"Lotu Quli"nin yeznəsinin işində olay

  • 24 fev 2017, 21:21
Hazırda həbsxanada cəza çəkən "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun bacısının əri Vidadi Hüseynovun məhkəməsi başlayıb.

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vidadi Hüseynovun anket məlumatları dəqiqləşdirilib. 

Vidadi Hüseynov bildirib ki, ittiham aktını almayıb.

Prokuror Fərid Nağıyev hakim Əfqan Hacıyevin işdən kənarlaşdırılması ilə bağlı vəsatət verib. 

"Vidadi Hüseynovun həyat yoldaşı Leyla Səlifova Nadir Səlifov və Müşfiq Səlifovun bacısıdır. Hansı ki, Nadir Səlifov və qeyrilərinin Cinayət Məcəlləsinin 182.3.1 və digər maddələri ilə məhkum edilmələrinə dair cinayət iş i üzrə Ağır Cinayətlərə Diar İşlər üzrə məhkəmədə işə baxılıb və məhkəmənin 7 oktyabr 2005-ci il tarixli hökmü ilə həmin şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Həmin şəxslər barəsində verilən apelyasiya şikayətlərinin sürətindən, habelə apelyasiya məhkəməsinin 31 iyul 2006-cı il tarixli qərarından görünür ki, Nadir və Müşfiq Səlifovların müdafiəçiləri Kamandar Nəsibov və Əfqan Hacıyev də olub. Qeyd edilənlərdən göründüyü kimi, bir neçə məhkəmə instansiyasında Vidadi Hüseynovun qayınlarının müdafiəsini həyata keçirmiş Əfqan Hacıyevə hazırkı iş üzrə sədrlik həvalə edilib. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Hakim Əfqan Hacıyevin bu iş üzrə maraqlı olmasını sübut edən dəlillər mövcuddur. Bunlara əsas olaraq hakimə etiraz edirik" - deyə prokuror vəsatətini əsaslandırarkən qeyd edib. 

Əfqan Hacıyev bildirib ki, vaxtı ilə Müşfiq və Nadir Səlifov qardaşlarının müdafiəçisi olub: "Mənim marağım yoxdur, ittiham tərəfi belə hesab edirsə, o zaman etiraz təmin edilsin".

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov etirazın əsassız olduğunu bildirib. O, etirazın təmin edilməməsini istəyib. 

Hakim Fikrət Qəribov etirazı təmin edib və yeni hakim təyin olunana kimi prosesdə fasilə elan olunub. 

Məhkəmə qeyri-müəyyən günə qədər təxirə düşüb. 

Qeyd edək ki, Vidadi Hüseynov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilib. Bakı da Sabunçu qəsəbəsində Vidadi Hüseynovun üzərinə baxış keçirilərkən ondan 12 qram heroin aşkarlanıb.  

Bu iş üzrə ilk öncə cinayət işi Sabunçu rayon Məhkəməsində baxılıb. O zaman Vidadi Hüseynov barəsində cinayət məcəlləsinin 234.1 maddəsi ilə ittiham verilib. Lakin məhkəmə dövründə prokuror protest verərək cinayət işinin istintaqa qaytarılmasını tələb edib. Məhkəmədə bunu təmin edib. Vidadi Hüseynov işi daha da ağırlaşdırılaraq ona Cinayət Məcəlləsinin 234.4.3 ( külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham verilib.
 
Demokratik.Az
Oxşar xəbərlər