"Əli Abbasov gəlməsə, danışmayacağam"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, şahidlərin haqqında məcburi gətirilmə barədə qərar olsa da, onlar məhkəməyə gəlməyiblər.
Buna görə iclas fevralın 8-dək təxirə salınıb. V. Zeynalov isə deyib ki, Əli
Abbasov gəlib ifadə verməyənə kimi o danışmayacaq.
Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon
Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci
illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat
Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3
nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru
Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub
yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və
sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək
pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin
nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B.
Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə
saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq
müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən
internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi
zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda
guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və
işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə
adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində
vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə
ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək
nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə
qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam
yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların,
xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və
xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə
olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında
rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı
hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini
və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC,
"AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət
"Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və
israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı
faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və
"Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2
(külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və
313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin
baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə
və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin
məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə
179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində
məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. (Apa)