Ramil Usubova səslənirik! “Yeni mətbuat xidmətinizin qaranlıq “təkzib” üsulu var”?

  • 08 noy 2017, 09:06

Ötən ay – oktyabrın 17-də Azərbaycan Respublikası DİN naziri, general-polkovnik cənab Ramil Usubovun əmrilə ölkəmizin 6 bölgəsində, eləcə də Gəncədə nazirliyin mətbuat xidmətinə bilavasitə tabe olan regional qruplar yaradılıb. Xüsusi sayğı və rəğbət bəslədiyimiz hörmətli nazirimiz cənab Ramil Usubovun müvafiq əmri birmənalı olaraq polis-media münasibətlərinin daha da yaxınlaşdırılması məqsədi daşıyır. Eləcə də, bu addım  dövlətçiliyimizin inkişafında və qorunub saxlanmasında sədaqətilə, özünün nümunəvi və operativ fəaliyyəti ilə seçilən bir nazirin – Cənab Ramil Usubovun olaylara diqqət və qayğısından, mediaya isə xoş münasibətindən xəbər verir. Bu çox təqdirəlayiq haldır. Bu anlamda "Demokratik.Az” olaraq şəxsən cənab Ramil Usubova dərin minnətdarlığımızı bildirir, fəaliyyətlərinə yenicə başlamış regional mətbuat xidməti əməkdaşlarına uğurlar diləyirik. İnanırıq ki, onlar cənab Ramil Usubovun etimadını layiqincə doğruldacaqlar, media-polis münasibətlərində yeni stimul yarada biləcəklər. Çünki bu bir zərurətdir və nazirin əmrilə bir çoxlarının çiyninə yeni paqonla birlikdə düşən məsuliyyətdir.

Bu arada, polis həmkarlarımızın aşağıda qeyd olunanları səmimiyyətlə və anlayışla qarşılayacaqlarına da şübhə etmirik. Beləliklə...  

 

Ötən gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qərb regional qrupundan "Demokratik.Az” saytına maraqlı və qəliz "TƏKZİB” ünvanlanıb. Təkzib saytımızın elektron poçtuna  [email protected] ünvanından daxil olub və həqiqiliyi təkzibin dərcini bizdən tələb edən polis əməkdaşı, polis leytenantı Eşqin Qasımova məxsus (055-204-94-02) mobil telefon nömrəsi ilə əlaqədə təsdiqlənib. Hər bir halda, TƏKZİB saytımızda şərhsiz yayımlanıb. (http://demokratik.az/12917-dn-in-gence-regional-metbuat-xidmetinden-demokratikaz-a-tekzb.html)

Fəqət, DİN-in mətbuat xidmətinin"təkzib”inə səbəb olan yazı  (http://demokratik.az/xeberler/siyaset/12167-elmar-veliyev-dashkeseni-de-oz-vassali-ede-bilecekmi.html) yayımlandıqdan cəmi 2 saat sonra həmin mobil telefondan saytımızın rəhbərinə zəng olunması və yazıda göstərilən faktların araşdırıldığının və təsdiqini tapmadığının diqqətimizə çatdırılması peşə fəaliyyətimizi qaranlığa qərq edib. Maraqlı suallar ortaya çıxıb. Görəsən DİN-in regional mətbuat xidməti belə operativliyə necə nail olub? Hansı üsullarla Daşkəsən polis rəisi barədə deyilən faktlar ətrafında ikicə saata dəqiqləşdirmələr aparıb və iddiaları yalanlayıb? Təkzib niyə təhdid, hədə-qorxu və tövsiyyə janrında hazırlanıb? Bir sözlə, həmin mətnə "təkzib” demək olarmı?

Söhbət nədən gedir? 

İlk öncə DİN-in mətbuat xidmətini təmsil edən jurnalistə xatırladırıq ki, "Kütləvi İnformasiya Vasitələri Haqqında” qanununun 45-ci maddəsində "Təkzib, cavab və düzəliş verilməsi qaydası” öz əksini tapır. Qanunda aydın şəkildə qeyd olunur ki, təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı və həmin kütləvi informasiya vasitəsində yazının nə vaxt və necə dərc olunduğu göstərilir. Təəssüf olsun ki, aldığımız və yayımladığımız 4 cümləlik "təkzib” bizim üçün çox qaranlıq və mücərrəddir.

Beləliklə, təkzibin ilk cümləsindən başlayaq: Sitat: - "Demokratik.Az” saytının 30.10.2017-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Abbasovla bağlı yayılmış iddialar əsassızdır və böhtan xarakterlidir”. Elə ilk cümlədən təkzibdə Daşkəsənin polis rəisi ilə bağlı yaydığımız məhz hansı iddiaların niyə və necə əsassız, böhtan xarakterli olması barədə heç bir izahat verilmir.

"Təkzib”in ikinci və üçüncü cümləsi isə tövsiyyə xarakterlidir; Sitat: - "Xatırladırıq ki, hər hansı bir dövlət orqanı ilə bağlı xəbər paylaşmazdan əvvəl əldə olunan informasiyanı bir neçə mənbədən dəqiqləşdirməli, o cümlədən sözü gedən dövlət qurumlarının mətbuat xidməti ilə əlaqə saxlanılmalıdır. Doğruluğuna əmin olduqdan sonra məlumatlar, yazılar yayımlana bilər”. "Demokratik.Az” tövsiyyəni qəbul edir, qarşı tərəfdən isə fərqli olaraq, DİN-ə müvafiq media əməkdaşlığı təklif edir.

Dördüncü və sonuncu cümlə isə təhdidə bənzəyir; Sitat: - "Saytınızın rəhbərliyi və yazının müəllifi isə qanunvericiliyin və jurnalistlərin peşə etikası qaydalarına zidd davranaraq polis rəisi barədə aşırı böhtan, işgüzar nüfuzunu qəsdən ləkələyən məlumatlar yayıblar ki, belə vəziyyətin özü ciddi məsuliyyət doğurur”. Təkzibin son cümləsində polis rəisinin işgüzar nüfuzu da önə sürülür, daha çox biznesmenlərə xas bir xüsusiyyət həssasslıqla "qorunur”.

Təklif və ya tövsiyyəmiz: Yaxşı olardı ki, tələm-tələsik bu mətndə "təkzib” hazırlamaqdansa, regional mətbuat xidməti Daşkəsən rayon polis rəisinin hansı özəl xüsus və fərqinə görə Xoşbulaqda "İqamətgah”ın kortecinda yaşamasına aydınlıq gətirəydi. Yazıda göstərilən faktları dərindən araşdırıb obyektiv bir qənaətə gələrdi. Yoxsa nə bizə, nə də cənab Ramil Usubovun etimad etdiyi hansısa mətbuat xidməti əməkdaşına yalan xəbər sərgiləmək, hansısa rəisin əməllərini gizlətmək şərəf gətirməz.

Bir daha, DİN-in mətbuat xidməti ilə səmimi əməkdaşlığa hazır olduğumuzu bəyan edirik! Sayqılarla...

 

Demokratik.Az 

Oxşar xəbərlər