Narkobaron müğənni həbs olundu-Lənkəranda
- 11 fev 2017, 17:48
Regional xüsusi xidmət orqanlarının axtardığı iri narkotik
tacir Lənkəran rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış
tədbirləri nəticəsində ələ keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Lənkəran
rayon Polis İdarəsindən məlumat verilib. Saxlanılan şəxs 1979-cu il təvəllüdlü
Məmmədov Elnur Ağa oğludur.
O, əməliyyatçılar tərəfindən opium qəbul edərkən yaxalanıb. Məmmədovun
saxlanılmasına səbəb yanvar ayında 2 kiloqram opiumun saxlanılması ilə bağlı
aparılan araşdırma olub. Yanvarın 22-də Lənkəran RPİ-nin əməliyyatçıları iri
partiya narkotik maddə ələ keçiriblər: 2 kq 100 q opium və 100 qr metamfetamin
(amfetamindən hazırlanmış kristal məhsul). Reyd zamanı Lənkəran şəhər sakini,
1981-ci il təvəllüdlü Məmmədov Aqşin Aslan oğlu saxlanılıb.
Əməliyyatçılar Aqşin Məmmədovu avtomobillə Bakıya gələrkən yaxalayıblar.
Axtarış zamanı Məmmədovun üzərindən 2 kq 100 qr opium və 100 qr metamfetamin
(amfetamindən hazırlanmış kristal məhsul) tapılaraq götürülüb. Məmmədov etiraf
edib ki, şəhərdə opiumu 10 min manata, metamfetamini isə 5 min manata satmağa
hazırlaşırmış. İlkin istintaq zamanı saxlanılan şəxs bildirib ki, narkotiki Rza
adlı İran vətəndaşından alıb.
Məmmədovun sözlərinə görə, o, iranlıya 10 min manat verib ki, ona gül üçün
dekorativ qablar göndərsin. Amma Rza gül qabı almayıb. "Gül qabları
yoxdur, pul xərclənib, amma əvəzində opium var, onu Bakıda sataraq böyük pul əldə
edə bilərsən" — iranlı Məmmədova bildirib. Məsələni beləcə həll ediblər. Məmmədov
Rzadan opium və metamfetamin alıb və sərhəddən rahat keçirib. Amma Bakı yolunda
onu asayiş keşikçiləri yaxalayıblar. Aqşin Məmmədovun telefon danışıqları
araşdırılarkən xüsusi xidmət orqanlarının əməkdaşları opium sifarişçisi Elnur Məmmədovun
izinə düşüblər. "O iri narkobarondur. Uzun müddətdir regionun xüsusi xidmətləri
onu axtarırdılar. O, çox ustalıqla özünün cinayət fəaliyyətlərini gizlədib.
Burada hamı Məmmədovu yerli toylarda mahnı oxuyan müğənni kimi tanıyır. İndi o,
oxuya bilməyəcək, çünki həbsxanada buna görə pul vermirlər. Amma rəqs etməyi
öyrənmək lazımdır” – polis ironiya ilə deyib.
Lənkəran RPİ-dən verilən məlumata görə, bu gün sözügedən şəxslərlə əlbir olan
bütün cinayətkar dəstə, sifarişçilər və icraçılar saxlanılıb.
Demokratik.Az