Terror planlaşdıran dəstə məhv edildi – Azərbaycan təhdid altında

  • 02 fev 2017, 09:16

Bir gündə daha 4 terrorçu öldürüldü; son 5 ayda respublikada əməliyyatlar zamanı 9 terrorçunun həyatına son qoyulub 

 

 

Azərbaycanda terror aktları törətməyə hazırlaşan şəxslər zərərsizləşdirilib. Əməliyyatı Dövlət Təhlükəsizlik Xidməti (DTX) həyata keçirib. 

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib. 


Təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları - "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah” ləqəbli S. Məmmədovun tutulması üçün bu il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M. Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Bu əməliyyatdan 5 gün əvvəl - yanvanın 26-da DTX-nin Yasamal rayonu ərazisində həyata keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşı Ocaqov Ceyhun İslam oğlu məhv edilmişdi. 2016-cı il dekabrın əvvəlində DTX-nin həyata keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir terrorçu məhv edilib. Rəsmi məlumata görə, 1978-cı il təvəllüdlü Azərbaycan  vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. 

DTX-nin digər əməliyyatı isə 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində həyata keçirilib. Yayılan rəsmi məlumatda bildirilirdi ki,  terrorçu təşkilat tabeliyində "camaatın əmiri” kimi fəaliyyət göstərərək, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında DTX tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub. 

Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun Düztahiroba kəndində tərki-silah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb, silahlı müqavimət göstərilib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib. 

Ötən il oktyabrın 26-da isə DTX-nin Qaradağ rayonu, Ələt qəsəbəsində həyata keçirdiyi əməliyyat zamanı "Ömər” ləqəbli A.Quliyev zərərsizləşdirilib. Həmin gün terrorçuluqda şübhəli bilinən 21 yaşlı A.Quliyevin hərəkətdə olan Bakı-İstanbul avtobusunda olmasını müəyyən edilmişdi. Əməliyyatçılar A.Quliyevi və digər iki şəxsi - F.Rüstəmova və A.Gülməmmədova avtobusdan endirmək istəyərkən "Ömər” üzərində olan əl qumbarasını partlatmaqla müqavimət göstərməyə çalışmışdı. 

Həmin vaxt özü də daxil olmaqla, yanında olan digər iki şəxsdən biri öldürülmüş, digəri isə yaralı şəkildə ələ keçirilmişdi.

Qeyd edək ki, DTX rəisi, general-leytenant Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımların atıldığını deyib. Xidmət rəisi qeyd edib ki, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var.

"Yaxın Şərqdə gedən proseslərin təhdidləri var. Lakin prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər”- deyə general-leytenant bildirib.

DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirildiyini vurğulayıb: "Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşdılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik”.

DTX-nin keçirdiyi əməliyyatla bağlı fikirlərini açıqlayan xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Arzu Nağıyev isə demişdi ki, terrorçuların zərərsizləşdirilməsi ilə müşayiət olunan əməliyyatlar Rusiya xüsusi xidmət orqanlarının bu sahədə praktikasının öyrənilməsi və metodlarının tətbiqinin nəticəsidir. 


"Ən yaxşı metod Rusiya xüsusi xidmət orqanlarının tətbiq etdiyi metoddur - yerindəcə məhv etmə. Onsuz da terrorçuların haradan maliyyələşməsi, idarə olunması bəllidir. Terrorçunu tutub uzun-uzadı məhkəmə araşdırmaları aparmağın əhəmiyyəti qalmayıb. Terrorçunun məhv edilməsi praktikası daha düzgün taktikadır” - deyə ekspert bildirmişdi.

Son aylarda terror şəbəkələrinə bağlı şəxslərə qarşı intensiv tədbirlərin həyata keçirilməsi alqışlanan addımdır, eyni zamanda ehtimal ki, onların aktivləşməsi, hansısa xoşagəlməz planlar hazırlaması barədə də dövlət qurumlarına siqnallar daxil olub. Əks təqdirdə, onlar  əməliyyat zamanı silahli müqavimət göstərməyə meylli olmazlar. Çünki sonda qətlə yetirilmə ehtimallarını anlamamış deyillər. Görünən budur ki, onlar hansısa planlarının ifşa edildiyini bildikləri üçün terrorçulara xas olan "sağ ələ keçməmək üçün sonadək vuruşmaq” taktikasına əl atırlar.     

E.MƏMMƏDƏLİYEV
Oxşar xəbərlər