İranlı Mühacirlər Cəmiyyəti regional “dəyirmi masa”larına yekun vurdu

  • 24 okt 2019, 21:58

Şirvanda ziyarət, çıxışlar, rəylər, mükafatlandırma olub...

"İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi oktyabrın 22-də Şirvandakı tədbiri ilə regional "dəyirmi masa”larına yekun vurub. Energetiklər şəhərində,  Salyan və Neftçala rayonlarında yaşayan iranlı mühacirlərin, onların ailə üzvlərinin, yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbir S.Ə. Şirvani adına Mərkəzi Kitabxananın oxu zalında düzənlənib.

Öncə iştirakçılar Ulu Öndərmiz Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət edib ora tər gül-çiçək dəstələri düzüblər.

Tədbiri Şirvan ŞİH-ni ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Adəm Hüseynov açaraq qonaqları və iştirakçıları salamlayıb. O bildirb ki, İranlı Mühacirlər Cəmiyyəti bütövlükdə ictimaiyyət üçün gərəkli olan bir layihəni həyata keçirməkdədir. "Dəyirmi masa”nın mövzusu-"Azərbaycan Respublikasına olan mühacirətin mərhələri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi” aktualdır, günümüzlə səsləşəndir. Tam əksəriyyəti azərbaycanlılar olan iranlı mühacirlər hər zaman ölkəmizdə özlərini doğmalarının əhatəsində hiss edirlər. Onlar Şirvan şəhərinin həyatında ictmai fəallıqları ilə fərqlənir, rəhbər sahələrdə, quruculuq işlərində etimadı doruldurlar. Layihənin bu kimi faktların geniş təbliğində mühüm rol oynayacağına əminəm”.

İMC sədrinin birinci müavini, əməkdar jurnalist Rəhim Hüseynzadə bildirib ki, bu, rəhbəri olduğu qurumun "Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendesiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Quba və Qazaxdan sonra regionlarda reallaşdırdığı üçüncü "dəyirmi masa”dır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə 2019-cu ilin iyul-noyabr aylarını əhatə edir. 

R. Hüseynzadə vurğulayıb ki, "təşkilatımız 72 ildir Azərbaycan Respublikasında mövcuddur. Onu mühacirətin dünyəvi Azərbaycan modeli adlandırmağımız üçün kifayət qədər əsaslı faktlara və misallara malikik. Dörd il əvvələ qədər ölkə ictimaiyyətinin bu barədə bilgiləri çox səthi idi. Maarifləndirməni qarşıya məqsəd qoyan layihəmiz öz müsbət nəticələrini verməkdədir. Biz bununla respublikada iranlı mühacirlərə və onların ailə üzvlərinə göstərilən bəşəri qayğı barədə ölkə hüdudlarından kənarda da məlumat mübadiləsi edirik. Məqsədimiz həm də bütün sahələrdə on illər boyu insanlarımıza hərtərəfli kömək göstərən dövlətimizə, qardaş və bacılarımıza minətdarlığımızı yetirməkdir”. 

İMC-nin sədri Firidun İbrahimi çıxışında rəhbəri olduğu qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri, strukturu barədə müfəssəl məlumat verdikdən sonra deyib ki, biz baş çəkdiyimiz bütün bölgələrdə təşkilat mənsublarımızın simalarında xoş əhval-ruhiyyəni görmüşük. Çünki respublikamızın hər yerində onlara doğmalar kimi yanaşılır, qayğı və problemlərinin həllinə lazımi kömək göstərilir. Təşkilatımız iranlı mühacirlrə və onların ailə üzvlərinə çoxillik  qayğı ənənələrini davam etdirən rayon və şəhərlərin icra başçılarını fəxri diplomlarla mükafatlandırır. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov da fəxri diploma layiq görülüb. 

F. İbrahimi mükafatın M.Camalova çatdırmasını şöbə müdirindən xahiş edib. 

Layihənin eksperti, "20 Yanvar” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, istefada olan mayor Nizami Rzaşüvari respublikamıza mühacirətin müxtəlif mərhələrinin şərhini verdikdən sonra ölkəmizin sınaqlı məqamlarında bu insanların göstədirdikləri misilsiz şücaətlərdən danışıb: "Mənim atam 20 Yanvarda, bacım Qarabağ cəbhəsində şəhid olub. Bu gün Azərbaycanı sevən, yolunda canını fəda edənlərimiz hər bölgədə, şəhərdə var: "Çünki o, Vətənimiz, biz isə sadiq övladlarıyıq”. 

Tədbirdə Gülağa Mürsəlova İMC-nin Şirvan regional təşkilatının sədri vəsiqəsi təqdim olunub. 

İMC-nin təşkilat şöbəsinin müdiri Murtuza Nizamoğlu ötən əsrin 80-ci illərinin mühacirlərindən biri kimi Azərbaycanda onlara göstərilən qayğını başqa ölkələrlə müqayisəli şəkildə səciyyələndirib. 

Əli Mirzəyev (Şirvan Regional QHT-lərin Rezurs və Təlim Mərkəzi) mühacirətin 4-cü mərhələsinə mənsub bir nəslin nümayəndəsi kimi layihənin onda doğurduğu marağı iştirakçılara çatdırıb. 

"İşıq” qəzetinin baş redaktoru Fəxərəddin Rəhimov, əməkdar müəllim Rafiq Səmədov, tarix – diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva və başqaları da layihə barədə fikir və rəylərini səsləndiriblər. 

Sonda təhsildə, səhiyyədə, istehsalatda, ictimai işlərdə fərqlənən iranlı mühacirlərə və onların övladlarına diplomlar təqdim olunub. 

 


 

 

 


Oxşar xəbərlər