Vəzifəyə təyinatlarda kadr problemi

  • 28 fev 2017, 08:31

"Kifayət qədər savadlı kadrlarımız var, sadəcə, onlar önə çəkilməlidir”

Azərbaycanda kadr dəyişikliklərinin sürətli aparılmamasının səbəblərindən biri kimi bir çox sahələr üzrə yüksək səviyyəli kadrların olmaması göstərilir. Bu fikirdə olanlar iqtidarın lazımi kadr bazasının formalaşmadığına diqqəti çəkir. Bir çox sahələr üzrə savadlı kadr çatışmazlığı hətta iki il öncə ən yüksək səviyyədə də etiraf edilmişdi. Bütün bunlara rəğmən, hakimiyyət daxilində xeyli vaxtdır bir islahat, kadr yenilənməsi prosesi gedir. Bu proses sürətli olmasa da getməkdə davam edir. Xaricdə təhsil almış, bir neçə əcnəbi dil bilən, nanotexnologiyaların ən son yeniliklərini mənimsəmiş kadrların önə çəkilməsi prezident İlham Əliyevin son zamanlar çıxışlarında da əsas tezislərdən birinə çevrilib. Ola bilsin ki, bu, tam açıq şəkildə ifadə olunmur, amma yarıtmaz məmurların ən sərt tənqidi əslində onların əvəzlənəcəyi anlamına gəlir.

Ekspertlər hesab edir ki, bu prosesin uğurlu nəticələnməsi üçün xaricdə təhsil almış, bir sıra beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstərən gənclərdən ibarət "kadr bankı” yaradılmalıdır. Xüsusilə diplomatiya, iqtisadiyyat, menecment, təhsil və digər sahələrdə ehtiyat kadrlardan istifadə edilməlidir.

Rusiyada və bir çox ölkələrdə iqtidarın "kadr bankı” sayılan xüsusi qurumlar var ki, ayrı-ayrı sahələr üzrə savadlı mütəxəssislər oraya cəlb edilir və dövlət, hökumət vəzifələrinə təyinatlarda həmin kadrlardan istifadə olunur. Azərbaycanda hələ ki bu yoxdur. Bəs nə üçün yaradılmır və buna ehtiyac varmı? Azərbaycanda belə bir "kadr bankı” formalaşdırmaq üçün kifayət qədər savadlı kadrlar varmı?

Siyasi ekspert Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında bildirib ki, dövlətin idarə olunmasında kadr bankı önəmli amildir. Hətta bir sıra ölkələrdə partiyaların öz kadr bankları olur ki, hakimiyyətə gələcəyi halda hansı vəzifələrə kimlər təyin olunacaq. Məsələn, Donald Tramp prezident seçildikdən sonra komandasını təkbaşına formalaşdırmadı, bunda ona Respublikaçılar Partiyası və bir sıra beyin mərkəzləri kömək etdi: "Tramp dövlət katibi vəzifəsinə bir neçə namizədi nəzərdən keçirdi, sonra Reks Tillerson üzərində qərar verdi. Halbuki Tramp kimi Tillerson da heç vaxt dövlət vəzifəsində işləməyib, illər uzunu böyük neft şirkətinin rəhbəri olub. Ancaq onun elə bu təcrübəsi və ayrı-ayrı dövlət liderləri ilə təmasları Tillersonun dövlət katibi təyinatında önəmli rol oynadı. Rusiya prezident Vladimir Putin nə qədər avtoritar üsul-idarəyə üstünlük versə də, o da güclü aparat formalaşdırıb. Boris Yeltsinin prezidentliyi dövründə qısa müddətdə baş nazir olan Sergey Kiriyenko bu gün Prezident Administrasiyasında kadrların seçilməsinə məsuldur. Məhz onun hesabatlarını əlində rəhbər tutan Putin bir həftə ərzində 5-6 bölgənin qubernatorunu dəyişib və yaşlıların yerinə uğurlu karyeraları olan gəncləri irəli sürüb. 
Azərbaycanda da Prezident Administrasiyasında kadrların seçimi ilə bağlı qrupun olduğunu istisna etmirəm. Ancaq həmin qrupun seçiminin heç də hər zaman uğurlu olduğunu düşünmürəm. Əlbəttə, ASAN kimi yaxşı nümunə var ki, onun rəhbəri gənc və enerjilidir, yeni təşəbbüslərlə çıxış edir. Ancaq məsələn, rayonlara təyin olunan icra hakimlərindən şikayət çoxdur. Son zamanlar yaşlı korrupsioner bir neçə nazirin gənc və savadlı kadrlarla əvəzlənməsinin şahidi oluruq. Fikrimcə, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasıyla bu proses sürətlənə bilər. Bəlkə də birinci vitse-prezidentin rəhbərliyi ilə kadr bankının yaradılması mümkündür".
Ekspertin sözlərinə görə, Azərbaycanda kifayət qədər savadlı kadrlar var. Sadəcə olaraq, onlar önə çəkilməli, bu şəxslərin bacarıqlarından, imkanlarından səmərəli istifadə olunmalıdır. Bunun üçün də kadr bankının yaradılması çox zəruridir. 
Etibar SEYİDAĞA

Oxşar xəbərlər