm olan başqa şeydir. Məsələ ondadır ki, özünün "qorxunc hekayələri” ilə az qala Qreta Tunberqi də kölgədə qoymaq qərarına gələn cənab Qriqoryan bəlkə özü də bilmədən ağzından bəzi maraqlı şeyləri qaçırıb.

Onu da qeyd edək ki, Qriqoryanın müsahibəsi İnternetdə məhz Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Bratislava görüşü ilə bağlı verilən anons ərəfəsində peyda olub. Bəs nazirlər sülh danışıqlarını irəli apara biləcəkmi? Hələlik bu haqda yalnız fərziyə irəli sürmək olar. Bir şeyə şübhə yox ki, danışıqların hər nəticəsiz raundu regionu müharibəyə yaxınlaşdırır.

Elə buradaca Qriqoryan orta statistik obıvateldən daha yaxşı başa düşür: bu gün qüvvələr nisbəti heç də 90-cı illərin əvvəllərindəki kimi deyil. Müsahibədə əlbəttə ki, erməni xalqının "xüsusi genləri” və ya "unikal döyüş ruhu” haqda danışmaq olar. Di gəl, 2016-cı ilin aprel döyüşləri, Qızılqaya-Günnüt əməliyyatları göstərdi ki, bütün bu şifahi konstruksiyalar "döyüş vərəqəsi” üçün yararlıdır, döyüş şəraiti üçün yox. Odur ki, hər cür söz-söhbətə rəğmən, yaxşı olar erməni "zinvorlar” Azərbaycan ordusunun hücumunu saxlamağa cəhd eləməsinlər – xüsusən də üstəlik, Türkiyə ordusu onun köməyinə gələcəksə.

Qalır xarici dəstəyə ümid bəsləmək. Bu yerdə qızdırma, soyuq tər içində hesablamaq lazım gəlir: Ermənistan indi kimin "təsir zonası”ndadır? Kim onun üzərində "nəzarətçi”dir və kim nəsə olarsa, onu müdafiə etməlidir? Ələlxüsus işğalçı siyasətə görə artıq təkcə iqtisadi və demoqrafik anlamda yox, həm də hərbi anlamda İrəvana sarı kim "uçacaq”? Rusiya? Ancaq birdən orada – Rusiyada Njdeyə abidədən tutmuş, 2018-ci ilin yazındakı "maydan”a qədər, Ermənistanın bütün siyasi hoqqabazlıqlarından hansısa qənaətə gəlindi?
Qərbmi kömək edəcək? O Qərb ki, Paşinyanın kabab şoularına baxmayaraq, Ermənistanı yalnızca Rusiyanın forpostu hesab edir? Nəhayət, 100 il öncə, 1-ci Dünya savaşı zamanı da Ermənistana çox vədlər vermişdilər, ancaq vəziyyət həqiqi mənada "qaynar” olanda, heç kim ona köməyə tələsmədi...

Və sanki istehza üçün deyilib, erməni polkovnik öz "dəhşət hekayələri”ni Azərbaycan növbəti hərbi təlimə başladığı vaxtda tirajlamağa başlayıb. Odur ki, İrəvanda düşüncə analitikləri artıq fikirləşməyə bilməzlər: bu halda Azərbaycan ordusu 2 saata İrəvana çata bilər. Üstəlik də bu şəhər 1918-ci ildə Dağlıq Qarabağa iddialardan imtina qarşılığında Ermənistana güzəşt edilib, imtinaya isə əməl edilməyib – nə o vaxt, nə də indi.

Nəzərə alsaq ki, sərhədləri güc yolu ilə dəyişmək istəyənlərin nazı ilə oynamırlar, o zaman Ermənistan üçün həqiqətən də narahat olmalı nəsə var. Və bir də: daxili siyasi korrektələrlə bu problem həll edilməyəcək.

Nurani, siyasi şərhçi,

Oxşar xəbərlər