Saxta diplomlarda deputatın imzası var...
Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının 600-dən çox tələbə və məzununun taleyi hələ də qaranlıq qalır
Onların özü və valideynləri Təhsil Nazirliyindən tutmuş, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinədək çox yerə şikayət etsələr də, hələ ki, problemləri çözülməyib.
Filialda
araşdırmalar zamanı bu təhsil ocağına qanunsuz yolla qəbul və saxta diplomların
verilmə halları aşkarlanıb. Hətta təhsil naziri Mikayıl Cabbarov da açıq şəkildə
demişdi ki, "Müəllimlər İnstitutunun Gəncə filialında tələbələrə saxta
diplom verilib”.
Saxta diplomlarda deputat imzası
Gəncə
filialı bağlanarkən, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə
Naxçıvanlı idi. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin
sədri olan deputat sözügedən filialdakı qanunsuzluqlardan xəbərsiz olduğunu desə
də, məzunlara verilən, amma saxta olduğu iddia edilən diplomlarda onun imzası
var.
Filialın direktoru Ramiz Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Onun işinə
hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Ramiz Məmmədov həbs edilməsə
də, onun haqqında istintaq və məhkəmə dövründə başqa yerə getməməklə bağlı
iltizam qətimkan tədbiri seçilib. Övladını ali məktəbə yerləşdirmək üçün
onlardan pul alındığını iddia edən valideynlər ya pullarının qaytarılmasını, ya
da onun həbsini istəyirlər. Onlar məhkəmədə də bu tələbi səsləndiriblər.
"Mənə möhtərəm bir adam zəng elədi…”
Zərərçəkən İdris Əliyev deyib ki, övladının ali məktəbə yerləşdirilməsindən
ötrü Ramiz Məmmədova 16 min manat verib və bu pul indiyədək qaytarılmayıb:
Xədicə İsmayıl növbəti dəfə hakimiyyəti məyus etdi
"Mənə
16 min manat ziyan dəyib. Uzun müddətdir pulumu tələb edirəm. Xoşluqla
qaytarmırsa, istəyirəm həbs olunsun. Çünki bu adam heç nəyə məhəl qoymur”.
Ramiz Məmmədov bu şəxsdən pul almadığını söyləyir: "Özü yaxşı bilir ki,
pulu kimə verib. O, birinci dəfə mənim yanıma səhvən gəlmişdi. Mən ona başa
saldım ki, instituta bu şəkildə adam düzəltmirlər. Mənə möhtərəm bir adam zəng
elədi.
Mən də nazirə müraciət etdim. Sonra baş verənlərlə əlaqəm yoxdur. Mən kimdən
pul almışamsa, qaytarmışam. Bu adam mənə şər atır”.
Zərərçəkənlərdən Mahir Həsənov deyir ki, ona 11 min 250 manat ziyan dəyib,
istintaq dövründə Ramiz Məmmədov 4 min manat qaytarıb, 7 min 250 manat hələ də
qalıb.
Ramiz Məmmədov bu zərərçəkənin də yalan danışdığını söyləyib: "Seyid adamsan,
düz danış. Bilirəm də sən kimsən, onu-bunu şərləməklə məşğulsan”.
"Kişi kimi düzünü desələr, məni yandırmaz”
Bu işə Zabil Qasımovun sədrlik elədiyi hakimlər kollegiyası baxır. Məhkəmə
yarım ilə yaxındır ki, davam edir.
Hakim Ramiz Məmmədova xatırladıb ki, istintaq zərərçəkənlərə dəymiş toplam
ziyanı 922 min 660 manat müəyyənləşdirib və Gəncə filialının bağlanmasından
sonra 600-dən çox tələbənin taleyinin suallı qaldığını da bildirib.
"Sizə 6 ayadək vaxt vermişik ki, bu ziyanı ödəyəsiniz. Zərərçəkmişlər
hamısı Təhsil Nazirliyinə gediblər, sizdən şikayətçidirlər. Ümumilikdə 650 nəfər
şikayətçi var”, – hakim belə deyib.
Cavabında Ramiz Məmmədov bildirib ki, heç bir günahı yoxdur və o, sadəcə,
icraçı olub: "Kişi kimi sözün düzünü desələr, məni yandırmaz. Yalan
danışırlar, böhtan atırlar”.
Ramiz Məmmədovun həbsi üçün zərərçəkənlərin verdiyi vəsatətə məhkəmənin
fevralın 17-də keçiriləcək növbəti iclasında baxılacaq.
"Siz də o vaxta qədər düşünün, zərəri ödəyin, çünki biz vəsatəti müzakirə
edib, qərar verməliyik”, – hakimin Ramiz Məmmədova tövsiyəsi belə
olub.(azadliq.org)