Cəbhədə gərginlik davam edir - MN
- 26 fev 2017, 10:29
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi
pozmaqda davam edir.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə,
cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82
millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin D-44 topundan (1 mərmi) da
istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen, Noyemberyan
rayonunun Voskepar, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Bala Cəfərli, Aşağı
Əskipara, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində
yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd,
Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı
Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy,
Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri
görülüb.