Cavid Qurbanovun xanım kadrı meydan sulayır

  • 22 fev 2017, 14:08

Məhəmməd Bağırovu əvəzləyən Elmira Şükürovanın "köhnə hamam, köhnə tas "prinsipi"

...6 aprel 2015-ci ildə Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri Elmira Şükürova tutduğu vəzifədən Kəlbəcər rayonuna eyni vəzifəyə təyinat almışdı. Həmin təyinata qədər az qala milyonluq maxinasiyalarla "Ginnes”in rekordlar kitabına düşməkdə olan Kəlbəcər təhsil şöbəsində yeni nəfəsin-yeni xanım müdirənin hər şeyi tezliklə dəyişəcəyi ümidləri doğmuşdu. Ancaq, deyəsən doğulub böyüməyə haqqı olan təhsil ümidlərini kəlbəcərlilərə çox görənlər oldu. Bir az da səmimi olub yazsaq, elə indiki xanım təhsil müdirinin özü ona olan bütün ümidləri havayı etdi. 

17 il eyniadlı vəzifəni Ağdamda icra edən xanım Şükürova maddi yeyinti, ciddi nöqsanlar, təhsil şöbəsinin "qohumluq biznesi”nə çevrilməsi kimi faktları bu ünvanda da təkrarladı. Ona arxa-dayaq funksiyasına sarılan Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədovdan tutmuş, rayonun ən mötəbər rəsmiləri də olacağa boyun əyməklə, Cavid Qurbanovun xanım kadrına "yaşıl işıq” yandırdılar. Hazırda da "yandırırlar”.

Hələ illər öncə Kəlbəcər təhsilində baş verənlər ölkənin diqqət mərkəzinə gətiriləndə, deputat Cavid Qurbanovun açıq savaş apardığı təhsil müdiri Məhəmməd Bağırovu kimin əvəzləyəcəyi sualı öz cavabını tapmışdı. Vaxtilə rayona başçılıq etmiş Əvəz Şükürova hörmətdən və cənab Cavid Qurbanova qohumluqdan doğan xanım namizədin varlığı isə diqqətdən qaçmamışdı.

Hər kəs bilir ki, təhsil sahəsində mövcud olan iri çirkli pullar həmişə iriçaplı məmurların maraq dairəsində olub və hətta M.Bağırov-C.Qurbanov qarşıdurmasının mühüm səbəbinin bu olması versiyası da qaçılmazlardan idi. Bu barədə hətta hazırda həbsdə olan sabiq təhsil müdiri aşkar danışmaqdan çəkinmirdi. Xatırlayırsınızsa, Cavid Qurbanovun əmisi oğlu Aqil Məmmədov icra başçısı olan kimi, ilk işi yığıncaqlarda təhsil müdirini "baltalamaq”, sonradan  hətta M. Bağırovun fəaliyyətini kompleks yoxlatdıraraq, təhsil şöbəsindəki 6 milyonluq yeyintini qabartmaq olmuşdu. Maraqlı idi ki, kimsə Bağırovun milyonluq yeyintisində cinayətkar elan olunmadı, özündən başqa. Nə Kəlbəcər Maliyyə şöbəsinin rəsmiləri, nə öncəki icra başçısı Vidadi Məhərrəmov, nə baş mühasib (hal-hazırda da çalışır-red) nə elə o zaman başçının müavini işləmiş Aqil Məmmədov. Sonda məlum olmuşdu ki, sən demə Məhəmməd Bağırovun maxinasiyalarını heç kəs "hiss" etməyib, milyonlarla manatın acı taleyi hamı üçün "qaranlıq” olub. Məktəb direktorlarının maxinasiyalara imza atmaları da ki, məcburiyyətdən törədilib.

Məlumatlara əsasən deyə bilərik ki, hazırda təhsil şöbəsində "köhnə hamam-köhnə tas” prinsipi işləyir. Təhsil şöbəsinin nəzdində elə məktəblər var ki, yalnız formal xarakterli fəaliyyəti ilə diqqət çəkir. Hətta, elə məktəblər mövcuddur ki, müəllim sayı uşaq sayından bir neçə dəfə artıqdır. Uşaqların dərsə davamiyyəti, tədrisin keyfiyyəti bütün məktəblərdə aşağı səviyyədədir. Məktəblərin çoxunun yerli məktəblərdə yerləşdirilməsi isə bütövlükdə təhsil şöbəsinə hər il küllü miqdarda vəsait hesabına ayrılan invertarlaşdırmanı müəmmalı edir. Dərs vəsaitləri ilə təminatda da problemlər yetərincədir.

"Demokratik.Az”-a konkret bu durumda olan məktəblər barədə siyahı təqdim olunsa da, dəqiqləşdirmə apardığımızdan siyahını növbəti yazımızda ictimailəşdirib, daha müfəssəl məlumatlarla birlikdə təqdim etməyi düşünürük. Hələlik onu deyək ki, Cavid Qurbanovun sayqılı kadrı kimi tanınmış Elmira Şükürovanın idarəçiliyində köhnə qaydalara rast gəlinir. (daha ətraflı növbəti yazımızda)

 

"Demokratik.Az”

Oxşar xəbərlər