Elçibəyin Qurban Məmmədovu baş prokuror təyin etməməsinin sirri

  • 21 iyul 2017, 09:06

Sərdar Cəlaloğlu: "Elçibəy səfir vəzifəsi təklif etdi, dedim ki, bizi ölkədən uzaqlaşdırmaq istəyirsiz”


Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər jurnalist Əvəz Zeynallının "Azadlıq salnaməsi” rubrikasının qonağı olub. İsa Qəmbər 24 il əvvəlki hadisələr barədə suallara cavabında Xalq Cəbhəsi hakimiyyətində baş prokuror təyinatı ilə bağlı da danışıb. İsa Qəmbər bildirib ki, o, İxtiyar Şirinin hüquqi məsələlər üzrə dövlət müşaviri təyin edilməsinin tərəfdarı olub, baş prokuror yox:


"Hesab eləmişəm ki, İxtiyar Şirin dövlət müşaviri kimi öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlir və bu, kifayət edirdi. Mən baş prokuror vəzifəsində daha prinsipial, daha sərt bir adamın olmasını məqsədəuyğun saymışam. Çünki prokuror əlində heç bir qüvvə olmadan dövlətin gücünü özündə təcəssüm etdirən bir şəxs olmalıdır. Baş prokuror vəzifəsinə konkret heç kimi məsləhət görməmişəm. Əbülfəz bəylə söhbətimiz olanda da Əbülfəz bəy ”kimi təklif edirsən, təklif ver, təyin edək" deyəndə, demişəm, mənim namizədim yoxdur, mən bilmirəm, siz prezident kimi baxın hüquqşünaslara, birini seçib təyin edin. Hakimiyyətə gəldiyimiz ilk günlərdə Qurban Məmmədovun baş prokuror təyin edilməsi ilə bağlı ideya var idi və o ideya gerçəkləşmədi. Əbülfəz Elçibəy məsləhət görmədi".


Qurban Məmmədovun qardaşı, ADP sədri Sərdar Cəlaloğlu "Yeni Müsavat”a açıqlamasında bildirib ki, İsa Qəmbər doğru deyir, Qurban Məmmədovun baş prokuror təyinatına Əbülfəz Elçibəy razı olmamışdı: "İsa Qəmbərlə Qurban Məmmədov həddən artıq yaxın idilər. İsa Qəmbər və Pənah Hüseyn Qurbanın da, mənim də hakimiyyətdə yüksək vəzifədə təmsilçiliyimizi istəyirdilər və tələb edirdilər. İsa bəylə həm dostluq əlaqələrimiz var idi, həm də bizim xidmətlərimizi düzgün qiymətləndirirdi, potensialımızdan xəbərdar idi. Amma hakimiyyət təkcə İsa Qəmbərdən ibarət olmadığı, orada müxtəlif qüvvələr hakimyyətdaxili güc formalaşdırdığı üçün İsa bəyin bütün istəkləri asanlıqla həyata keçmirdi.


Təkcə Qurban Məmmədovu yox, mənim özümə də dəfələrlə hakimiyyətdə müxtəlif vəzifələrdə təmsilçilik təklif olunmuşdu. Hələ AXC hakimiyyətə gəlməyə çox az qalmış İsa Qəmbər Naxçıvana gəlmişdi. İsa Qəmbər formalaşacaq hakimiyyət komandasında mənə yüksək vəzifələr-nazir və prezidentin müşaviri postunu təklif eləmişdi. Mən o dövrdə xəstələnmişdim İsa Qəmbər Sülhəddin Əkbərlə birlikdə bizim evə gəlmişdilər. Mən o zaman İsa bəyə öz fikirlərimi bildirdim, hansısa vəzifəni istəmədiyimi dedim. Bir müddət sonra İsa Qəmbər Milli Məclisin sədri oldu və ölkə prezidentinin səlahiyyətlərini icra eləməyə başladı. Bu zaman İsa Qəmbər məni Bakıya dəvət elədi.

Mən gəldim İsa Qəmbərlə prezidentin kabinetində görüşdüm. Yenə də mənə eyni təkliflərini elədi və mən də eyni cavab verdim. Mövqeyimi belə ifadə etdim ki, Xalq Cəbhəsinin nə eləmək istədiyi hələ mənə aydın deyil. Vəzifədən imtina etdikdən sonra İsa bəy mənə təklif etdi ki, Qurban bəylə birlikdə bizim üçün ekspert rolu oynayın, müxtəlif sahələr üzrə hakimiyyətə təkliflər təqdim edin. Sonra isə Əbülfəz Elçibəy Qurban Məmmədova və mənə təklif elədi ki, prezident inspeksiyası vəzifəsini qeyri-rəsmi şəkildə həyata keçirək. Biz də Qurban bəylə rayonları gəzib görüşlər keçirirdik və ayrı-ayrı sahələr üzrə təklif və fikirlərimizi yazıb təqdim edirdik. Biz əslində hakimiyyətə konstruktiv müxalifətdəydik, onun daha da möhkəmlənməsi üçün ona kömək etməyə çalışırdıq.


Sonra prezident Əbülfəz Elçibəy məni yanına çağırdı. Dedi ki, Rusiya, İran, ABŞ və Türkiyəyə səfirlər təyin olunmayıb, bu dövlətlərdən hansına istəyirsən səni səfir təyin edim. Mən də dedim ki, istəyirsən bizim ölkədən xaricə çıxarasınız, lakin bizim sizə müxalifət kimi daha çox köməyimiz dəyə bilər. Qurban Məmmədova isə baş prokurorun müavini vəzifəsini təklif elədilər. İsa bəy düz deyir, Qurban bəyin baş prokuror təyin olunması məsələsi müzakirə ediləndə Elçibəy qarşı çıxıb. Arqumenti isə bu olub ki, Qurban Məmmədov idarəolunmayan xarakterə malik adamdır, kim qarantiya verə bilər ki, sabah bizim komandanın üzvlərinə qarşı da cinayət işi açmayacaq. Çünki Əbülfəz bəy bilirdi ki, komandasında düz olmayan adamlar da var və nöqsanlı fəaliyyətləri mövcuddur".


S.Cəlaloğlu xatırlatdı ki, Qurban Məmmədov Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin təşkilati məsələlər üzrə müavini idi və Elçibəy onun iş prinsipinə bələd idi. Qurban Məmmədov baş prokurorun müavini vəzifəsini qəbul etməyib və Xalq Cəbhəsindən istefa verib. Bir müddət sonra yenidən ona və Qurban Məmmədova başqa vəzifələr təklif edilib:"Qurban bəy razı olmadı. Mən xarici işlər nazirinin təşkilati işlər üzrə müavini vəzifəsində işləməyə razılaşdım. Məni xarici işlər naziri Tofiq Qasımovla Prezident Aparatında tanış elədilər və oradan birlikdə nazirliyə getdik. Tofiq Qasımovun danışıqlarından belə başa düşdüm ki, bu hakimiyyətdə hər bir nazir, hər bir icra başçısı özünü prezident sayır. Tofiq Qasımov prezidentin səfir təyinatlarını qəbul etmirdi. Nazirlikdə yerliçilik söhbətləri ortaya atılmışdı. Beləliklə, gördüm ki, Tofiq Qasımov yerində olmayan bir adamdır, bu cür düşüncəyə malik adamla işləmək mümkün deyil. Ona görə də gəldim Prezident Aparatına və vəzifədən imtina etdim. Bundan sonra həmin vəzifəyə Elçibəyin xalası oğlunu təyin elədilər. Bununla da bizim Elçibəy iqtidarı ilə əməkdaşlığımız başa çatdı”.


Etibar SEYİDAĞA

Oxşar xəbərlər