İlham Əliyev yoxsulluğu necə ləğv edibsə, deputat da dolana bilmir

  • 20 noy 2016, 12:33

Şahvələd Çobanoğlu

Bahalı neftin təntənəli uzaq illəri bir yana qalsın, 2016-cı ilin yazında İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində bəyan etmişdi ki, Azərbaycanda yoxsulluğun səviyyəsi son 12 ildə 50 faizdən 5 faizə enib.

Həmin çıxışdan sitat: "Son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək…

Azərbaycanın oxşar problemdən əziyyət çəkən ölkələrə yardım edəcəkmi, etməyəcəkmi, amma öz deputatlarına da yardım etməlidir. Çünki bu günlərdə çoxstajlı Milli Məclis üzvü Vahid Əhmədov dolana bilmədiyindən şikayətlənib.  Bildirib ki, 2 min 200 manat maaş alır və hazırkı vəziyyətdə bununla dolanmaq çətindir: "Gəlirlərimlə xərcimi həmişə hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər problemlərimi həll edə bilim. Deputat maaşı ilə dolana bilmirəm ".

Bunu eşidən hər kəs deputata təəccüb edib, hətta qəzəblənənlər də var. Mövzu sosial şəbəkələrin əsas müzakirələrindən birinə çevrilib. Vətəndaşlar deyir ki, bəs bu xalq neyləsin, 220 manat alanlar, onu da ala bilməyənlər neyləsin.

Suallar haqlıdır. Amma işin bir başqa tərəfi də var. 2200 manat bizə çoxdur, yəni taleyini ümidinə buraxılmış, sərvətlərinin talan olunmasına qıraqdan tamaşa edən bir xalqa çoxdur.

Özlüyündə 2200 manat 1200 dollar ətrafında bir puldur ki, bir çox ölkələrdə təqaüdçülər bu qədər pensiya alır. Vahid Əhmədovun da sözünü qəribliyə salmayaq. Sadəcə, bu adam özü bilməli idi ki, yürütdükləri, müdafiə etdikləri, qarşı çıxmadıqları siyasət elə buna da gətirib çıxarmalı idi.

Azərbaycanda yoxsulluğun səviyyəsinin 5 faizə enməsi barədə ilk bəyanatlar veriləndə Böyük Britaniyada bu göstərici 19 faiz idi. Belə çıxırdı ki, orada yoxsulların səviyyəsi buradakından 4 dəfə çoxdur. Bu, faizlə nisbətdir. Bunu əhalinin sayları fərqinə çevirsək, belə alınırd ki, Azərbaycanda 475 min nəfər yoxsul varsa, İngiltərədə 11 milyon 590 min nəfər yoxsuldur. Müqayisəni davam etdirsək, YAP-çıların da gülməyi tutar.

Saxta statistik göstəricilər zamanında gözəl görünə və səslənə bilərdi. İndi eniş başlayanda onlarla nə etməyi heç kim bacarmaz. Ona görə də, tragikomik durumlar ortaya çıxır və ölkədə rəsmən yoxsulların sayı 5 faizdən az olmağına baxmayaraq, orta əmək haqqından  dəfələrlə çox – 2200 manat maaş alan deputat da dolana bilmədiyini etiraf edir.

Yalançı statistikalar onu quraşdıranlara da kömək edə bilməz.

Yüksək saxta göstəricilər aşağı həyat göstəricilərinin tərsidir, sadəcə!

Oxşar xəbərlər