
Xəbər verdiyimiz kimi,
prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənova iki yeni müavin təyin edilib. 2
fevral 2017-ci il tarixli sərəncamla bu vəzifəyə Niyazi Süleyman oğlu Rəhimov və
Ramin Səlim oğlu Babayev gətirilib.
AzVision.az-ın məlumatına görə,
prezidentin vəzifə verdiyi Ramin Səlim oğlu Babayev Azərbaycanın Xalq artisti,
millət vəkili Zeynəb Xanlarovanın oğludur.
Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumatı təsdiqləyib.
Bildirilib ki, Ramin Babayev bu təyinata qədər Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə
çalışıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət
Akkreditasiya Xidməti ölkə prezidentinin 2012-cil aprelin 4-də imzaladığı fərman
əsasında yaradılıb.
Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə
BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1996-cı ilin
noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə
Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində
çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq,
2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının
pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi
alıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq
əlaqələr idarəsinin prokuroru işləyib.
Anar Kəlbiyev
|