Sabiq MTN şefi “Akula Akif”in arvadını necə polkovnik edib?

  • 18 noy 2016, 19:32

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin və əməkdaşlarının cinayət əməlləri barədə hər gün yeni sensasiyalı xəbərlər ortaya çıxır.


Yeni məlumatda isə sabiq nazir Eldar Mahmudovun dövlətin ən strateji qurumunu necə səriştəsiz şəkildə, heç bir məsuliyyət hiss etmədən idarə etdiyinin növbəti bariz nümunəsi əks olunur.


Hazırda Fransada mühacir həyatı yaşayan sabiq MTN əməkdaşı redaksiyamıza göndərdiyi məlumatda nazirliyin Tibb İdarəsində baş verən hərc-mərcliyi və o cür strateji qurumun kimlərə əmanət edildiyini yazır.


Məlumatda bildirilir ki, sabiq nazir Eldar Mahmudovun MTN-in Hərbi-tibb Baş İdarəsini qanunsuz əməllərində "sağ əli” saydığı və ən yaxın adamlardan hesab olunan "Akula” ləqəbli Akif Mustafayevə peşkəş çəkib. Belə ki, məlumata görə, Mahmudov Tibb İdarəsini rəsmən Akula Akifin ixtiyarına verib. Bildirilir ki, E.Mahmudov yaxın adamının həyat yoldaşını MTN-in Tibb İdarəsinə uşaq həkimi təyin edib. Təyinatda qəribə heç nə olmazdı. Əgər Xədicə Mustafayeva adlı bu həkimin ixtisası uşaq həkimliyi olsaydı. Mənbə deyir ki, uşaq həkimi olmayan X.Mustafayeva məhz "Akula Akif”in həyat yoldaşı olduğu üçün nazirliyin Tibb İdarəsinə uşaq həkimi təyin edilib. Özbaşınalıq isə bununla yekunlaşmayıb. Təyinatdan çox az müddət sonra uşaq həkimi olmadığı halda nazirlikdə uşaq həkimi işləyən bu xanıma polkovnik rütbəsi verilib.

 


 

 

Eyni idarənin sabiq əməkdaşı ölkədən çıxdıqdan sonra yazır: "İdarənin işçilərinin əksəriyyəti Xədicə Mustafayevanı tanımırdı. O, həftədə bir dəfə nahara kimi 2-3 saatlıq işə gəlir və Tibb İdarəsinin rəisi Məzahir Yaqubovun otağında çay içib çıxıb gedirdi. Ümumiyyətlə, tibb idarəsində yüksək rütbəli "ölü can”ların - yəni adi ştat cədvəlində olan, lakin özü heç vaxt işə gəlməyən onlarla şəxs var idi”.


Mənbənin qeydlərindən belə məlum olur ki, nazirliyin Tibb İdarəsinə təyinatlarda qurumun rəhbərindən daha çox, uşaq həkimi X.Mustafayevanın sözü keçirmiş. Təbii ki, ərinin nazir Eldar Mahmudovla yaxın dostluq münasibətlərinə görə. Buna görə də nazirlikdə və həmin idarədə hər kəs X.Mustafayevadan çəkinirmiş.

 

Qeyd edək ki, "Akula Akif” Akif Çovdarovla birlikdə MTN-in cinayət əməllərində ən çox adı hallanan şəxslərdən biridir. O, MTN-nin rəsmi əməkdaşı olmayıb. Lakin Eldar Mahmudova çox yaxın şəxs olub. Onlarla biznesmenin MTN-in toruna salınmasında bilavasitə iştirak edib. A.Mustafayevin sabiq MTN rəhbərinin xaricdəki bizneslərini də idarə etdiyi bildirilir. Ötənlərdə İspaniya polisi tərəfindən saxlanılan A.Mustafayev məhkəməyə çıxarılsa da, sonradan azadlığa buraxılmışdı.


Ali Alpər

Oxşar xəbərlər