Apelyasiya Məhkəməsindən 5 məcburi köçkünə qərar

  • 27 yan 2017, 09:06

Biləsuvardakı insidentə görə tutulanların şikayəti təmin olunmayıb; iş Avropa Məhkəməsinə qədər uzana bilər

 


Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirdikləri aksiyadan bir ay ötdü. Qəsəbədəki problemlər tam aradan qalxsa da, aksiya ilə bağlı həbs edilən və barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilən 5 nəfər- Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov məhbəsdədirlər.

Saxlanılan şəxslər barəsindəki məhkəmə qərarından apelyasiya şikayəti verilsə də, instansiya qurumu ilk qərarı qüvvədə saxlayıb. İndi isə Ali Məhkəməyə müraciət olunacaq. Bu məhkəmə qurumu da qərarı dəyişməsə, Avropa Məhkəməsinə müraciət olunacaq. 
Bu barədə "Yeni Müsavat”a cəbrayıllı məcburi köçkün, keçmiş vicdan məhbusu Məhəmməd Məcidli məlumat verdi: "Verilən şikayətlərin heç biri indiyə qədər təmin olunmayıb. Onların ”ev dustaqlığı"na buraxılmaları barədə Cəbrayıl Rayon Məhkəməsində iddia ərizəsi qaldırılsa da, bu da təmin olunmadı. Növbəti mərhələdə Ali Məhkəməyə, arxasınca da Avropa Məhkəməsinə müraciət barədə fikirləşirik. Həbs edilənlərin ailələri hər gün mənimlə əlaqə saxlayırlar. Hazırda hər şey qaydasındadır. Rayon rəhbərliyi bu şəxslərin ailələri ilə əlaqə saxlamır. Təcridxanada da ümumi vəziyyətləri normaldır. 

Artıq qəbul ediblər ki, siyasi sifarişlə həbs ediliblər. Ona kökləniblər ki, Cəbrayıl məhkəməsinin onlara hökm oxuması qaçılmazdır. Həftədə bir dəfə telefon danışmaq hüquqları var və bundan istifadə edib, ailələri ilə danışırlar. Onların hüquqları ilə bağlı indiyə qədər komitə yaratmalı idik, sadəcə, ayın 14-də hamının toplanması mümkün olmadı. Amma tədbirimizi keçirdik. Qarşıdakı günlərdə komitəni elan edəcəyik. 

Biz istəyirik ki, həbs edilən hər kəsin ailəsi iştirak etsin. Qanunla onlara ailələri ilə görüş həbsdən bir ay sonra verilir. İndi sənədləri hazırlayıb göndərəcəyik. Cəlalın yalnız vəkili var, Elçin Sadıqovdur. Elçin bəyin digərlərinin də vəkili olmağına qanun icazə vermir. Ona görə dövlət tərəfindən tutulmuş vəkillər guya onların hüquqlarını qoruyurlar. İndiyə qədər onların əleyhinə fəaliyyət göstəriblər. Növbəti mərhələlərdə yeni vəkillər qoşulacaq. Çox güman ki, Fariz Namazlı vəkil kimi işə qoşulacaq".

Cavanşir ABBASLI

Oxşar xəbərlər