DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik

  • 16 avq 2018, 20:01

Daxili İşlər Nazirliyinin Qərb Regional Mətbuat xidmətinin fəaliyyətində "basməmmədi" xəbərcilik müşahidə olunur. Qərb bölgəsi bir neçə rayonu əhatə etsə də, qurumun regional təmsilçiləri yerli KİV-lərə ayda cəmi bir neçə xəbər hazırlamaqda, göndərməkdə belə çətinlik çəkirlər. Məhsuldarlığın olmaması bir yana, polis leytenantı Eşqin Qasımov tərəfindən e-maillərə gələn press-relizlər, məlumatların tərtibatı olduqca bərbaddır. Hətta, bəzən eshqinqasimov @gmail.com elektron poçt ünvanından göndərilən yazının başqa regional mətbuat xidmətinin hazırladıqları mətnlərlə eynilik təşkil etməsi təəssüf doğurur. Qərb bölgəsinə aidiyyatı olmayan xəbərlərin ancaq "copy" edilərək saytlara "özününkü" olaraq göndərilməsi DİN regional mətbuat xidmətinidə artıq pis vərdişə çevrilib.

"Demokratik.Az" bildirir ki, belə iş üslubu, ictimai maarifləndirmə işində, polis-media-vətəndaş münasibətlərinin qurulmasında kiminsə yarıtmaz fəaliyyəti ölkənin ən nüfuzlu nazirliklərindən olan Daxili İşlər Nazirliyinin xoş imici ilə əsla uzlaşmır. Bununla belə, mətbuat adına - ictimaiyyətlə əlaqələrdə mötəbər bir qurumun informasiya idxalını kimlərinsə özfəaliyyətləri ilə kor qoymaq əsla yolverilməzdir.

Son aylarda DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan aldığımız materiallar qeyri peşəkarlığı, üslubsuzluğu və DİN-in başqa regional mətbuat xidmətlərinin əvvəlcədən yaydığı press-relizlərə təkrarçılığı ilə diqqət çəkir. Əksər hallarda, materialı hazırlayan(lar)ın sanki göndərdiyi mətni özünün yazmaması deyil, hətta bəzən oxumaması gobud ifadələrə və çoxsaylı hərf səhvlərinə də rəvac verir. 

Xatırladaq ki, DİN-in regional mətbuat xidmətləri nazir cənab Ramil Usubovun 17 oktyabr 2017-ci il tarixli müvafiq əmrilə ölkənin 6 bölgəsində yaradılıb. Və nazirliyin mətbuat xidmətinə bilavasitə tabe olan bu nümayəndəliklərin əsas vəzifəsi polis-media-vətəndaş münasibətlərinin daha da yaxınlaşdırılması məqsədi daşıyır. Bunun üçün isə kimlərsə cənab Ramil Usubovun etimadını doğrultmağa, ictimaiyyət nümayəndələrini operativ və dolğun məlumatlarla təmin etməyə, bu məqsədə çiyinlərində gəzdirdikləri paqonun məsuliyyətini anlamağa borcludurlar.

İnanırıq ki, Daxili İşlər Nazirliyi tezliklə Qərb regional mətbuat xidmətinin fəaliyyətinə göz gəzdirəcək, burada əyləşənlərin daha operativ və peşəkar xəbərlər hazırlamalarına nail olacaqlar. Əks təqdirdə, 1 milyonluq bölgədə baş verən kriminal olaylar, təbliğati işlər, mühüm maarifləndirici xəbərlər qələmi və istedadı olmayan şəxslər havayıdan maaş alsın deyə bundan sonra da qaranlığa qərq olacaq. Bizlər bir mətbuat orqanı olaraq bunu istəməzdik.

Hörmətli Daxili İşlər Naziri cənab Ramil Usubov və dəyərli komandası ümid edirik ki, bizi səmimiyyətlə qəbul edəcək. Səsləndirdiyimiz kiçik nöqsanın aradan qaldıracağında yəqin ki, DİN özü maraqlı olacaq.

Demokratik.Az

Oxşar xəbərlər