Qanuna əli çatmayan qadınlar köməksiz vəziyyətdə öldürülüb

  • 24 fev 2017, 16:06

Məişət zorakılığı bütün dünyada geniş yayılmış bir hadisədir. Zorakılıq həm qurbana, həm də bütöv cəmiyyətə ciddi təsir edir. Odur ki, məişət zorakılığı qadınlara qarşı ayrı-seçkiliyin bir növüdür. Zorakılığa məruz qalmış qadın səhhətində və ya psixikasında yaranmış problemləri istər istəməz ailəsinə, övladlarına keçirir. Bu isə gələcək nəslin sağlam yetişmənəsinə gətirib çıxarır.

Azərbaycan 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul etməklə, üzərinə məişət zorakılığına qarşı mübarizə aparmaq öhdəliyi götürüb.  Amma qanunun tam şəkildə icra olunmaması və qurbanların müdafiəsi istiqamətində yeni addımların atılmaması nəticəsində ailələrdə qadına qarşı yönəlmiş zorakılıq halları artdı.

Müxtəlif beynəlxalq sənədlərdə məişət zorakılığının qarşısının alınması sahəsində Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklər və onların icrası xüsusilə qeyd edilir. Belə ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinin Azərbaycanın 5-ci Hesabatı ilə bağlı Yekun Tövsiyələrində Azərbaycan hökumətinə təxirəsalmadan məişət zorakılığı ilə mübarizədə Milli  Fəaliyyət Planı qəbul etməsinə və  Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyasına (qısalmış adı: İstanbul Konvensiyası) qoşulmasına dair çağırış edib.

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2013-cü ildə qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı 1803 olub.  2014-cü ildə qadınlara qarşı zorakılıqla bağlı 2114, 2015-ci ildə 2248 cinayət qeydə alınıb. Ümumiyyətlə, statistikanın təhlili göstərir ki, xüsusən 2013-cü ildən başlayaraq, qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayında artım müşahidə edilir. 2016-cı ilə gəldikdə isə təkcə ilin sonunda mətbuatda qadına qarşı zorakılıqla bağlı onlarla fakt qeydə alındı. Öldürülən qadınların çoxu ana olub. Qətllərin tədqiqi onu göstərir ki, qadınlar əsasən qısqanclıq zəminində öldürülüb. Onlar sağlığında ailəsə təhdidlərlə üzləşiblər. Qanuna əli çatmayan qadınlar köməksiz vəziyyətdə öldürülüb.

Onlar içərisində ən dəhşətlisi isə 31 oktyabr 2016-cı il tarixdə Qəbələ rayonunda baş verdi. 25 yaşlı, hamilə və 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı əri tərəfindən qəddarlıqla qətlə yetirildi. 2016-cı ilin səhifələrinə başqa bir qorxunc qadın cinayəti Sabirabad rayonunun Balakənd kəndində yazılıb. Qətlə yetirilən 32 yaşlı Şəmsiyyə bir neçə il öncə ərindən ayrılıb və ata evinə qayıdıb. Bir müddətdən sonra qardaşı Məhəmməd Hüseynov bacısı barəsində xoşagəlməz sözlər eşidib və onu öldürmək qərarına gəlib. Öldürülən qadının iki azyaşlı övladı yetim qalıb.

Ötən il Azərbaycanda qadınlara qarşı 2221 zorakılıq faktı qeydə alınıb. Trend-in xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rabil Süleymanzadə bildirib. Onun sözlərinə görə, həmin cinayətlərin 821-i qadınlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib. Komitə rəsmisinin sözlərinə görə, ötən il qadınları fahişəliyə cəlb etmə ilə bağlı 39 fakt qeyd alınıb. 2016-cı ildə qadınlar arasında 176 intihar hadisəsi baş verib.

R.Süleymanzadənin sözlərinə görə, ötən il yetkinlik yaşına çatmayanlara qarşı 553 cinayət hadisəsi törədilib. Onlardan ailə-məişət zəminində 3 fakt, cinsi toxunulmazlıq əleyhinə 190 fakt olub. Keçən il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 576 cinayət hadisəsi törədilib. Onlardan 80-i ağır və ya xüsusilə ağır, 405-i az ağır, 91-i böyük ictimai təhlükə törətməyən cinayət faktı olub.

Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova Bizimyol.info-ya açıqlamasında bildirdi ki, qadınlara qarşı zorakılığın səbəbləri arasında savadsızlıq, dini aspekt, kasıblıq və adət-ənənələr var: "Ancaq ölkədə hər hansı problemi həll etmədən öncə onu araşdırılması vacibdir. Araşdırmalar nəticələrində bilinəcək ki, bu gün zorakılığın qurbanına daha çox kimlər məruz qalır, onların yaşı, təhsili nədir. Digər səbəblər də araşdırma nəticəsində bilinəcək ki, hansı sahədə boşluqlar var. Bəlkə qanunda? Ya da adətlərimiz qadına qarşı zorakılığın artmasına gətirib çıxarır? İndiyə kimi müxtəlif qeyri- hökümət təşkilatları kiçik araşdırmalar aparıb. Amma dərin analizli hesabatlar olmayıb. Ona görə də hər təşkilat, dövlət qurumu və ya QHT öz gördüyü səbəbləri göstərir. Bu səbəblər isə müraciət edənlərin şikayətləri əsasında qurulur. Zorakılığın olması, onun artması məlum olduqdan sonra strategiya, plan qurulmalıdır və problemə qarşı mübarizə aparılmalıdır. İndiki mübarizə daha çox qanunsuz bazara bənzəyir. Biri bir küncdə iş görür, o biri küncdə 10 nəfər ayrı iş. Burda isə disbalans yaranır və problem əksinə, azalmaqdansa çoxalır”.

M.Əzizova deyir ki, QHT-lər maarifləndirmədə daha çox maraqlıdırlar. Ancaq hüquqi, psixoloji işin araşdırılmasında maraqlı deyillər: "Eləcə də qanunvericiliyin analizində və bu sahədə təkliflərin verilməsin də. Mübarizə qeyri-peşəkar aparıldığına, maraq olmadığına görə bu gün zorakılıq faktları yüksək səviyyədədir. Vəziyyət artıq təhlükəlidir. Ona görə də ciddi addımlar atılmalıdır. Məsələn, qanunvericiliyin sərtləşdirilməsi, günahkarların məcburi reabilitasiyadan keçməsi, zorakılıq əlaməti olan ailələrdən uşalqarın izolyasiya edilməsi, qadınlar üçün reabilitasiya mərkəzlərinin çoxaldılması və s. Bu gün mən sizə bircə dənə də olsun nümunə göstərə bilmərəm ki, ölkədə zorakılığa qarşı hansı formada mübarizə gedir. Qadın zorakılığa məruz qalsa, əlində bir vasitə yoxdur ki, mübarizə etsin. Qanun, sığınacaq, reabilitasiya? Necə müdafiə olunsun? 2-3 QHT-nin vasitəsindən başqa heç bir formada mümkan deyil”.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım (QTSPHY) İB-nin rəhbəri Zenfira Mustafayeva mətbuata açıqlamasında bildirib ki, 2016-cı il boyunca qadinlara qarşi məişət zəminində 422 cinayət faktı qeydə alınıb. Nəticədə 361 sağlamlığına yüngül ziyan vurma hadisəsi baş verib. Səkkiz qadın öldürülüb. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25 qadının sağlamlığına az ağır zərbə vurulub. Son ilin 6 ayı ərzində 6 qadın öldürülüb. Səbəblər ailələrin psixoloji vəziyyəti, sosial problemlər, iqtisadi durum, erkən nikahlar, zərərli vərdişlər, kənar müdaxilələr və sairdir.

Onun sözlərinə görə, Məişət Zorakılığı Haqda qanun 2010-cu ildə qəbul edilsə də, bu, qanunvericiliyin təbliği yerlərdə yetərincə aparılmır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yerlərdə Məişət Zorakılığı üzrə Monitorinq Qrupu yaradıb.

"Təəssüf ki, icmalardan heç kim orada təmsil olunmayıb. Problemli ailələr haqda məlumatı əslində təhsildə psixoloqlar, sinif rəhbərləri, məktəb direktorları daha tez verə bilər. Bu ailələr risq qrupuna aiddirlər. Sahə müvəkkilləri, bağça əməkdaşları və s. məlumatlı olmalıdır”.

Aysel İsgəndərli

Oxşar xəbərlər