İŞİD-in azərbaycanlı döyüşçülərinin şikayəti təmin olunmayıb

  • 06 fev 2017, 10:59
Bakı Apellyasiya Məhkəməsində İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı, partlayıcı maddələrlə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan vətəndaşları - E.Əzizov, N.Quliyev, R.Bədəlov, İ.Əzizov, B.Şirinov, E.Mirzəbəyov və Ə.Şamxalov şübhəli şəxs qismində tutulublar.

Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Həmin şəxslər Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunublar. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əzizov 14 il, N.Quliyev 11 il 6 ay, İ.Əzizov 14 il, B.Şirinov 13 il 6 ay, Ə.Şamxalov 2 il 6 ay, E.Mirzəbəyov 7 il, R.Bədəlov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Demokratik.Az
Oxşar xəbərlər